Məhkəmə hakimləri Assosiasiyasının yığıncağı keçirilmişdir

 

 Dekabrın 17-də Azərbaycan Respublikası Ümumi Məhkəmə Hakimlərinin İctimai Birliyinin (Assosiasiyasının) ümumi yığıncağı keçirildi. Yığıncağı açan Assosiasiyanın sədri, Yasamal Rayon Məhkəməsinin sədri Ələddin Cəfərov bildirdi ki, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu istiqamətində ardıcıl, əsaslı islahatlar həyata keçirən respublikamız müstəqil məhkəmə sisteminin formalaşdırılması sahəsində də mühüm nailiyyətlər əldə edib. 1995-ci ildə ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında hazırlanaraq ümumxalq səsverməsi ilə qəbul edilmiş müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası demokratik quruluşun, hüquqi dövlətin möhkəm təməlini qoymuşdur. Əsas Qanunda məhkəmələrin dövlətin idarəetmə sistemində müstəqil hakimiyyət qolu kimi yerirolu düzgün müəyyənləşdirilmişdir. Ölkə Konstitusiyasına əsasən, hakimiyyətin üç müstəqil qolundan biri olan məhkəmələr dünyanın mütərəqqi təcrübəsinə əsaslanan model üzərində formalaşdırılmışdır.

Ulu öndər Heydər Əliyevin hər bir fərdin mənafeyini uca tutmaqla əsasını qoyduğu məhkəmə-hüquq islahatları son 8 ildə onun layiqli varisi Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən inamla davam etdirilir. Dövlətin iqtisadi imkanlarının daha da genişləndiyi son illərdə məhkəmə orqanlarında zamanın tələbi ilə səsləşən islahatlar geniş vüsət almış, ədalət mühakiməsinin səmərəliyinin yüksəldilməsi, ən mütərəqqi üsullarlaobyektiv şəraitdə hakim korpusunun formalaşdırılması, məhkəmə orqanlarının fəaliyyətində şəffaflığın təmini, mövcud neqativ halların aradan qaldırılması istiqamətində qətiyyətli tədbirlər həyata keçirilmişdir.

Aparılmış islahatlar nəticəsində məhkəmə hakimiyyətinin özünüidarə orqanı olan və əsasən hakimlərdən ibarət formalaşdırılmış Məhkəmə-Hüquq Şurası yaradılaraq hakimlərin fəaliyyətinin qiymətləndirilməsi, yerinin dəyişdirilməsi, vəzifədə irəli çəkilməsi, intizam məsuliyyətinə cəlb edilməsi və onların fəaliyyəti ilə bağlı digər məsələlər bu orqanın səlahiyyətinə aid edilmişdir.

Məhkəmə-Hüquq Şurasının təşəbbüsü ilə yeni məhkəmələrin yaradılması və fəaliyyətinin təşkili, hakimlərin sayının artırılması, onların şəraitinin yaxşılaşdırılması, yeni məhkəmə binalarının, o cümlədən son tamamlama işləri görülən Yasamal Rayon Məhkəməsinin ən müasir tələblərə cavab verən binasının tikintisi üzrə görülən işləri diqqətə çatdıran Ələddin Cəfərov təkcə son 4 il ərzində ölkəmizdə 20-dək yeni regional məhkəmələrin, o cümlədən apelyasiya, ağır cinayətlər, inzibati-iqtisadi məhkəmələrin fəaliyyətə başladığını dedi. Azərbaycanda həyata keçirilən islahatların mütərəqqi xarakterini görən Dünya Bankı maliyyə və texniki dəstək vermək niyyətini bildirərək ölkədə ədliyyə sisteminin müasirləşdirilməsi məqsədilə güzəştli şərtlərlə kredit layihəsi hazırlamış və bunun əsasında intensiv tikinti işləri aparılır.

Ələddin Cəfərov qeyd etdi ki, məhkəmə fəaliyyətini tənzimləyən qanunvericiliyə 2010-cu il iyunun 22-də edilmiş dəyişikliklər və məhkəmə sisteminin təkmilləşdirilməsinə dair dövlət başçısının ötən ilin 15 iyul və 9 avqust tarixli fərmanlarının ədalət mühakiməsinin səmərəliyinin artırılmasında mühüm rolu olmuşdur. Həyata keçirilən islahatlar çərçivəsində yeni qanunvericiliyə uyğun olaraq əhalinin məhkəmələrə müraciət imkanlarının asanlaşdırılması məqsədilə ölkənin əlavə dörd bölgəsində regional ağır cinayətlər məhkəmələrinin təsis edilməsi, dövlət orqanları tərəfindən insan hüquqlarına ciddi əməl olunmasının təmin edilməsi məqsədilə ölkəmizin tarixində ilk dəfə olaraq yeddi bölgədə inzibati-iqtisadi məhkəmənin yaradılması, hərbi məhkəmə sisteminin təkmilləşdirilməsi, habelə hakim ştatlarının sayının daha 25 faiz artırılması xüsusi əhəmiyyət kəsb etmişdir.

