Azərbaycan Mərkəzi Bankı dövlətin

sosial-iqtisadi inkişaf strategiyasına fəal dəstək verir

 

  Bankları çox vaxt ölkənin təsərrüfat orqanizminin ürəyi adlandırırlar. Bu da təsadüfi deyil. Banklarsız bu gün həyatımızı təsəvvür etmək çətindir. Bəlkə də bunu hər kəs o dərəcədə hiss etmir. Amma iqtisadiyyatla azya çox dərəcədə əlaqəsi olan hər kəs bilir ki, banklar pul təsərrüfatının ayrılmaz hissəsidir, onların fəaliyyəti istehsala olan tələbatla sıx bağlıdır, onlar iqtisadiyyatın özəyidir və pul dövriyyəsini tənzimləməklə istehsalçıların, ticarətlə məşğul olanların və nəhayət, əhalinin iqtisadi maraqlarına xidmət edir.

İstənilən inkişaf etmiş ölkədə maliyyə sisteminin əsas elementi olan pul-kredit siyasətini rəsmi həyata keçirən mərkəzi bankdır. Pul-kredit siyasəti isə büdcə ilə birlikdə iqtisadiyyatın dövlət tənzimlənməsinin əsası hesab olunur. Bu səbəbdən mərkəzi bankın səmərəli fəaliyyəti elə bazar iqtisadiyyatının səmərəli işləməsi deməkdir.

Mərkəzi banklar müxtəlif sahələrdə (qiymətli kağızların tənzimlənməsi və onlara nəzarət, iqtisadi təhlil və statistika, bank məlumatlarının qorunması və təhlükəsizliyinin təmin edilməsi və s.) geniş və müxtəlif səlahiyyətlərə malikdir və təbii ki, bütün bunlar, eləcə də qeyd etmədiyimiz digər səlahiyyətlər qanunlarla tənzimlənir. Məsələn, Avstriya, Almaniya, Danimarka, Niderland, Rusiya, İsveçrə, Fransa, Yaponiyada mərkəzi bankın əsas məqsəd və fəaliyyət dairəsi ya həmin ölkələrin konstitusiyalarında, ya da mərkəzi bankbank fəaliyyəti haqqında qanunlarda təsbit olunub. ABŞ, İsveç, İtaliyabir çox digər ölkələrdə isə mərkəzi bankın vəzifələri qanunverici aktlarda ümumi sözlərlə ifadə edilib. Amma bütün hallarda bunlar mərkəzi bankların pul-kredit siyasətinin həyata keçirilməsində müstəqilliklərini çərçivəyə salmır. Başqa sözlə desək, mövcud qanunvericilik aktları mərkəzi bankların öz vəzifələrinin icrasında bir növ ikinci dərəcəli rol oynayır. Önə çıxansa dövlətin mövcud şəraitdən irəli gələn sosial-iqtisadi siyasətinə operativ və səmərəli dəstək vermək olur.

Bu mənada ölkəmizin sosial-iqtisadi sahədə son illər əldə etdiyi uğurlarda Azərbaycan Mərkəzi Bankının (AMB) payı az deyil. Xüsusən 2008-2009-cu illəri əhatə edən qlobal iqtisadi böhran dövründə AMB-nin ölkə daxilində inflyasiyanın məqbul səviyyədə saxlanılması, manatın məzənnəsinin qorunması, bank-maliyyə sektorunda sabit inkişafın və dayanıqlığın təmin olunması istiqamətindəki fəaliyyəti təqdirəlayiqdir. Həmin illərdə AMB hədəf seçdiyi bu məqsədlərə nail olmaq üçün öz siyasətinə çevik korreksiyalar etməklə nəinki ölkənin makroiqtisadi və maliyyə sabitliyini qorumuş, həmçinin iqtisadi artımda mühüm rol oynamışdır.

Ümumiyyətlə, yarandığı zamandan, xüsusən də ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi və cənab İlham Əliyevin prezidentliyi dövrlərində Azərbaycan Mərkəzi Bankı fəaliyyətini qlobal meyillərə və milli iqtisadiyyatın yeni inkişaf çağırışlarına əsasən qurur. Pul siyasətinin başlıca hədəfinin makroiqtisadi sabitliyin təmin olunması elan edən AMB ümumilikdə bank sektorunda da maliyyə sabitliyinin hökm sürməsi üçün ardıcıl və zəruri tədbirlər həyata keçirir. Eyni zamanda AMB pul siyasətinin və bank nəzarətinin strateji çərçivəsinin davamlı təkmilləşməsini reallaşdırır, makroiqtisadi koordinasiyanın güclənməsinə və bank sektorunun maliyyə dərinliyinin artırılmasına mühüm dəstək verir.

