Yeni Azərbaycan Partiyası rayon təşkilatlarının konfransları keçirilmişdir

 

Səbail

 

Dekabrın 14-də Azərbaycan Dövlət Pedaqoji Universitetində Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatının IX konfransı keçirilmişdir.

Konfrans iştirakçıları əvvəlcə partiyanın yaradıcısı, ümummilli lider Heydər Əliyevin universitetin foyesindəki büstü önünə gül dəstələri qoymuş, xatirəsinə ehtiramlarını bildirmişlər.

Əvvəlcə Azərbaycanın dövlət himni səsləndirilmiş, ulu öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Gündəlik elan olunandan və təsdiqlənəndən sonra hesabat məruzəsi ilə çıxış edən YAP Səbail rayon təşkilatının sədri professor Zahid Qaralov VIII konfransdan keçən dövrdə görülmüş işlər, əldə edilmiş nailiyyətlər və qarşıda duran vəzifələrlə bağlı ətraflı məlumat vermişdir. Bildirilmişdir ki, partiyanın rayon təşkilatı və aparatı ərazidə həyata keçirilən həm quruculuq, həm də ictimai-siyasi işlərdə fəal iştirak etmiş, aparıcı siyasi qüvvəyə çevrilmişdir. Qeyd olunmuşdur ki, hazırda 1993-cü ildən fəaliyyət göstərən rayon təşkilatında YAP üzvlərinin sayı 23 min 500 nəfərdir. Sevindirici haldır ki, VIII konfransdan ötən müddətdə partiya rayon təşkilatının üzvləri arasında gənclərin və qadınların sayı daha da artmışdır. Hazırda gənclər rayon təşkilatı üzvlərinin 66, qadınlar isə 57 faizini təşkil edir.    

Nəzarət-təftiş komissiyasının hesabatı dinlənildikdən sonra məruzə ətrafında çıxışlar olmuş, ötən konfransdan sonra görülmüş işlər təhlil edilmiş, rayon təşkilatının fəaliyyəti qənaətbəxş qiymətləndirilmişdir.

Konfransda YAP rayon təşkilatı idarə heyətinin üzvü - Səbail Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov, Milli Məclisin Sədr müavini, Yeni Azərbaycan Partiyası idarə heyətinin üzvü Bahar Muradova və başqaları çıxış edərək ölkəmizdə müxtəlif sahələrdə aparılan quruculuq işlərindən danışmışlar.

Natiqlər bildirmişlər ki, dövlət başçısı, YAP sədri İlham Əliyev tərəfindən ümummilli lider Heydər Əliyevin yaradıcısı olduğu siyasi xəttin uğurla davam etdirilməsi Azərbaycanı regionun lider dövlətinə çevirmiş, xalqımızın rifah halı daha da yaxşılaşmışdır. Bu müvəffəqiyyətlər qədirbilən Azərbaycan xalqı tərəfindən yüksək qiymətləndirilir.

Daha sonra təşkilati məsələlər müzakirə edilmiş, 131 nəfər şura, 35 nəfər idarə heyətinin, 9 nəfər isə nəzarət-təftiş komissiyasının üzvü seçilmişdir.

Konfransda Zahid Qaralov yenidən YAP Səbail rayon təşkilatının sədri seçilmişdir.

Sonda konfrans iştirakçıları YAP-ın sədri, Azərbaycan Prezidenti İlham Əliyevə müraciət qəbul etmişlər.

 

Nərimanov

 

Dekabrın 14-də Yeni Azərbaycan Partiyasının (YAP) Nərimanov rayon təşkilatının VIII konfransı keçirilmişdir.

Ümummilli lider Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

YAP Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev konfransda hesabat məruzəsi ilə çıxış etmişdir. O demişdir ki, YAP yarandığı gündən şərəfli yol keçmişdir. Ümummilli lider Heydər Əliyevin partiyaya rəhbərlik etməsi nəticəsində YAP çox qısa müddətdə iqtidar partiyasına çevrildi. Heydər Əliyevin böyük siyasi nüfuzu partiya sıralarının genişlənməsinə səbəb oldu. Bu gün Azərbaycan Prezidenti, YAP sədri İlham Əliyev ümummilli liderin siyasi kursunu uğurla davam etdirərək Azərbaycanı dinamik inkişaf yolu ilə irəliyə aparır.

