Daş altındakı... insan

 

 İllər öncə Daşaltıda olmuşam, Daşaltını görmüşəm, Daşaltıdan keçmişəm, Cıdır düzündən baxıb uzaqdakı Kirs dağını, yaxınlıqdakı Daşaltını görmüşəm, amma min təəssüf ki, işğal altındakı başqa kəndlərimiz, şəhərlərimiz kimi faciələrə beşik olan, Daşaltı adlanan bu kənddə bir daşa dönüb qalmaq üçün başqaları kimi mənim də nə haqqım oldu, nə imkanım... Qanlı-qadalı o illərdə bu haqqı qazanan oğullarsa az olmadı. Onlar ilk şəhidlər, ilk əsgərlərdi. Onlar hələ Şuşa getməmişdən, Ağdam, Kəlbəcər, Füzuli, Cəbrayıl işğal olunmamışdan əvvəl vətənin hər qarışından ötrü qurban getməyi bacaran, torpağına, yurduna fəda olan qəhrəmanlardır.

Bu nağıla, əfsanəyə çevrilən qəhrəmanlar arasında  Riad Əhmədovun ayrıca yeri, heç kimə bənzəməyən bir taleyi var. Azərbaycanın Milli Qəhrəmanı polkovnik-leytenant Riad Əhmədov 1992-ci ilin  yanvarın 25-də Şuşa yaxınlığındakı Daşaltı kəndi ətrafında gedən döyüşlərdə əsl qəhrəmanlıq nümunəsi göstərərək bir daha geri qayıtmadı. Xəyanət nəticəsində mühasirəyə düşmələrinə baxmayaraq Riad və silahdaşları fədakarlıqla döyüşüb düşmənə ağır zərbələr vurdular. Yaralı Riad rabitə yaradaraq döyüş haqqında məlumatı hərbi hissəyə, müvafiq təşkilatlara çatdıra bildi. Sonra əlaqə kəsildi...

İndiyə kimi onun barəsində bundan başqa bir məlumat yoxdur. O, indinin özündə də Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının siyahısında itkin düşmüş hesab olunur.

İndiyə kimi onu anası, bacısı, həyat yoldaşı və doyunca ata üzü görməyən qızları gözləyir.

Oxucuların yaxşı tanıdığı şair Mahir Cavadlının vətənpərvərlik  mövzularında köklənən digər kitabları kimi bu yaxınlarda nəşr olunan "Riad" poeması da, sözsüz, qəhrəmanın həyat yoluna işıq salmaqla gənclərin milli vətənpərvərlik ruhunda tərbiyəsində də əhəmiyyətli rol oynayacaq. Kitaba yazdığı ön sözdə xalq şairi Fikrət Qoca deyir: "Zaman keçdi. Qarabağ getdi. Əlbətt ki, Riad Qarabağsız geri qayıtmazdı. Riad xalqın o əfsanəvi qəhrəmanlarındandır ki, onlar əbədiyaşardırlar. Onlar xalqın ümidi kimi ölməzdirlər. Hər dəfə bu xalqın uğrunda döyüşə gedənlər özlərindən irəlidə düşmənin üzərinə şığıyan Riadı görəcəklər. Riadbaşqa milli qəhrəmanlarımız haqqında yazılıb. Bu kitab da o yazılanlardandır. Hələ çox əsərlər, dastanlar yaradılacaq".

Qəhrəmanlar həmişə öz xalqlarının tarixində ən çətin, ən ağır vaxtlarda meydana çıxırlar. Öz şərəfli işlərini, qeyri-adi missiyalarını yerinə yetirdikdən sonra çox vaxt gəldikləri kimi də çəkilib harasa gedirlər. Riad Əhmədov da bu taleyi şərəflə daşıyan qəhrəmanlardandır. İndi o, yanımızda yoxdur, amma özündən sonra fəxrlə "Riad" adını qürurla daşıyan yüzlərlə əsgər doğulub. Ölkəmizdə "Riad" adlı ünvanlar da az deyil.  İndi  "Riad" adlı gəmi də var, dünyanı dolanır. Amma nə qədər gəzsə də, dolansa da həmişə geriyə - Vətənə, yurda can atır.

Bir də əsirlikdə qalan yurd yerlərimizdə - Şuşada, Daşaltıda - daş altında Riad adlı bir igid yatır. İllərdir bir daha döyüşün, döyüşə gedəcəyi günün həsrətindədir və bir gün Vətən uğrunda savaşlardan sonra qələbə ilə anasının, bacısının, sevdiyi xanımının və qızlarının yanına qayıdacağı günü gözləyir. Biz də gözləyirik. Bacısı Mehriban Əhmədovanın qardaş həsrətli bəstələri də həm oxunur, həm gözləyir.

Mahir Cavadlının "Riad" adlı kitabını oxuyub Şuşanı, Daşaltını, bütün Qarabağı gördüm. Sizoxuyun, sizo yerləri birgörün.

Daş altındakı - Daşaltıdakı qəhrəman, hardasan?

 

 Bəxtiyar QARACA,

 

Azərbaycan.- 2011.- 9 dekabr.- S.  7.