Akademik Ramiz Mehdiyevin «Azərbaycan:

 qloballaşma dövrünün tələbləri»

 kitabı fars dilində nəşr olunmuşdur

 

 Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, görkəmli filosof alim, akademik Ramiz Mehdiyevin "Azərbaycan: qloballaşma dövrünün tələbləri - keçmişin dərsləri, bu günün reallıqları və gələcəyin perspektivləri" kitabı İranda fars dilində nəfis tərtibatda nəşr olunmuşdur.

Əsəri fars dilinə Rza Cəlilniya və Rəna Fərəmərzi çevirmişlər. Altı fəsildən, biblioqrafiya və qeydlər, terminlər lüğəti və müəllif haqqında bölmədən ibarət olan kitab qloballaşma şəraitində Azərbaycan dövlətçiliyinin təşəkkül mərhələlərinə həsr edilmişdir. Əsərdə müasir Azərbaycan dövləti və cəmiyyətinin iqtisadi, siyasisosial problemlərinin elmi təhlili verilmişdir. Görkəmli filosof alim keçmişin dərslərini, bu günün reallıqlarını və gələcəyin perspektivlərini qloballaşan dünyanın yeni mənzərəsinin fonunda reallıqlarını nəzərdən keçirir, qərbləşmənin və modernləşmənin Azərbaycan cəmiyyətinə təsirini təhlil edir. Eyni zamanda, akademik R.Mehdiyev postsovet məkanında demokratikləşmə prosesinin, Azərbaycanda gedən sosial-iqtisadi, siyasi islahatların ümumi istiqamətini göstərməyə nail olmuşdur.

Farsdilli oxucular kitabın "SSRİ-nin dağılması: yeni reallıqlar və yeni imkanlar" adlı ilk fəslində dünya tarixindəki ən nəhəng imperiyalardan birinin süqutunun səbəbləri və bunun doğurduğu nəticələrlə tanış olacaqlar.

"Azərbaycanın modernləşdirilməsi: inkişaf yolları" sərlövhəli sonrakı fəsildə, ümumən, modernləşdirmənin nəzəri cəhətlərindən bəhs olunduqdan sonra bilavasitə Azərbaycanla bağlı məsələlər araşdırılır.

Əsərin üçüncü fəsli qloballaşma dövründə dövlət və cəmiyyət məsələlərinə həsr olunmuşdur. Müəllif yazır ki, tarixi baxımdan qloballaşma yeni hadisə deyildir. Bəşəriyyət həmişə inteqrasiya, vahid siyasi, iqtisadiya sosiomədəni mühitin bir hissəsi olmağa can atmışdır.

Monoqrafiyanın müstəqil Azərbaycanın siyasiiqtisadi strategiyasına həsr olunmuş dördüncü fəsli bir neçə bölmədən ibarətdir. Burada bildirilir ki, postsovet dövrü yeni müstəqil dövlətlər qarşısında milli xarici siyasətin prioritetlərinin müəyyən edilməsi sahəsində bir neçə konseptual problem qoymuşdu və nəzərdə tutulan xarici siyasət xəttinin uğurlu olması həmin problemlərin dərk edilməsi və düzgün həllindən asılı idi.

"İqtidar və müxalifət: inkişaf naminə rəqabət" sərlövhəli beşinci fəsildə vurğulanır ki, səmərəli dövlətçilik və demokratik quruluş sivilizasiyalı dövlətdə siyasi rəqabət dialoqunun iki subyektinin - iqtidar və müxalifətin olmasını ehtiva edir.

Əsərin "Demokratiya dövlətin və cəmiyyətin inkişafının prioriteti kimi" sərlövhəli sonuncu fəslində ümumi nəzəri məsələlərlə yanaşı, Azərbaycanda demokratiyanın inkişafının bir neçə modelindən, vətəndaş cəmiyyəti nəzəriyyəsindən bəhs olunur. Bu fəslin bir bölməsi yeni dövrün siyasətçisi kimi Prezident İlham Əliyevin fəaliyyətindən, onun daxilixarici siyasətlə bağlı baxışlarından, dövlət başçısı kimi qarşısında duran əsas vəzifələrdən bəhs edir. Akademik Ramiz Mehdiyevin "Azərbaycan: qloballaşma dövrünün tələbləri" əsəri müasir dövrün təhlili ilə məşğul olan farsdilli tədqiqatçılar üçün sanballı mənbədir.

 

 

 

Sabir ŞAHTAXTI,

AzərTAc-ın xüsusi müxbiri

Tehran

Azərbaycan.-2011.-16 dekabr.-S.3.