Senator MakKeyn: ABŞ müttəfiqlik münasibətlərini Azərbaycan kimi etibarlı tərəfdaşlarla qurmalıdır

 

Dekabrın 6-da Vaşiqntonda "Azerbaijan America Alliance" - "Azərbaycan Amerika İttifaqı" (AAİ) yeni qeyri-hökumət təşkilatının təqdimat mərasimi keçirilmişdir.

Təqdimat mərasimində ABŞ Konqresi və hökumət dairələrinin nümayəndələri, Vaşinqtonda fəaliyyət göstərən diplomatik korpusun təmsilçiləri, Amerikanın azərbaycanlı icmasının fəalları, eləcə də bölgəmiz üzrə nüfuzlu tədqiqat və təhlil mərkəzlərinin üzvləri iştirak etmişlər.

AAİ-nin təsisçisi Anar Məmmədov qonaqları salamlayaraq bildirmişdir ki, təşkilat ABŞ-da Azərbaycanın tanıdılması və iki ölkə arasında uzunmüddətli tərəfdaşlıq münasibətlərinin möhkəmləndirilməsini qarşısına məqsəd qoymuşdur. Bunun üçün qurum Birləşmiş Ştatların hökumət dairələri, qeyri-hökumət və təhsil sektoru, eləcə də mədəni ocaqları ilə aparaq Azərbaycan-Amerika dostluğunun inkişaf etməsi üçün yeni yollar axtaracaqdır.

Təqdimat mərasiminə ABŞ Senatı və Nümayəndələr Palatasının üzvləri, o cümlədən ötən prezident seçkilərində Respublikaçılar Partiyasının namizədi, Arizona ştatından qocaman senator Con MakKeyn, Cənubi Karolina ştatından konqresmen Co Uilson, İllinoys ştatının təmsilçisi konqresmen Rəndi Hultqren, kaliforniyalı konqresmen Dana Rorabaker, Florida ştatının Nümayəndələr Palatasındakı üzvü xanım Korin Braun və digər amerikalı qanunvericilər qatılmışdılar.

Senator MakKeyn bildirmişdir ki, hər gün dəyişən beynəlxalq səhnədə ABŞ müttəfiqlər axtarışında olmalıdır. Bu müttəfiqlik münasibətləri Azərbaycan kimi etibarlı tərəfdaşlarla qurulmalıdır. O demişdir: "Ölkələrimiz arasında münasibətlər olduqca vacibdirbiz birgə çalışaraq əlaqələrimizi ümumi məqsəd və maraqlarımız üzərində qurmaqda davam etməliyik". Cənab MakKeyn qeyd etmişdir ki, Xəzər hövzəsinin qaz ehtiyatlarını Türkiyədən keçməklə Avropaya daşıyacaq kəmərin inşa edilməsi ABŞ-ın maraqlarına cavab verir. O, Konqresdəki bütün həmkarları adından Birləşmiş Ştatlar ilə dostluğuna görə Azərbaycana minnətdarlığını bildirmişdir.

 

Şəfəq Akifqızı,

AzərTAc-ın xüsusi müxbiri

 

Vaşinqton

 

Azərbaycan.- 2011.- 8 dekabr.- S. 1.