Bu yerlərdə izi qalıb, sözü qalıb

 

 

Ağsu şəhərinin mərkəzində ikimərtəbəli yaraşıqlı bir bina var. Burada Heydər Əliyev Mərkəzi yerləşir. 604 kvadratmetr sahəni əhatə edən mərkəzin rəsmi açılışı 2009-cu il oktyabrın 29-da olub. Açılışda iştirak edən ölkə Prezidenti İlham Əliyev Heydər Əliyev  Mərkəzinin ağsulu gənclərin kamil bir vətəndaş kimi yetişməsində mühüm rol oynayacağını xüsusi qeyd edib.

Mərkəzdə fəaliyyət göstərən informasiya texnologiyaları və xarici dil dərnəklərində xeyli gənc məşğul olur. Bura gələnlər ulu öndərin həyat və fəaliyyətindən bəhs edən fotoeksponatlara böyük maraqla baxırlar. 10 bölmə üzrə nümayiş olunan 212 eksponat, həmçinin elektron köşkdə göstərilən sənədli filmlər hər bir tamaşaçıda zəngin təəssürat yaradır.

Söhbət əsnasında rayonun Daşdəmirbəyli kəndindən olan Akif Xəlilov bildirdi ki, hər dəfə mərkəzdən böyük ovqatla ayrılır: - Fotoeksponatlara baxandan sonra düşünürsən ki, belə möhtəşəm fəaliyyət bir ömrə necə sığıb! Təkcə onu bilirəm ki, biz gənclər ulu öndərin ruhunu öz işgüzarlığımızla, ölkəmizin daha da çiçəklənməsi naminə yorulmaq bilmədən çalışmaqla şad edə bilərik.   

Ağsu rayonundakı Heydər Əliyev Seyrəngahı isə Şamaxı istiqamətinə gedəndə aşırımın başlanğıcında yerləşir. 6 hektar ərazini əhatə edən seyrəngahda insanların istirahəti, gəzintisi üçün hər cür şərait yaradılıb. Buradakı parkda və parkətrafı ərazilərdə 11 mindən çox ağacdekorativ güllər əkilib. Pilləkənlərin ümumi uzunluğu min metrdir. Burada 40-a yaxın oturacaq quraşdırılıb. Xoş gəzintidən sonra buradakı kafedə çay içə-içə söhbətləşmək insanlara yüksək ovqat bəxş edir. Müasir işıqlandırma sistemi sayəsində seyrəngahın axşamları çıraqban olur. Burada böyük ekran da quraşdırılıb. Həftənin şənbə-bazar, həmçinin bayram günlərində seyrəngah daha qələbəlik olur. Keçirilən mədəni-kütləvi tədbirlər, verilən konsertlər insanların istirahətini daha mənalı edir. Böyük ekranda nümayiş olunan sənədli filmlər, informasiya çarxları gəzinti iştirakçıları tərəfindən maraqla qarşılanır. Hətta Gürcüstan-Şamaxı-Bakı avtomagistralı ilə gedənlər də hərdən ulu öndərin adını daşıyan seyrəngahın ovsununa düşür, avtomobillərini saxlayıb dincəlmək, əylənmək üçün ağsululara qoşulurlar.

Şübhəsiz ki, belə məqamlar hər bir ağsulunun qəlbində qürur hissi doğurur. Onları qürurlandıran duyğulardan biri də seyrəngahdan üzüaşağı Ağsu şəhərinə baxarkən gördükləri mənzərədir. İşığa, nura qərq olmuş yaraşıqlı küçələr, abad yollar, milli-memarlıq üslubunda yenidən qurulmuş hasarlar, zavod və fabriklər, son illər inşa edilmiş inzibati və yaşayış binaları, bir az aralıda təzə istifadəyə verilmiş müasir stadion... Bütün bunlar Ağsunun reallıqlarıdır.

Dövlət müstəqilliyinin bərpasından ötən 20 il ərzində Ağsu da dəyişdi, inkişaf etdi, Azərbaycanın gözəl bir bölgəsinə çevrildi. Ölkə Prezidenti İlham Əliyev Ağsuya səfəri zamanı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə Ağsunu Azərbaycanın ən qabaqcıl rayonlarından biri adlandırmışdır. Ağsulular görülən işlərə, həyata keçirilən tədbirlərə, dövlət başçısının qayğı və diqqətinə həmişə qədirbilənliklə yanaşırlar. Onu da yaxşı bilirlər ki, bütün bu yaradılanların xeyir-duası vaxtilə ümummilli lider Heydər Əliyev tərəfindən verilib. Hələ sovetlər dönəmində ulu öndər Azərbaycanın, onun bütün bölgələrinin inkişafı üçün yorulmaq bilmədən çalışırdı. İndi onun adını daşıyan Ağsu seyrəngahında söhbət etdiyimiz hər kəs ulu öndərin xalqımız, Vətənimiz üçün etdiyi fədakarlıqları böyük şükranlıqla xatırlayır.