Ümumiyyətlə, məhkəmələrin şəraitinin yaxşılaşdırılması, hakimlərin sayının artırılması, onların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində həyata keçirilən kompleks tədbirlər cəmiyyətdə məhkəmə hakimiyyətinin müstəqil statusunu möhkəmləndirmək və ictimaiyyətin ona inamını daha da yüksəltmək məqsədinə xidmət edir. 2010-cu ildə regionlarda ağır cinayətlər məhkəmələrinin yaradılması, yerli iqtisad məhkəmələrin fəaliyyətinin təkmilləşdirilməsi, bəzi hərbi məhkəmələrin ləğvi də bu qəbildən olan tədbirlərin uğurlu davamı kimi xarakterizə olunmalıdır.

Daha sonra Ələddin Cəfərov Azərbaycan Respublikası Ümumi Məhkəmə Hakimlərinin İctimai Birliyinin hesabat dövründə fəaliyyəti barədə ətraflı məlumat verdi. Bildirdi ki, Azərbaycanda ümumi məhkəmə hakimlərini birləşdirən birliyin üzvlərinin sayı ötən illə müqayisədə xeyli artaraq 340 nəfəri ötmüşdür. Assosiasiya dünyadakı mövcud analoji qeyri-hökumət təşkilatları ilə qarşılıqlı faydalı əməkdaşlığı və təcrübə mübadiləsini də fəaliyyətində prioritet məsələlərdən biri sayır. Bu məqsədlərə nail olmaq, beynəlxalq əlaqələri daha da genişləndirmək, xarici məhkəmə təcrübəsini yaymaq məqsədilə bu qurum Beynəlxalq Hakimlər Assosiasiyası (BHA) ilə fəal əməkdaşlıq edir. Son iki ildə Azərbaycan nümayəndə heyəti BHA-nın Mərakeş, Fransa, Malta və Türkiyədə keçirilən toplantılarında yaxından iştirak etmişdir. Həmin tədbirlərdə iştirak, ilk növbədə Azərbaycanda həyata keçirilən məhkəmə islahatlarının beynəlxalq miqyasda təbliği, ümumən ölkəmiz haqqında obyektiv, dolğun ictimai rəyin formalaşdırılması baxımından mühüm addım olmuşudr. Bu tədbirlər fonunda bir daha aydın görünür ki, cəmi 20 illik müstəqillik tarixi olan Azərbaycan bir çox Qərb dövlətlərinin onilliklər boyu qət etdiyi inkişaf səviyyəsinə qısa müddətdə çata bilmiş, ölkəmizdə hüquqi dövlət ideyası praktik cəhətdən gerçəkləşmişdir.

Ələddin Cəfərov bildirdi ki, Azərbaycan Respublikası Ümumi Məhkəmə Hakimləri Assosiasiyası bundan sonra da öz qarşısında duran vəzifələrin layiqincə yerinə yetirilməsi, o cümlədən Azərbaycan hakimlərinin beynəlxalq miqyasda lazımi səviyyədə təmsilçiliyi, habelə xarici ölkələrin məhkəmə təcrübəsinin öyrənilməsi üçün bütün imkanlardan yararlanmaq əzmindədir. Dövlətimizin iqtisadi imkanları artdıqca məhkəmə-hüquq sisteminin müasirləşdirilməsi və təkmilləşdirilməsi istiqamətində tədbirlər də uğurla davam etdiriləcəkdir.

Yığıncaqda Şirvan Apelyasiya Məhkəməsinin hakimi Əhməd Nurməmmədov, Sumqayıt Apelyasiya Məhkəməsinin hakimi Hüseyn Nəbiyev, Şəki Apelyasiya Məhkəməsinin hakimi İnşallah Quliyev birinci instansiya məhkəmələrində çıxarılmış hökmlərin apelyasiya qaydasında ləğvinə və ya dəyişdirilməsinə səbəb olmuş hallar, bank kreditləri ilə bağlı mübahisələr üzrə baxılan mülki işlərin xüsusiyyətləri, tibbi xarakterli məcburi tədbirlərin tətbiqinin bəzi məsələlərinə dair mövzularda çıxış etdilər. Çıxışlar zamanı məhkəmə fəaliyyətinin aktual məsələləri ətrafında səmərəli müzakirələr, təcrübə və fikir mübadiləsi aparılmış, xarici ölkələrdə xidməti ezamiyyətdə olmuş hakimlər öz təəssüratlarını bölüşmüş, qabaqcıl dünya təcrübəsi və məhkəmə fəaliyyəti sahəsində müsbət yeniliklər barədə həmkarlarına məlumat vermişlər.

Yığıncaqda Azərbaycan Respublikası Ümumi Məhkəmə Hakimləri Assosiasiyasının İdarə Heyətinin yeni tərkibi seçildi. Yasamal Rayon Məhkəməsinin sədri Ələddin Cəfərov Assosiasiyanın sədri, Ali Məhkəmənin hakimi Tapdıq Mahmudov isə  Assosiasiyanın sədr müavini seçildilər.

 

 

Rəşad CƏFƏRLİ,

Azərbaycan.-2011.-18 dekabr.-S.5.