Milli Məclisdə qəbul

 

 Dekabrın 12-də Milli Məclisin Sədri Oqtay Əsədov Rusiya Federasiyası Dağıstan Respublikası Milli Şurasının Sədri Məhəmməd-Sultan Məhəmmədovun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Görüşdə qeyd edildi ki, Dağıstan nümayəndə heyəti  Azərbaycan xalqının ümummilli lideri, görkəmli dövlət xadimi Heydər Əliyevin vəfatının 8-ci ildönümü münasibəti ilə ölkə paytaxtına gəlmiş, Fəxri xiyabanda ulu öndərin məzarını ziyarət edərək öz ehtiramını bildirmişdir.

Milli Məclisin Sədri ulu öndər haqqında söylədiyi xoş sözlərə görə Dağıstan parlamentinin başçısına öz minnətdarlığını bildirmişdir. Qeyd edilmişdir ki, Azərbaycan rəhbərliyi Rusiya Federasiyasının subyektləri, o cümlədən Dağıstanla əlaqələrin inkişafına böyük əhəmiyyət verir. Xalqlarımız arasındakı tarixi və mənəvi yaxınlıq münasibətlərimizin daha da dərinləşməsini zəruri edir. Parlamentlər səviyyəsində münasibətlərimizin inkişafı həyatın digər sahələrində də  əməkdaşlığın  möhkəmlənməsinə xidmət edir.

Qəbul üçün minnətdarlığını bildirən Məhəmməd-Sultan Məhəmmədov Azərbaycanın qısa zaman kəsiyində əldə etdiyi uğurları yüksək dəyərləndirərək Dağıstanın gələcəkdə də Azərbaycanla əlaqələri  inkişaf etdirmək niyyətində olduğunu vurğuladı.

Söhbətdə tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Görüşdə Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər iştirak etdilər.

 

 Milli Məclisin mətbuat xidməti

 

Azərbaycan.-2011.-13 dekabr.-S.2.