Məqbərələr tanınmış şəxsiyyətlərə ehtiram rəmzidir

 

Zamanın sınaqlarından keçərək bu günümüzə gəlib çıxmış bir sıra maddi-mədəniyyət abidələri sırasında məqbərələr tarixilik baxımından mühüm əhəmiyyət daşıyır. Onlar da maddi-mədəniyyət abidələri kimi, özlərində tarixin və şəxsiyyətlərin izlərini qoruyub saxlayır. O da faktdır ki, tarixi simaların məzarları üstündə ucaldılmış məqbərələrə bütün dövrlərdə münasibət birmənalı olmayıb. Xüsusilə sovetlər rejimi dövründə onların bir çoxunun qalıqları belə yox edilib.

 

Hazırda respublikamızın ərazisində mövcud olan məqbərələri mahiyyətinə, tarixi əhəmiyyətinə, daşıdıqları funksiyalara görə belə təsnif etmək olar.

Qax rayonunun Oncallı kənd qəbiristanlığında çay daşı və bişmiş kərpicdən tikilmiş Hacı Tapdıq və Şeyx Yunis İmrə məqbərələri də dərin qatlarından soraq verən abidələrdəndir. Məqbərənin yerləşdiyi ərazi yerli əhali tərəfindən oğuz qəbiristanlığı adı ilə tanınır və müqəddəs yer sayıldığından, ziyarət edilir. Hər iki məqbərə məzarlar üzərində tikilibyer səthindən təxminən 1 metr hündürlüyündədir.

Şeyx Yunisin məzarının üstü təxminən 1400-cü ildə Mirzə Çələbi Soltan ibn Məhəmməd ibn Məhəmməd Zaman ibn İmam Əli adlı şəxs tərəfindən tikildiyi bildirilir.

Hacı Tapdığın məzarı üzərindəki məqbərə ondan təxminən üç əsr sonra, daha doğrusu, 1786-cı ildə Şeyx Mirzə Çələbi və Şeyx Salman ibn Saleh tərəfindən inşa olunub.

El arasında Hacı Tapdıq baba və Şeyx Yunis xanəgahı kimi tanınan hər iki ziyarətgah bir vaxtlar karvan-ticarət yolu üstündə (İpək yolu) fəaliyyət göstərmiş siyasi-ideoloji mərkəzlərdən hesab edilib.

Tarixi və mədəni abidələrlə zənginlik baxımından Abşeronun ərazisi də xüsusi diqqət çəkir. Bakının Qala kəndindəki qədim qəbiristanlıqda fərqli ayinləri əks etdirən müxtəlif tipli qəbirlərə də rast gəlmək mümkündür. Memarlıq nümunələri sayılan məqbərələrdən biri də buradadır. 1624-1625-ci illərdə tikilməsi güman edilən Məhəmməd məqbərsinin divarlarında "güllə yarası" bu gün də qalmaqdadır. Məqbərənin yerləşdiyi qəbiristanlıq dəhşətli repressiya illərinin şahidi olub. O zamanlar sovet hakimiyyətinin əleyhinə çıxan qalalılar məhz bu qəbirisatanlıqda və məqbərənin yanında güllələnmişlər. Divarlarda qalan güllə deşikləri bu tarixi faktı özündə saxlamaqdadır.

Burada daha bir məqbərə var. XVIII əsrə aid edilən məqbərənin sərdabəsi, digərlərindən fərqli şəkildə, yeraltı tikilib. Buradakı məqbərənin digərlərindən fərqliliyi həm də onun çadır formasında tikilməsidir ki, bu da türk xalqlarında mərhumun məzarı üzərində çadır qurmaq ənənəsini özündə saxlayan daha bir tarixi faktdır.

Qəbirüstü abidələr, məqbərələr tikmək ənənəsi sonradan da davam etdirilib. Buna nümunə kimi iki məqbərəni göstərmək olar. Onlardan biri Nizami Gəncəvi, digəri isə Hüseyn Cavid məqbərəsidir.

Gəncə ərazisindəki ən möhtəşəm abidələrdən biri sayılan Nizami məqbərəsi dahi şairin anadan olmasının 750 illik yubileyi münasibəti ilə tikilib. Ötən əsrin 40-cı illərində dağıntıya məruz qalmış abidələrimizdən biri də məhz Nizami məqbərəsi idi. Dağıdılmış qədim məqbərənin yerində bu gün daha möhətəşəm və əzəmətli bir abidə ucalır. Yeniləşməkdə, müasirləşməkdə olan qədim Gəncənin abadlaşan abidə komplekslərindən biri də məhz bu məqbərədir. Məqbərə yer sətindən 20 metr hündürlükdə, silindirik formada mərmərdən tikilib. Hazırda ətrafında dahi şairin əsərlərini tərənnüm edən lövhələr qurulur, abadlıq işləri aparılır.

Xalqımızın ölməz sənət əsərləri yaratmış daha bir simasının xatirəsini əbədiləşdirən məqbərə Hüseyn Cavidin adının şərəfinə ulu öndər Heydər Əliyevin şəxsi təşəbbüsü və himayəsi ilə tikilmiş məbəddir. Layihə müəllifi respublikanın əməkdar memarı Rasim Əliyev, heykəltəraşı xalq rəssamı Ömər Eldarovdur. Naxçıvan-Marağa memarlıq məktəbinə məxsus məqbərə 1996-cı ildə inşa olunub. Hazırda muzey kimi fəaliyyət göstərən Hüseyn Cavid məqbərəsi möhtəşəm memarlıq-xatirə kompleksidir. Əcəmi Naxçıvani memarlıq üslubunun təsiri aydın hiss olunan bu məqbərə üstalt (sərdabə) hissələrdən ibarətdir. Sərdabə tikilərkən şairin həyat yoldaşı Mişkinaz xanımla oğlu Ərtoğrolun qəbirləri də buraya köçürülüb. Cavidin son yadigarı olan qızı Turan xanım da bu müqəddəs məkanda dəfn edilib. Türkiyənin "Star" inşaat şirkəti tərəfindən tikilən məqbərənin açılışı Hüseyn Cavidin 114 illiyi münasibətilə 1996-cı il oktyabrın 29-da olmuşdur.

Beləliklə, hər daşında bir tarix yatan memarlıq nümunələri bütün dövrlər üçün aktualdır, onları qorumaq isə hər azərbaycanlının vətəndaşlıq borcudur.

 

Məhəmməd NƏRİMANOĞLU

Azərbaycan.- 2011.- 15 dekabr.- S.7.