Qürur doğuran xatirələr

 

 Dahilərin ömrü illərlə deyil, gördükləri işlərlə ölçülür. Möhtəşəm işlərin sayı-siyahısı bəlli olmayanda, əməllərin qiyməti ölçüyə-biçiyə sığmayanda xalq məhəbbəti, el-oba sevgisi yaranır. Ulu öndər Heydər Əliyev gördüyü işlərlə vaxtın-zamanın ölçüsünü elə dəqiq nizamlayırdı ki, xalq ən çətin məqamlarda ona pənah gətirə bilirdi. O illəri neft emalçıları da yaxşı xatırlayırlar. Deyirlər ki, bu gün ulu öndərin - Heydər Əliyevin adını daşıyan Bakı Neft  Emalı Zavodunda elə vəziyyət yaranmışdı ki, ən adi emal qurğuları da sıradan çıxmaq təhlükəsi ilə üz-üzəydi. Əmək məhsuldarlığı xeyli zəifləmiş, istehsalatda ciddi problemlər yaranmışdı. Heydər Əliyevin ölkə rəhbərliyinə yenidən qayıdışı digər sahələr kimi neft sənayesini də uçurumdan, fəlakətdən xilas etdi. Zavodun dirçəlişini, yüksəlişini, texnoloji proseslərin təkmilləşməsini, modernləşməsini bərpa etmək üçün beynəlxalq əlaqələr yaradıldı. Neft emalçıları deyirlər ki, Heydər Əliyev ölkəyə rəhbərlik etdiyi illərdə 20 dəfə zavodun kollektivi ilə görüşüb. Hər dəfə onlara dəyərli məsləhətlər, müdrik tövsiyələr verib. Xüsusilə veteran neftçilər o illəri dönə-dönə xatırlayır, ulu öndərlə bütün görüşləri, onun xeyirxahlığını, müdrik məsləhətlərini bir an belə unutmurlar.

Eltay Əliyev (usta): - Biz yaxşı bilirik ki, ulu öndərin müəssisəmizə hər gəlişi neft emalçılarının ən ciddi problemlərinin həllinə kömək edir, iqtisadi əlaqələrimizin  güclənməsinə təkan verirdi. Böyük siyasətçinin səmimiyyətinə, nüfuzuna güvənir, müəssisəmizlə bağlı təkliflər verirdik. Onun sorğuları istehsalat çərçivəsi ilə məhdudlaşmırdı, hər birimizin yaşayışı, güzəranı ilə maraqlanır, ehtiyacı olanlara köməyini əsirgəmirdi. Ulu öndərlə sonuncu görüşümüzü də yaxşı xatırlayıram. 1994-cü ildə kollektivimizlə görüşdə mənim usta işlədiyim sexdə də oldu. Bu görüşdən sonra əməyimi "Şöhrət" ordeni ilə dəyərləndirdi. Müdrik insanın bu diqqət və qayğısını ömrüm boyu unudan deyiləm.

Məhparə Manafova (operator): - Tale elə gətirib ki, üç dəfə Heydər Əliyevlə görüşə bilmişəm. Onun sadəliyi, səmimiyyəti imkan verirdi ki, ən zəruri ehtiyaclarını gizlətməyəsən. Həm də güclü yaddaşı və hafizəsi vardı. İlk görüşdə olan söhbətləri dönə-dönə xatırlayır, hər hansı problemin həlli mexanizmi ilə sona qədər maraqlanırdı. Biz də yaxşı bilirdik ki, Heydər Əliyevlə hər bir söhbətin əməli nəticəsi, işin xeyrinə olacaq. Ona görə də neft emalçıları Heydər Əliyevlə bütün görüşləri səbirsizliklə gözləyir, onun köməyindən faydalanırdılar.

Zavodun kollektivi bir  hadisəni də dönə-dönə xatırlayır, ulu öndərin qayğısını unutmurdular. Müəssisənin 50 illik yubileyi keçirilən günlərdə Heydər Əliyev ölkəmizdən xeyli uzaqlarda - Amerikada Klivlənd xəstəxanasında müalicə olunurdu. Həmin günlərdə ulu öndər zavodun kollektivinə təbrik teleqramı göndərmiş və beş nəfəri "Şöhrət" ordeni ilə təltif etmişdir.

Kollektiv ulu öndərin əməllərini yaşatmaq, tövsiyələrini doğrultmaq, adını əbədiləşdirmək üçün xeyli iş görüb, Heydər Əliyevin başladığı yeni neft strategiyasını reallaşdırmaq istiqamətində böyük uğurlar qazanılıb. Zavod kollektivinin təkidli xahişi ilə müəssisəyə ulu öndərin - Heydər Əliyevin adı verilib. Zavodun ən görəkmli yerində dahi şəxsiyyətin abidəsi ucaldılıb. Kollektivdə Heydər Əliyev irsini layiqincə təbliğ etmək məqsədilə mərkəz yaradılıb. Burada Heydər Əliyevin zavod əməkçiləri ilə hər görüşü barədə zəngin məlumat və fotosənədlər toplanıb.

 

 

 

Bəşir ŞƏRİFLİ,

Azərbaycan.-2011.-14 dekabr.-S.5.