Düşənbədə ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən

 bəhs edən «Azərbaycanın yeni tarixində dərin iz qoyan insan»

 kitabı rus və ingilis dillərində nəşr olunmuşdur

 

 

Azərbaycanın Tacikistandakı səfirliyinin dəstəyi ilə ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən "Azərbaycanın yeni tarixində dərin iz qoyan insan" kitabı rusingilis dillərində çap olunmuşdur.

Kitabın təqdimat mərasimində Tacikistanın Xarici İşlər Nazirliyinin, Düşənbədə akkreditə olunmuş səfirlik və beynəlxalq təşkilatların əməkdaşları, Azərbaycan diasporunın fəalları, elm, mədəniyyət xadimləri, ziyalılar və kütləvi informasiya vasitələri nümayəndələri iştirak etmişlər.

Azərbaycanın Tacikistandakı müvəqqəti işlər vəkili İlham Zamanov Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin keçdiyi çətin və şərəfli həyat yolu və fəaliyyəti haqqında geniş məlumat vermiş, ulu öndərin dövlətçiliyimizin inkişafı və möhkəmləndirilməsində müstəsna xidmətlərindən söhbət açmışdır. O demişdir ki, Heydər Əliyev sözün əsl mənasında Azərbaycanın yeni tarixini yazmışdır və bu böyük siyasətçini müasir Azərbaycan dövlətinin memarı və qurucusu adlandıranlar heç də səhv etmirlər.

Tədbirdə çıxış edənlər Heydər Əliyevi dünya şöhrətli siyasətçi kimi xarakterizə etmiş, onu fenomen şəxsiyyət adlandırmışlar.

Bildirilmişdir ki, kitab Tacikistanın Xarici İşlər Nazirliyi və digər dövlət qurumları, səfirlik və beynəlxalq təşkilatlar, ziyalılar, Azərbaycan diasporunun üzvləri, KİV nümayəndələri arasında yayılmışdır.

Sonda ulu öndər haqqında sənədli film nümayiş etdirilmişdir.

 

 

Qulu KƏNGƏRLİ,

AzərTAc-ın xüsusi müxbiri

Düşənbə

Azərbaycan.-2011.-13 dekabr.-S.5.