T.Tağıyev bildirmişdir ki, YAP Nərimanov rayon təşkilatının 16 min 598 üzvü vardır ki, onlar 129 ilk təşkilatda təmsil olunurlar. Hesabat dövründə partiyanın rayon təşkilatının üzvləri prezident, parlament və bələdiyyə seçkilərində fəallıq göstərmiş, rayonda həyata keçirilən quruculuq işlərində yaxından iştirak etmişlər.

Məruzə ətrafında müzakirələrdən sonra YAP sədrinin müavini-icra katibi, Milli Məclisin deputatı Əli Əhmədov partiyanın yaranması və inkişafı tarixinə nəzər salaraq demişdir ki, bu gün Heydər Əliyev İdeyalarının daşıyıcısı olan partiya dövlətlə vətəndaşlar arasında körpü rolunu oynayır. Hər bir partiya üzvü Azərbaycan Prezidentinin həyata keçirdiyi quruculuq tədbirlərinin mahiyyətini vətəndaşlara çatdırmalıdır. YAP böyük yol keçib, lakin qarşıda da böyük işlər vardır. Ona görə də gənclərin partiyaya cəlb edilməsi işini daha da gücləndirmək lazımdır. Bu gün partiyanın 550 mindən çox üzvü vardır. YAP üzvlərinin çoxluğu yalnız statistika deyil, həm də o deməkdir ki, partiyanın nüfuzu, qüvvəsi gündən-günə artır. YAP sıralarında cəmiyyətin ən hörmətli adamları təmsil olunurlar.

YAP Siyasi Şurasının üzvü, təhsil naziri Misir Mərdanov  konfransın əlamətdar ildə - Azərbaycanın müstəqilliyinin iyirminci ilində keçirildiyinə diqqət salaraq demişdir ki, 20 il tarix üçün o qədər də böyük dövr deyildir. Lakin bu 20 ildə Heydər Əliyev və onun siyasi kursunun davamçısı Prezident İlham Əliyev yüz ilə bərabər görmüşlər.

Azərbaycanın 155 dövlətin dəstəyini alaraq Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi faktı Prezident İlham Əliyevin nə qədər uğurlu siyasət apardığını göstərir.

Müstəqillik illərində bütün sahələrdə olduğu kimi, təhsildə də böyük nailiyyətlər qazanılmışdır. Bu gün 10 mindən çox tələbəmiz xaricdə təhsil alır. Gənclərin xaricdə təhsil almaları üçün büdcədən 15 milyon manat vəsait ayrılmışdır. Bu işlər Prezident tərəfindən Azərbaycanın gələcəyi üçün həyata keçirilir.

YAP Siyasi Şurasının üzvü, Nərimanov Rayon İcra Hakimiyyətinin  başçısı Abdin Fərzəliyev rayonda həyata keçirilən quruculuq işlərindən danışaraq bildirmişdir ki, 2011-ci ilin ötən dövründə Azərbaycan Prezidenti, YAP sədri İlham Əliyev rayonda 30 obyektin açılışında iştirak etmişdir. Partiyanın rayon təşkilatı icra hakimiyyəti ilə birlikdə bir çox nailiyyətlər əldə etmişlər. Lakin bunlarla kifayətlənmək olmaz, daha irəliyə getmək lazımdır.

Çıxışlardan sonra konfransın qərarı oxunmuş və YAP Nərimanov rayon təşkilatının hesabat dövründəki fəaliyyəti qənaətbəxş hesab edilmişdir. Sonra təşkilati məsələyə baxılmış, Təmraz Tağıyev yenidən YAP Nərimanov rayon təşkilatının sədri seçilmışdir. Daha sonra şura və nəzarət-təftiş komissiyasının üzvləri seçilmişlər.

Konfransda YAP sədri, Azərbaycan Prezidenti İlham Əliyevə müraciət qəbul edilmişdir.

 

AzərTAc

Azərbaycan.- 2011.- 15 dekabr.- S.2.