Abşeron səhiyyəsinin tarixi və nailiyyətləri

 

 Kənd təsərrüfatı  rayonu kimi tanınmış Abşeron eyni zamanda ərazisinə və ümumi inkişafına görə Bakıətrafı yaşayış məntəqələri sırasında birinciliyini qoruyub saxlayır. Abşeron rayonunun 1963-cü ildə inzibati ərazi vahidi kimi yaranmasında məqsəd Bakı və Sumqayıt şəhər əhalisini kənd təsərrüfatı məhsulları ilə təmin etmək olub. Mərkəzi Xırdalan şəhəri olan Abşeronun əhalisi bu gün 200 min nəfərdən çoxdur.

Rayonun tarixi, coğrafiyası və səhiyyəsindən bəhs edən "Abşeron səhiyyəsi dünən, bu gün" adlı çapdan buraxılan  yeni nəşrdə rayonun sosial-iqtisadi və mədəni inkişafından  ümumi şəkildə söz açılır, dövlət qayğısının nəticələrinə nəzər yetirilir. Abşeron rayon poliklinikasının baş həkimi Nəriman Baxşəliyevin toplayıb tərtib etdiyi yeni nəşrin digərlərindən fərqi müəllifin bu sahənin mütəxəssisi olmasıdır. XIV əsrin yadigarı olan Xırdalana Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 29 noyabr 2006-cı il tarixli sərəncamı ilə şəhər statusu verilməsi  xırdalanlılara  göstərilən səhiyyə xidmətində əsaslı dönüş oldu.

Yeni nəşrdə rayon ərazisində fəaliyyət göstərən səhiyyə müəssisələrinin, tibb ocaqlarının tarixi keçmişi xatırladılır, bugünkü vəziyyətindən zəngin faktlar göstərilir. Xırdalan şəhərinin ölkənin sürətli sosial-iqtisadi və mədəni inkişafını özündə əks etdirməsi də xüsusi olaraq qeyd edilir. 2007-ci ilin Abşeronda "Səhiyyə ili" elan edilməsi bu sahənin problemlərinin həllinə səbəb olub. Bu gün rayonun əksər yaşayış məntəqələrində yeni həkim ambulatoriyalarının fəaliyyət göstərməsi də məhz həmin inkişafın bir göstəricisidir. Uzun illər qəza vəziyyətində olmuş Uşaq infeksion xəstəxanasının 80 çarpayılıq çoxprofilli Mərkəzi Xəstəxanaya çevrilməsi, 2006-2008-ci illər ərzində burada çalışan tibb işçilərindən 6-na "Əməkdar həkim" fəxri adının verilməsi, həmçinin iki həkimin "Tərəqqi" medalı ilə təltif olunması əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılmasına səbəb olan amillərdən hesab edilir. Kitabda  rayon səhiyyəsinin qarşısında duran mühüm vəzifələr, həllini gözləyən problemlər də unudulmayıb.

 

 Məhəmməd NƏRİMANOĞLU,

Azərbaycan.-2011.-10 dekabr.-S.8.