Amma onu da vurğulamaq lazımdır ki, AMB ölkənin sosial-iqtisadi inkişafında bu gün malik olduğu mövqe və çəkiyə birdən-birə nail olmamışdır. 2012-ci il fevralın 11-də yaradılmasının 20 illiyini qeyd edəcək Azərbaycan Mərkəzi Bankı (o vaxt Azərbaycan Milli Bankı) bu qısa müddətdə çox mürəkkəb bir yol keçməli olmuşdur. Bu mürəkkəbliyin bir səbəbi dövrlə bağlı idisə, digər səbəbi əsrlər boyu böyük imperiyaların işğalı altında qaldığından Azərbaycanın bank sahəsində müstəqil təcrübəyə, milli ənənələrə malik olmaması ilə əlaqədardır.

Ötən əsrin əvvəllərində - Azərbaycan Xalq Cümhuriyyəti dövründə, konkret desək, 1919-cu il sentyabrın 30-da Dövlət Bankı yaradılmışdı və onun məqsədi pul dövriyyəsini asanlaşdırmaq, ticarət, sənaye və kənd təsərrüfatına yardım etmək, habelə pul sistemini möhkəmləndirmək idi. Nizamnamə (əsas) kapitalı 50 milyon rubl olan Azərbaycan Dövlət Bankı ölkədəki kredit təşkilatlarının fəaliyyətinə də nəzarət edirdi. Həmin dövrdə isə ölkədə bu cür kredit təşkilatlarının sayı az deyildi. Məsələn, 1919-cu ilin dekabrından Azərbaycanda əmanət kassaları fəaliyyət göstərməyə başlamışdı. Bundan əlavə, poçt-teleqraf təşkilatlarının bazasındakı poçt-teleqraf, eləcə də xüsusi ssuda-kredit kassaları, kənd təsərrüfatının kreditləşdirilməsi ilə məşğul olan ipoteka bankları, ssuda-əmanət ittifaqları da fəaliyyətlərini genişləndirmişdilər.

Lakin 1920-ci il aprelin 28-də Azərbaycan Xalq Cümhuriyyətinin süqutu ilə Dövlət Bankının fəaliyyəti də faktiki dayandı və müstəqil ölkənin pul-kredit sistemi məhv oldu. Əvəzində Maliyyə Komissarlığının 1920-ci il 31 may tarixli əmri ilə Dövlət Bankının bazasında Azərbaycan Xalq Bankı (AXB) yaradıldı və həmin ilin iyunundan etibarən bütün banklar, eləcə də kredit təşkilatları milliləşdirilərək onun tərkibinə qatıldı. 1936-cı ilin sonundan 1991-ci ilin dekabrına - sovetlər birliyi dağılanacan isə AXB SSRİ Dövlət Bankının Azərbaycan İdarəsi adı ilə fəaliyyət göstərdi.

Yalnız keçən əsrin 90-cı illərinin əvvəlində Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra ölkədə baş - Milli Bank yaradıldı. Amma bu yerdə bir maraqlı faktı nəzərə çatdırmaq lazımdır. Bu da ondan ibarətdir ki, Azərbaycanda hələ 1991-ci il oktyabrın 18-də müstəqillik haqqında Konstitusiya Aktı qəbul olunandan əvvəl Milli Bankın yaradılması istiqamətində hüquqi baza formalaşdırılmışdır. Belə ki, "Azərbaycan Respublikasının iqtisadi müstəqilliyinin əsasları haqqında" Azərbaycan Respublikasının 1991-ci il 23 may tarixli Konstitusiya Qanununun "Bank sistemipul tədavülü" adlanan 14-cü maddəsi bütünlüklə məhz sözügedən məsələyə aid idi. Bu maddə Azərbaycanda müstəqil bank sistemininmilli pul vahidinin tədavülünün əsaslarını təsbit etməklə yanaşı, özündə Milli Bankın statusunu və səlahiyyətlərini ehtiva edirdi. Milli Bank həmin maddə ilə kredit, pul tədavülü, hesablaşmalarvalyuta münasibətləri sahəsində dövlət siyasətini həyata keçirən, bütövlükdə ölkə üzrə bank sisteminin fəaliyyətini tənzimləyən və ehtiyat bank funksiyalarını icra edən ali emissiya idarəsi elan olunmuşdur. Bütün bunlara baxmayaraq, Milli Bank rəsmən yalnız Azərbaycan 1991-ci ilin dekabrında faktiki olaraq dövlət müstəqilliyinə qovuşandan sonra - 1992-ci il fevralın 11-də yaradıldı.

