Buxarestdə ümummilli lider Heydər Əliyevin

xatirəsi ehtiramla yad edilmişdir

 

 

Dekabrın 12-də Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatının səkkizinci ildönümü ilə əlaqədar Buxarestin mərkəzindəki Heydər Əliyev xiyabanında Azərbaycanın Rumıniyadakı səfirliyi tərəfindən anma mərasimi keçirilmişdir.

Mərasimdə Heydər Əliyev Fondunun Rumıniya nümayəndəliyinin, Rumıniya-Azərbaycan Dostluq Cəmiyyətinin, Rumıniya-Azərbaycan Sənaye və Ticarət Palatasının, Rumıniya-Azərbaycan Mədəniyyət və Gənclər Assosiasiyasının İdarə Heyətinin üzvləri, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Rumıniya nümayəndəliyinin əməkdaşları, "Paul Polidor" adına Fondunun, türk-tatar icmasının təmsilçiləri, Heydər Əliyev adına təqaüdə layiq görülmüş tələbələr və bu ölkədə yaşayan azərbaycanlılar, jurnalistlər iştirak etmişlər.

İştirakçılar əvvəlcə ulu öndər Heydər Əliyevin xatirəsini bir dəqiqəlik sükutla yad etmiş, ümummilli liderin büstü önünə əklillər qoymuşlar.

Sonra diplomatik nümayəndəliyimizdə davam etmiş tədbirdə səfir Eldar Həsənov görkəmli siyasi xadim Heydər Əliyevin şanlı həyat yolu və fəaliyyəti, onun Azərbaycanın müstəqilliyinin bərpa olunmasında, demokratik, hüquqi, dünyəvi dövlət quruculuğunda, ölkəmizdə sabitliyin bərqərar edilməsində, Rumıniya ilə dostluqsiyasi tərəfdaşlıq əlaqələrinin yaradılmasındakı əvəzsiz xidmətlərindən bəhs etmişdir.

Digər çıxış edənlər də ölkəmizin bu gün əldə etdiyi bütün nailiyyətlərin məhz Heydər Əliyevin strategiyasının uğurla həyata keçirilməsinin və uzaqgörən siyasətinin nəticəsi olduğunu vurğulamışlar.

Qonaqlar səfirlikdə təşkil edilmiş fotosərgi ilə tanış olmuş, ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinə dair "Dünyaya pəncərə" sənədli filmə baxmışlar.

 

AzərTAc

Azərbaycan.-2011.-13 dekabr.-S.7.