Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Silahlı

 Qüvvələrinin nəqliyyat komandanı

Uilyam Freyzeri qəbul etmişdir

 

 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 12-də ABŞ Silahlı Qüvvələrinin nəqliyyat komandanı Uilyam Freyzeri qəbul etmişdir.

ABŞ Silahlı Qüvvələrinin nəqliyyat komandanı Uilyam Freyzer  bu vəzifəyə təyin olunduqdan sonra ilk səfərini Azərbaycana etdiyini vurğuladı. 12 dekabrın Azərbaycan xalqı üçün xüsusi bir gün olduğunu deyən Uilyam Freyzer bu gün Fəxri xiyabana gedərək Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin məzarını ziyarət edəcəyini bildirdi. Beynəlxalq terrorizmə qarşı mübarizədə ölkəmizin  fəaliyyətinə toxunan Uilyam Freyzer Əfqanıstandakı sülhməramlı missiyanın fəaliyyəti ilə bağlı nəqliyyat təminatında Azərbaycanın rolunu yüksək qiymətləndirdi.

Dövlətimizin başçısı ABŞ Silahlı Qüvvələrinin nəqliyyat komandanı Uilyam Freyzerin ölkəmizə səfərinin əməkdaşlığımızın daha da genişləndirilməsi baxımından önəmini qeyd etdi. Azərbaycanın ilk gündən Əfqanıstandakı beynəlxalq sülhməramlı missiyanın tərkibində fəaliyyət göstərdiyini vurğulayan Prezident İlham Əliyev missiya ilə bağlı humanitar sahədə əməkdaşlığın getdikcə genişləndiyini qeyd etdi.

Görüşdə Azərbaycan ilə ABŞ-ın beynəlxalq terrorizmə qarşı  mübarizədə birgə fəaliyyəti, təhlükəsizlik, enerji sahələrində və digər sahələrdə əməkdaşlığın bundan sonra da davam etdirilməsinə dair fikir mübadiləsi aparıldı.

 

 

AzərTAc

Azərbaycan.-2011.-13 dekabr.-S.2.