Bunun ardınca isə, daha dəqiq, 1992-ci il avqustun 7-də "Azərbaycan Respublikasında banklarbank fəaliyyəti haqqında" və "Azərbaycan Respublikasının Milli Bankı haqqında" qanunlar qəbul olundu. Ən əsası, həmin il avqustun 15-dən milli valyuta - manat tədavülə buraxıldı. 1992-ci il dekabrın 1-də isə Milli Məclis "Azərbaycan Respublikasının Milli Bankının Nizamnaməsinin qəbul edilməsi haqqında" qərar qəbul etdi. Məhz bu qanunvericilik aktları ilə Milli Bankın hüquqlarının təməli qoyuldubank fəaliyyətinin yeni ictimai-iqtisadi şəraitə uyğunlaşmasına zəmin yaradıldı.

Lakin bank sistemionu tənzimləyən normativ-hüquqi baza yeniləşmə tələb etdiyindən müasir elmi-nəzəri metodlaramövcud şəraitə uyğunlaşdırılaraq daim təkmilləşdirilir. Məhz bu səbəbdən 2004-cü ilin dekabrında Prezidentin 2002-ci il 26 dekabr tarixli fərmanı ilə verilmiş tapşırıq əsasında 2002-2004-cü illər ərzində hazırlanan "Azərbaycan Respublikasının Milli Bankı haqqında" qanun qüvvəyə mindi. Yeni qanun Milli Bankın bütün funksional sahələr üzrə daha səmərəli fəaliyyət göstərməsini təmin etdi, dövlət qurumları arasında yerinirolunu dəqiqləşdirdi. Pulvalyuta siyasətinin müəyyənləşdirilməsi və həyata keçirilməsi, ölkənin ödəniş sisteminin tənzimlənməsi və inkişafı, bank nəzarəti, dövlətin beynəlxalq qızıl - valyuta ehtiyatlarının saxlanması və idarə olunması - bütün bunlar həmin qanunla Milli Banka aid edilən funksiyaların yalnız bir hissəsidir.

Bu gün Azərbaycan Mərkəzi Bankı ("Azərbaycan Respublikasının Konstitusiyasına əlavələr və dəyişikliklər edilməsi haqqında" 18 mart 2009-cu il tarixli Referendum Aktının qüvvəyə minməsi ilə Azərbaycan Milli Bankı Azərbaycan Mərkəzi Bankı adlandırılmışdır) makroiqtisadi sabitliyə təsir edən amilləri maksimum nəzərə alaraq adekvat siyasət həyata keçirir. Pul siyasəti qarşısında qoyulan son və aralıq məqsədlərə nail olunur, pul kütləsi optimal səviyyədə tənzimlənir, manatın məzənnəsinin sabitliyi qorunur. Nəticədə əsas hədəf olan inflyasiya təkrəqəmli səviyyədə qalır ki, bu da Prezident İlham Əliyevin bütün iqtisadi qurumların, eləcə də AMB-nin qarşısında qoyduğu mühüm vəzifələrdən biridir. Yeri gəlmişkən qeyd edək ki, inflyasiyanın xüsusən əhalinin pul gəlirlərinin artımı fonunda (cari ilin 10 ayının nəticələrinə görə, əhalinin pul gəlirləri 19, adambaşına düşən gəlirlərsə 17,4 faiz artmışdır) aşağı səviyyədə saxlanılması tərəfdaş ölkələrdə onun sürətləndiyi və ərzaq məhsulları istehsalının azaldığı indiki zamanda asan məsələ deyil. Bu, yalnız ölkədə dövlət başçısının rəhbərliyi altında həyata keçirilən mükəmməl sosial-iqtisadi siyasətin nəticəsində mümkün olur. Və sevindirici hal odur ki, mümkün olan təkcə bu deyil.