Rayonun Pirhəsənli kəndindən yaşı 75-i ötmüş əmək veteranı Qüdrət Xasayev:

- Sovetlər vaxtı respublikanın rəhbəri kimi ulu öndər rayonumuzda dəfələrlə olub, mən də onunla dəfələrlə görüşmüşəm, sözünü, tapşırığını, tövsiyəsini dinləmişəm. O, Ağsuda üzümçülüyün inkişafını həmişə diqqətdə saxlayırdı. Həmişə də qeyd edirdi ki, elə çalışmalıyıq ki, insanlarımızın gün-güzəranı yaxşı olsun, Azərbaycan daha qabaqcıl respublikalardan birinə çevrilsin. Bu gün mənə də çox xoşdur ki, Heydər Əliyevin göstərdiyi yolla addımlayıb bu növrağı, bu cah-cəlalı yaratdıq. Ətrafa fikir verin, seyrəngahda insanlar asudə gəzişir, söhbət edir, bir-birindən hal-əhval tuturlar. Əgər onların evində-eşiyində  problem, sıxıntı olsaydı, bu seyrəngaha dincəlməyə qalxmazdılar. Mən də müasirliyi, yeniliyi alqışlayıram. Gənclərimizin müasirliyi ilə yanaşı, həm də vətənpərvər olmaları məni sevindirir. O da məni sevindirir ki, ulu öndərimizin başladığı işlər cənab Prezident İlham Əliyev tərəfindən böyük uğurla davam etdirilir.

Ağsaqqal Mürvət Qarayev: - Həyatın çox üzünü görmüşəm. Ona görə mən də yaxşı bilirəm ki, 1993-cü ildə ulu öndər ölkə rəhbərliyinə qayıtmasaydı, gördüyümüz bu bayraq belə əzəmətlə dalğalana bilməzdi. Xalqımızın, millətimizin başına nələr gələrdi bir Allah bilir... Ulu öndər gəldi, dosta dost yerini göstərdi, düşmənə düşmən... Səyi, bacarığı, müdrikliyi hesabına Azərbaycanı günə çıxardı. Hərdən tay-tuşlarımla bu seyrəngaha toplaşıb böyük ekranda ölkəmizdə görülən işlərlə bağlı sənədli filmlərə baxırıq. Sonra da öz aramızda danışırıq, fikirlərimizi bölüşürük. Şükürlər olsun ki, bir zamanlar ulu öndərin başladığı işləri Prezident İlham Əliyev, onun xanımı Mehriban Əliyeva məharətlə davam etdirirlər.

- Heydər Əliyev Azərbaycana rəhbərlik edəndə mən Ağsuda kolxoz sədri işləyirdim, - deyə Ağsu şəhər sakini Babakişi Zərbəliyev bildirdi, - iclaslardakı, müşavirələrdəki görüşlər öz yerində, rayonumuza gələndə də ulu öndərlə işgüzar söhbətlərimiz olub. Həmişə deyirdi ki, insanlara qayğı ilə yanaşmasan, nə plan doldurmaq olar, nə öhdəlik yerinə yetirmək. Biz Heydər Əliyevdən insanları sevməyi, çəkilən zəhmətin və zəhmətkeşin qədrini bilməyi öyrənirdik. Heydər Əliyevi böyük minnətdarlıqla yada salmaqla yanaşı, onu da deməyi özümə borc bilirəm ki, Prezident İlham Əliyev də bölgələrə səfəri zamanı insanlarla olduqca səmimi və xoş rəftar edir, fikir və təklifləri, xahişləri səmimiyyətlə dinləyir. Cənab Prezident Ağsuya gələndə hər dəfə bunun şahidi oluruq. Muradlı kəndindən Sehrayə Hümbətova, Daşdəmirbəyli kəndindən Akif Xəlilov və digər söhbət etdiyimiz rayon sakinləri də müstəqil Azərbaycanın qazandığı uğurlardan, ulu öndərin mənalı həyat yolundan, Azərbaycan naminə fədakarlıqlarından böyük həvəs və məhəbbətlə danışdılar. Bildirdilər ki, ulu öndərin möhtəşəm ömür yolu, mübarizələrlə zəngin həyatı hər kəsə örnəkdir. Ağsunun Heydər Əliyev Seyrəngahını müsahibələrimiz üçün məkan kimi, həm də rəmzi mənada seçmişdik. Axı ulu öndər özü də belə ucalıqları, belə seyrəngahları çox sevərdi.

 

 Telman NƏZƏRLİ,

Azərbaycan.-2011.-14 dekabr.-S.5.