Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin

nümayəndə heyəti Abu-Dabidə keçirilən

Qlobal Polis Simpoziumunda iştirak edir

 

Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi şəhərində Qlobal Polis Simpoziumu keçirilir. Abu-Dabi PolisininLos Anceles Əyaləti Şerifinin Departamentinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun rəhbərliyi ilə nümayəndə heyəti iştirak edir.

 

FHN-dən AzərTAc-a bildirmişlər ki, simpoziumda cinayətkarlığa qarşı mübarizə, sabitliyə nail olunması, bu sahədə qanunların icrasının təmin edilməsi üçün ölkələrin hüquq-mühafizə orqanları əməkdaşlarının səylərinin birləşdirilməsi, eləcə də baş verə biləcək irimiqyaslı fövqəladə hallara qarşı yerli və beynəlxalq səviyyədə qabaqlayıcı tədbirlərin həyata keçirilməsi məsələləri müzakirə olunacaqdır.

Müxtəlif ölkələrin aidiyyəti dövlət orqanlarının rəhbər şəxslərinin iştirak etdiyi simpoziumda fövqəladə hallar naziri Kəmaləddin Heydərov çıxış etmiş, son illər Azərbaycanın yerli və beynəlxalq səviyyədə təbii və texnogen xarakterli fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində həyata keçirdiyi tədbirlər barədə məlumat vermiş, fəlakətlərlə mübarizədə beynəlxalq əməkdaşlığın rolundan danışmışdır.

 

Azərbaycan.- 2011.- 6 dekabr.- S.7.