Nazirlər Kabineti yeni qərarlar qəbul etmişdir

 

 Nazirlər Kabineti yeni qərarlar qəbul etmişdir.

"Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli fərmanının 1-ci hissəsinin icrasını təmin etmək məqsədi ilə Nazirlər Kabineti "Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları"nın və "Elektron xidmət növlərinin Siyahısı"nın təsdiq edilməsi haqqında" qərar qəbul etmişdir.

 Qərar noyabrın 24-dən - imzalandığı gündən qüvvəyə minmişdir.

Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 20 iyul tarixli  sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında 2011-ci ilin "Turizm ili" elan edilməsi ilə bağlı Tədbirlər Planı"nın 19-cu hissəsinin icrasını təmin etmək məqsədi ilə Nazirlər Kabineti "Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Turizm İnstitutunun nəzdində Bakı Turizm Peşə Məktəbinin yaradılması haqqında" qərar qəbul etmişdir.

"Mərkəzi icra hakimiyyəti orqanlarının Nümunəvi Strukturu"nun təsdiq edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarına və "Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin strukturunun və işçilərinin say həddinin təsdiq edilməsi haqqında" 2007-ci il 14 may tarixli sərəncamına əlavələr və dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 11 noyabr tarixli fərmanının 39.4-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Nazirlər Kabineti "Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"nın təsdiq edilməsi haqqında" qərar qəbul etmişdir.

Hər iki qərar dekabrın 6-dan - imzalandığı gündən qüvvəyə minmişdir.

Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 24 iyun tarixli  fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi haqqında Əsasnamə"nin 16-cı hissəsinə uyğun olaraq, Dövlət Statistika Komitəsinin təklifini nəzərə alaraq Nazirlər Kabineti "Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin kollegiyasının tərkibi haqqında" özünün 2007-ci il 16 aprel tarixli qərarında dəyişiklik edilməsi haqqında qərar qəbul etmişdir.

Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 30 sentyabr tarixli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyi haqqında Əsasnamə"nin 12-1-ci hissəsinə uyğun olaraq,  Müəllif Hüquqları Agentliyinin  Maliyyə Nazirliyi  Əmlak Məsələləri Dövlət Komitəsi ilə razılaşdırılmış təklifini nəzərə alaraq Nazirlər Kabineti "Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinin tabeliyində Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzinin yaradılması haqqında" qərar qəbul etmişdir.

"Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturunun təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2010-cu il  27 dekabr tarixli sərəncamının 2.2-ci bəndinə əsasən və Təhsil Nazirliyinin təklifini nəzərə alaraq Nazirlər Kabineti "Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"nın təsdiq edilməsi haqqında" özünün 2011-ci il 15 iyul tarixli qərarında dəyişikliklər edilməsi barədə qərar qəbul etmişdir.

Hər üç qərar dekabrın 7-dən - imzalandığı gündən qüvvəyə minmişdir.

Nazirlər Kabinetinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, bu qərarların tam mətni ilə Nazirlər Kabinetinin www.cabmin.gov.az ünvanlı internet saytında və Azərbaycan Respublikasının Qanunvericilik Toplusunda, həmçinin AzərTAc-ın www.azertag.com internet resursunda tanış olmaq mümkündür.

 

Azərbaycan.- 2011.- 9 dekabr.- S. 1.