Cari ilin ötən ayları ərzində də Azərbaycan iqtisadiyyatında artım davam etmişdir. İqtisadi aktivliyin dövlət tərəfindən dəstəklənməsi, funksionalinstitusional islahatların davam etməsi iqtisadiyyatın dinamikasına müsbət təsir etmişdir. Xaricdən doğan müəyyən risklərə baxmayaraq, ölkədə makroiqtisadi sabitliyi qorumaq mümkün olmuşdur. Qlobal iqtisadiyyatda zəif də olsa artımın davam etməsi və enerji qiymətlərinin yüksək səviyyədə qalması cari ilin ötən dövrü ərzində Azərbaycanın xarici mövqeyinin də güclənməsi ilə müşayiət edilmişdir. Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, bu ilin yanvar-oktyabr aylarında xarici ticarət dövriyyəsi 29,7 milyard dollardan çox təşkil etmişdir ki, onun da 22,1 milyard dolları ixracın, 7,6 milyard dolları idxalın payına düşür. Göründüyü kimi, xarici ticarətdə uzun müddət mövcud olan müsbət saldo cari ilin 10 ayında da davam etmişdir. Bu dövrdə ölkə iqtisadiyyatına yatırılan investisiyanın da həcmi artaraq 10 milyard manata çatmışdır və onun 78,1 faizi daxili sərmayədir. Həmçinin ilin əvvəlindən ötən 9 ayda Azərbaycanın strateji valyuta ehtiyatları 33 faiz çoxalaraq 40 milyard dollara yaxınlaşmışdır və bunun təxminən 7 milyard dolları AMB-nin ehtiyatlarına daxildir. Onu da qeyd edək ki, valyuta ehtiyatlarımız təqribən 3 illik mal və xidmətlərin idxalına kifayətdir.

Bütün bunların, həmçinin Mərkəzi Bank tərəfindən keçirilən tədbirlər nəticəsində ölkənin bank sisteminin maliyyə dayanıqlığı da qorunur. Bank aktivlərinin keyfiyyət göstəriciləri stabilləşir, real sektorun və əhalinin banklara olan vaxtı keçmiş borclarının xüsusi çəkisi azalır. Yeri gəlmişkən, Dövlət Statistika Komitəsinin AMB-yə istinadən verdiyi məlumata əsasən, cari ilin noyabrın əvvəli vəziyyətinə ölkə iqtisadiyyatında istifadə olunan yerli kreditlərin həcmi 9,8 milyard manata çatmışdır. Kredit qoyuluşunun 33,5 faizi dövlət, 64 faizi özəl banklar, 2,5 faizi isə bank olmayan kredit təşkilatları tərəfindən həyata keçirilmişdir və həmin kreditlərin cəmi 6,4 faizinin ödənilmə vaxtı ötmüşdür. Bu da bütünlükdə bank sisteminə optimal gəlirliyini qorumağainvestisiya cəlbediciliyini saxlamağa imkan verir. Hazırda ölkənin bank sektorunda likvidlik səviyyəsi yüksəkdir və o, potensial risklərin örtülməsi və aktivliyin dəstəklənməsi üçün zəruri kapitala malikdir.

Son illər Azərbaycanın bank sektorunun regional şəbəkəsi və bölgələrdə iqtisadi subyektlərin bank xidmətlərindən istifadə imkanları da genişlənmişdir. İlbəil regionlarda kredit qoyuluşlarının həcmi və bank filiallarının sayı artır. İndi bankların yerli filiallarının sayı 663-dür. Bu filialların 337-si Bakıda, 326-sı isə regionlarda fəaliyyət göstərir.

İpoteka kreditləşməsi də ölkədə aktivliyin dəstəklənməsində mühüm rol oynayır. İpoteka kreditləşməsi üçün bazar resurslarının cəlb olunması praktikası özünü doğruldur. Təkcə ötən ilin 11 ayı ərzində AMB-nin nəzdində fəaliyyət göstərən İpoteka Fondu vasitəsi ilə müvəkkil kredit təşkilatları tərəfindən ümumilikdə 2213 nəfərə 87,3 milyon manat ipoteka krediti, o cümlədən 453 nəfərə 15 milyon manat sosial ipoteka verilmişdir.

Sözsüz ki, bir kiçik məqalədə 20 illik yubileyinə hazırlaşan AMB-nin ölkənin sosial-iqtisadi inkişafındakı rolunun bütün aspektlərini əhatə etmək mümkün deyil. Amma Azərbaycanın "banklar bankı"nın tarixinə nəzər salmaqla ötən dövr ərzində keçdiyi yol haqqındakı bu qeydlərimiz də kifayət edir ki, Mərkəzi Bankın üzərinə düşən vəzifənin öhdəsindən layiqincə gələrək dövlətin sosial-iqtisadi inkişaf strategiyasına fəal dəstək verdiyi bir daha təsdiq olunsun.

 

 

 

Rüstəm KAMAL,

Azərbaycan.-2011.-16 dekabr.-S.5.