AzərTAc İslam Xəbərlər Agentliyinin işində fəal iştirak edir

 

 Azərbaycan Dövlət Teleqraf Agentliyi (AzərTAc) Beynəlxalq İslam Xəbərlər Agentliyinin (İİNA) işində fəal iştirak edir. Bu sözləri Səudiyyə Ərəbistanı Krallığının Ciddə şəhərində İslam Əməkdaşlıq Təşkilatının mənzil-qərargahında Beynəlxalq İslam Xəbərlər Agentliyi (İİNA) Baş Assambleyasının 4-cü iclasında qurumun baş direktorunun müavini Zayid Sultan demişdir.

Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AzərTAc-ın) 2010-cu ildən İİNA-nın üzvü olduğunu xatırladan Z.Sultan bildirmişdir ki, biz Azərbaycan Respublikasında gedən inkişaf proseslərini milli agentliyin rəsmi internet səhifəsindən yaxından izləyirik. AzərTAc İİNA-nın ən fəal üzvlərindən biri kimi onun iclaslarında, məsələlərin müzakirəsində, qərarların qəbulunda yaxından iştirak edir. AzərTAc-ın ərəb dilində informasiyaları Beynəlxalq İslam Xəbərlər Agentliyinin xəbər mübadiləsi işinə böyük töhfədir. İİNA AzərTAc-ın bu təcrübəsindən qeyri-ərəbdilli digər üzv agentliklərdə də istifadə olunmasını tövsiyə etmişdir.

Səudiyyə Ərəbistanı Krallığının mədəniyyət və informasiya naziri, İİNA-nın İcraiyyə Şurasının direktoru Əbdüləziz Xoca iclasda çıxış edərək islam aləmində baş verən hadisələr barədə danışmış və cəmiyyətin obyektiv informasiya ilə təmin edilməsində xəbər agentliklərinin birgə fəaliyyətinin əhəmiyyətini vurğulamışdır.

İslam Əməkdaşlıq Təşkilatının baş katibinin siyasi məsələlər üzrə müavini səfir Abdullah bin Əbdurrəhman Alim isə təşkilatın informasiya sahəsində fəaliyyətinə toxunmuş və İİNA-nın bu istiqamətdə fəaliyyətinin gücləndirilməsinin zəruriliyini qeyd etmişdir.

Otuzdan çox ölkənin xəbər agentliklərinin nümayəndələrinin iştirak etdiyi tədbirdə 2009-2010-cu illərdə görülmüş işlərə yekun vurulmuşdur.

İclasda, həmçinin İİNA-nın fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı bir sıra təkliflər irəli sürülmüş, təşkilatın yeni internet səhifəsinin təqdimatı olmuş, üzv ölkələrin informasiya agentlikləri arasında daha səmərəli əməkdaşlığın qurulması, xəbər istehsalında yeni texnologiyalardan istifadə edilməsi ilə bağlı məsələlər müzakirə edilmişdir.

Əsas məqsədi islam dövlətləri arasında informasiya mübadiləsinə yardım etmək, islam dünyasının üzləşdiyi problemlər barədə dünya ictimaiyyətini məlumatlandırmaq, üzv agentliklər arasında təcrübə mübadiləsini təşviq etmək olan İİNA ərəb, ingilis və fransız dillərində xəbərlər yayır.

 

Azərbaycan.-2011.-14 dekabr.-S.7.