Cenevrədə BMT-yə üzv dövlətlərin nazirlər səviyyəsində keçirilən hökumətlərarası tədbirində Azərbaycanın qaçqın və məcburi köçkün problemindən geniş söhbət açılmışdır

 

 Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti dekabrın 7-8-də BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (BMT QAK) tərəfindən təşkil edilmiş BMT-yə üzv dövlətlərin nazirlər səviyyəsində hökumətlərarası tədbirində iştirak etmək məqsədilə Cenevrədə səfərdə olmuşdur.

AzərTAc xəbər verir ki, Azərbaycan nümayəndə heyətinin rəhbəri Əli Həsənov dekabrın 7-də BMT-nin Cenevrə bölməsinin baş qərargahında "Qaçqınların statusu haqqında" 1951-ci il Konvensiyasının 60, "Vətəndaşsızlıq hallarının azaldılması haqqında" 1961-ci il Konvensiyasının 50-ci ildönümünə həsr olunmuş BMT-yə üzv dövlətlərin nazirlər səviyyəsində hökumətlərarası tədbirdə çıxış etmişdir.

Azərbaycanın da qoşulduğu BMT-nin Qaçqınların statusuna dair 1951-ci il və Vətəndaşsızlıqla bağlı 1961-ci il konvensiyalarının əhəmiyyətindən danışan Əli Həsənov diqqəti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə və onun ağır nəticələrinə yönəldərək demişdir ki, ölkəmizə qarşı hərbi təcavüz nəticəsində torpaqlarımızın 20 faizi işğal edilmişbir milyondan çox insan qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür.

Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə bərqərar olmuş siyasi sabitliyin, uğurlu iqtisadi islahatların qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılmasına imkan verdiyini xüsusi vurğulayan Baş nazirin müavini, eyni zamanda, bu qəbildən olan insanlar üçün dövlətimiz tərəfindən həyata keçirilmiş layihə və proqramlar barədə ətraflı məlumat vermişdir. Əli Həsənov demişdir ki, ölkəmizdə vətəndaşsızlıq hallarının aradan qaldırılması, sığınacaq axtaran şəxslərin problemlərinin həlli və miqrasiya prosesləri barədə qanunnormativ aktlar qəbul edilmiş və onların icrası üçün zəruri tədbirlər həyata keçirilir. Ermənistandan silah gücünə qovulmuş 250 min nəfər azərbaycanlı qaçqına Azərbaycan vətəndaşlığı verilmişdir.

Qaçqınlar və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması üçün görülən tədbirlərdən danışan Əli Həsənov bildirmişdir ki, ölkədə mövcud olan 12 çadır düşərgəsi 2007-ci ildə ləğv edilmiş, Dövlət Neft Fondundan ayrılmış vəsait hesabına yeni salınmış 70 müasir qəsəbəyə 21 min 600 ailə, 107 min nəfərdən çox qaçqın və məcburi köçkün köçürülmüşdür. Qaçqınlar və məcburi köçkünlər arasında yoxsulluq səviyyəsi 74 faizdən 18 faizədək azalmışdır.

Ali Komissar Antonio Quterreş ölkəmizdə səfərdə olarkən görülmüş bütün bu işlərin şahidi olmuşdur. Qaçqın və sığınacaq axtaran şəxslərlə yanaşı, məcburi köçkünlərə göstərdiyi yüksək diqqətə görə Ali Komissara səmimi minnətdarlığımızı bildiririk.

Bütün bunlara baxmayaraq, bu gün 400 min məcburi köçkün hələ də müvəqqəti məskunlaşma yerlərində ağır şəraitdə yaşayır. Buna görə də donor ölkələrin, beynəlxalq təşkilatların bu sahədə fəaliyyətinə ehtiyac duyulur.

Baş nazirin müavini Azərbaycan Hökumətinin üzərinə götürdüyü öhdəlikləri bəyan etmiş, respublikamızın BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı ilə əlaqələrin inkişaf etdirilməsinə sadiq olduğunu bildirmişbir sıra təkliflər irəli sürmüşdür.

Baş nazirin müavini demişdir ki, Azərbaycan dövləti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq prinsiplərinin əsasında nizamlanması üçün əlindən gələni edir. Təəssüf ki, Ermənistan, əksinə, xalqlarımız arasında inam yaratmaq əvəzinə ədavəti qızışdırmağa, bölgədə nifrət hissinin kök salmasına səy göstərir. Azərbaycanın işğal altında olan 20 faiz ərazisində infrastruktur tamamilə dağıdılmışdır və 1949-cu il Cenevrə Konvensiyasının tələblərinə zidd olaraq milliyyətcə erməni olan mülki əhali kənardan gətirilərək bu ərazilərə yerləşdirilir. Tərkibində BMT QAK-ın nümayəndələrinin də iştirak etdiyi ATƏT-in Minsk qrupunun həmsədrlərinin Səhra Qiymətləndirmə Missiyası 2010-cu ilin oktyabrında Azərbaycanın ayrılmaz tərkib hissəsi olan işğal altındakı Dağlıq Qarabağa və ətraf 7 rayona səfər zamanı bu cür halların bir daha şahidi olmuşdur.

Hesab edirik ki, bu vəziyyət bütövlükdə region üçün çox təhlükəlidir. Ona görə də münaqişənin həlli ilə uzun müddət məşğul olan beynəlxalq qurumlar, dünyanın aparıcı dövlətləri Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsinə, regionda sülhün və ədalətin bərpasına nail olmalıdırlar.

Azərbaycan Hökuməti BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı ilə əməkdaşlığını qarşıdakı illərdə də davam etdirəcəkdir.

 

* * *

 

Müxtəlif ölkələrdən 800 nümayəndənin qatıldığı tədbirdə BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Antonio Quterreş, ABŞ-ın dövlət katibi Hillari Klinton, BMT-yə üzv dövlətlərin nazirləri və digər nümayəndə heyətlərinin rəhbərləri də çıxış etmişlər.

 

Azərbaycan.- 2011.- 9 dekabr.- S.  2.