«Avropa: Mən mübarizə aparıram, mən qalib gəlirəm»

 kitabının Azərbaycan dilinə tərcümə olunmuş variantının

 təqdimatı keçirilmişdir

 

 

Dekabrın 20-də Bakıda Belçikanın sabiq Baş naziri, Avropa Xalqları Partiyasının (AXP) sədri, tanınmış ictimai-siyasi xadim Uilfrid Martensin "Avropa: Mən mübarizə aparıram, mən qalib gəlirəm" kitabının Azərbaycan dilinə tərcümə olunmuş variantının təqdimat mərasimi keçirilmişdir.

Mərasimdə Milli Məclisin deputatları, diplomatlar, ictimai-siyasi xadimlər, ziyalılar və jurnalistlər iştirak etmişlər.

Tədbirdə çıxış edən Milli Məclis sədrinin müavini Bahar Muradova kitabın mahiyyətindən danışmış, nəşrin siyasətlə məşğul olanlar üçün maraqlı vəsait olduğunu bildirmişdir. Qeyd edilmişdir ki, kitabda müəllifin yarım əsrlik siyasi fəaliyyəti və zəngin həyat yolu ilə bağlı maraqlı məqamlar öz əksini tapmışdır.

Avropanın tanınmış və nüfuzlu siyasətçilərindən biri olan U.Martensin dünyada baş verən proseslərdəki fəal iştirakından danışan Milli Məclis sədrinin müavini məhz onun təşəbbüsü ilə yaradılmış AXP-nin səyi nəticəsində Avropa İttifaqının daha da genişləndiyini bildirmişdir.

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov kitabda Avropa dəyərlərinin qorunması ilə bağlı çox önəmli fikirlərin öz əksini tapdığını söyləmişdir.

AXP-nin önəm verdiyi dəyərlər və prinsiplərin hakim Yeni Azərbaycan Partiyasının (YAP) apardığı siyasətlə tam uyğun olduğunu vurğulayan S.Seyidov hər iki təşkilat arasında əlaqələrin bundan sonra daha da genişlənəcəyinə ümidvar olduğunu vurğulamışdır.

Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının həmsədri Xose Klaveriya de Venesiya Avropa dəyərləri ilə bağlı çox vacib fikirlərin öz əksini tapdığı bir kitabın Azərbaycan dilinə tərcümə olunmasının bu ölkənin oxucu kütləsində geniş marağa səbəb olacağını bildirmişdir.

Sivilizasiyalararası dialoqun mərkəzinə çevrilən və dünyada tolerantlıq məkanı kimi tanınan Azərbaycanda son illər sürətli iqtisadi inkişaf proseslərinin getdiyini qeyd edən Klaveriya de Venesiya gənclik illərindən siyasi proseslərə qoşulan U.Martensin Belçikanın Baş naziri olduğu dövrlərdə dəfələrlə ölkəsini dərin böhranlardan çıxardığını diqqətə çatdırmışdır.

Tədbirdə digər çıxış edənlər bildirmişlər ki, kitabda Avropadünya siyasətinin çox maraqlı, dəyərli məqamları, müəllifin özünün də iştirakçısı olduğu ictimai-siyasi proseslərə birbaşa təsir edən hadisələr qələmə alınmışdır. Almaniyanın kansleri Angela Merkelin kitaba ön söz yazması nəşrin əhəmiyyətinin göstəricisidir.

On fəsildən ibarət kitabda ümumilikdə 235 yazı yer almış, müəllifin müxtəlif görüşlərdən, beynəlxalq toplantılardan çəkilmiş çox maraqlı 46 fotosu da verilmişdir. Kitab Beynəlxalq Avrasiya Mətbuat Fondunun dəstəyi ilə AzərTAc tərəfindən Azərbaycan dilinə tərcümə olunub redaktə edilmişdir.

Mərasimdə çıxış edən müəllif Uilfrid Martens Azərbaycana ilk dəfə 2010-cu ilin martında kitabın ingilis dilinə tərcümə olunmuş variantının təqdimatında iştirak etmək üçün gəldiyini xatırlatmışdır.  Ölkəmizdə yenidən olmasından məmnunluğunu bildirən U.Martens demişdir: "Bu səfər mənim üçün daha önəmlidir. Çünki bu dəfə mən kitabın Azərbaycan dilinə tərcümə olunmuş variantının təqdimatında iştirak edirəm. Bu, Avropa tarixinin böyük dəyişikliklərin baş verdiyi 60 ilini əhatə edən kitaba Azərbaycanda olan marağın bariz göstəricisidir".

Kitabın tərcümə olunmasında, eləcə də təqdimat mərasiminin təşkilində zəhməti olanlara minnətdarlığını bildirən müəllif ölkəmizdə hər səfərində gördüyü qonaqpərvərliyi və Bakıda gedən sürətli quruculuq işlərini yüksək qiymətləndirmişdir.

Həyatının böyük hissəsini siyasətə həsr etdiyini deyən U.Martens Azərbaycan hökuməti, xüsusilə də, YAP ilə AXP arasında münasibətlərin yüksək səviyyədə olduğunu vurğulamış, bu əlaqələrin gələcəkdə daha da inkişaf edəcəyinə əminliyini bildirmişdir.

Azərbaycanın gözəl gələcəyinin olduğunu deyən müəllif  növbəti əsərlərində ölkəmizlə bağlı məsələlərə xüsusi yer verəcəyini də diqqətə çatdırmışdır. 

Sonra U.Martens kitabın Azərbaycan dilinə tərcümə olunmuş variantının nüsxəsini YAP sədrinin müavini-icra katibi, Milli Məclisin deputatı Əli Əhmədova təqdim etmişdir.

 

 

AzərTAc

Azərbaycan.-2011.-21 dekabr.-S.8.