Gənc nəsil yüksək dövlət qayğısı ilə əhatə olunur

 

 

"Gənclərə müraciət edirəm: Mən sizinləyəm, mən sizi

 həmişə dəstəkləmişəm. Bu gün də dəstəkləyirəm və gələcəkdə də dəstəkləyəcəyəm".

 

 İlham ƏLİYEV

 

 Bu gün gənc nəslin müasir tələblərə uyğun inkişafı, onun intellektual potensialının daim zənginləşdirilməsi, beynəlxalq aləmdə ölkəni layiqincə təmsil etməsi dövlətin diqqət yetirdiyi prioritet sahələr sırasında yer alır. Sürətli tərəqqiyə can atan cəmiyyət qarşısında duran mühüm vəzifələrdən biri gənclərlə bağlı dəqiq və hərtərəfli düşünülmüş siyasətin həyata keçirilməsidir.

Belə bir siyasətin mövcudluğu gəncliyin özünüifadəsi üçün geniş imkanlar yaradır, onun milli inkişaf prosesində aparıcı rol oynamasını şərtləndirir.

Dövlətin həyata keçirdiyi gənclər siyasəti bu nəslin nümayəndələrinin ictimai-siyasi və sosial-mədəni həyata daha fəal cəlb olunmasını şərtləndirməklə yanaşı, həm də müasir Azərbaycanın dinamik tərəqqisi naminə gənclərin öz potensialının sərbəst, səmərəli şəkildə reallaşdırmasına yol açır. Buna paralel olaraq gənclərin müasir biliklərə, dünyagörüşünə yiyələnməsi istiqamətində məqsədyönlü addımlar atılır, müvafiq tədbirlər görülür. Nəticə etibarilə gənclərin təhsili, sağlamlığı,  intellektual inkişafı üçün ölkəmizdə hərtərəfli şərait yaradılır.

Azərbaycan gənclərinin sağlam ruhda böyüməsi və layiqli vətəndaşlar kimi yetişməsi üçün ötən illər ərzində ölkə rəhbərliyi tərəfindən ardıcıl və sistemli tədbirlər həyata keçirilmişdir. Ümummilli liderin zəngin dövlətçilik fəaliyyətində gənclər siyasəti xüsusi yer tuturdu. Heydər Əliyev Azərbaycan gəncliyini aydın inkişaf yoluna çıxarmış, cəmiyyətin bu əhəmiyyətli təbəqəsinin hərtərəfli inkişafı istiqamətində mühüm addımlar atmışdır.

1994-2003-cü illərdə gənclər siyasətinin hüquqi bazası yaradılmış, bu sahədə əsas vəzifələr və istiqamətlər müəyyənləşdirilmişdir. 1996-cı il fevralın 2-də müstəqil Azərbaycan Respublikası gənclərinin I forumu keçirilmişdir. Gənclərin həyatında çox önəmli və yaddaqalan bir hadisəyə çevrilmiş forumdan sonra ölkədə bu nəslə yeni münasibət açıq-aydın hiss olundu. Hər il fevral ayının 2-nin Azərbaycanda Gənclər Günü kimi qeyd olunması barədə sərəncam imzalayan böyük öndər bəyan etmişdi ki, "biz dövlətin və cəmiyyətin idarə edilməsində gənc nəslin qüvvəsinə arxalanacaq, onun imkanlarından maksimum istifadə edəcəyik". Bu ideya ölkə gəncləri qarşısında geniş imkanlar açdı və onlar dövlət hakimiyyəti orqanlarında məsul vəzifələrə irəli çəkildilər.

Heydər Əliyev siyasi kursunun layiqli davamçısı cənab İlham Əliyevin 2003-cü il oktyabrın 15-də respublika Prezidenti seçilməsi ilə ümummilli liderin başladığı işi davam etdirmək üçün zəmin yarandı. Son səkkiz ildə Azərbaycan Prezidentinin rəhbərliyi altında ölkəmizdə uğurla davam etdirilən gənclər siyasəti böyüməkdə olan nəslin hərtərəfli inkişafını, onun cəmiyyətin həyatında fəallığını təmin etmək məqsədilə dövlət tərəfindən həyata keçirilən tədbirlər sistemidir.

Hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə genişmiqyaslı sosial-iqtisadi inkişaf strategiyası uğurla gerçəkləşdirilir. Gəncləri milli vətənpərvərlik ruhunda tərbiyə etmək, onları sağlam, nikbin, xoşbəxt görmək üçün ölkəmizdə sosial-iqtisadi vəziyyət ildən-ilə daha da yaxşılaşır. Bu gün Azərbaycan dövləti demokratik inkişaf yolu tutaraq gənclərin bu istiqamətdə, bu şəraitdə tərbiyə olunmasına, intellektual inkişafına çalışır. Son səkkiz ildə gənclərimizin hərtərəfli inkişafı, onların intellektual səviyyəsinin yüksəldilməsi üçün bütün imkanlardan istifadə edilir.

Dövlətin gənclər siyasətinin əsas istiqamətləri "Gənclər siyasəti haqqında" Azərbaycan Respublikası Qanunu ilə aşağıdakı kimi müəyyənləşdirilmişdir:  gənclərin mənəvi-əxlaqi tərbiyəsi və mədəni həyatda iştirakı; istedadlı gənclərə dövlət qayğısı; gənclərin sağlamlığının qorunması və fiziki inkişafı; gənclərin məşğulluğunun təmin edilməsi; gənc ailələrə dövlət yardımı; gənclər təşkilatlarına dövlət yardımı.

Dövlət başçısı ölkədə gənclər siyasətini uğurla davam etdirərək müvafiq sərəncamı ilə 2007-ci ili Gənclər ili elan etmişdir. O vaxt Prezident İlham Əliyev bu nəslin təmsilçiləri ilə görüşündə deyirdi: "Gənc nəslin yetişdirilməsi hər bir ölkə üçün ən başlıca məsələdir. Çünki gələcəkdə ölkənin müqəddəratı indiki gənclərdən asılı olacaqdır. Nəsillər dəyişir, ölkələr inkişaf edir. Ancaq ənənələr yaşayır, milli dəyərlər yaşayır və ölkənin hərtərəfli, uğurlu inkişafı üçün, Azərbaycan xalqının rifah halının yüksəldilməsi üçün hər bir vətəndaş, hər bir insan öz əməyini göstərməlidir. İndiki gənclər müstəqillik dövründə formalaşırlar. Bu, böyük xoşbəxtlikdir, böyük səadətdir. Gənclərdən bir şey tələb olunur ki, onlar yaxşı oxusunlar, bilikli, savadlı olsunlar, öz Vətəninə sadiq olsunlar və özlərinin fəaliyyəti ilə bu gün və gələcəkdə ölkəmizin inkişafına xidmət göstərsinlər".

Bu sərəncam dünya azərbaycanlılarının hər birinin ailəsində böyüyən gənc üçün, ilk növbədə cəmiyyətin inkişafı, xalqın elmi-texniki, ziyalı potensialının yüksəlməsi, tərəqqisi üçün əlverişli şərait yaratdı.

Dövlət tərəfindən gənclərə göstərilən yüksək diqqət və qayği ildən-ilə artmaqdadır. Tələbələrin I yaradıcılıq festivalının, yaradıcı gənclərin I ümumrespublika toplantısının keçirilməsi buna əyani misaldır. Gəncləri cəmiyyətin aparıcı qüvvəsinə çevirmək məqsədilə 2005-ci ildə "Azərbaycan Gəncliyi Dövlət Proqramı (2005-2009-cu illər)" qəbul edilmişproqrama uyğun olaraq ardıcıl tədbirlər həyata keçirilmişdir. Bu mühüm dövlət sənədini hər bir gəncə ünvanlanmış qayğı kimi də qiymətləndirmək olar. Ölkəmizin dünya birliyinə inteqrasiya etdiyi bir dövrdə belə bir proqramın qəbul edilməsi gənclərlə aparılan işin konseptual əsaslarının konkretləşməsinə kömək edir.

Sivilizasiyanın innovativ inkişafına daha çox üstünlük verildiyi bir vaxtda gənclər siyasəti kompleks elmi tədqiqatlar əsasında formalaşdırılır və sistemli şəkildə reallaşdırılır. Bu siyasətin həyata keçirilməsində müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqi gənclərlə işin səmərəsini artırmaqla yanaşı, onların informasiya cəmiyyətinə uyğunlaşmasına real zəmin yaradır. Cəmiyyətin intellektuallaşmasında məhz informasiya böyük əhəmiyyət kəsb edir. Son illər qəbul olunmuş digər dövlət proqramlarının əksəriyyətində də gənclərlə bağlı bəndlər öz əksini tapmışdır.

Məktəblərin kompyuterləşdirilməsi, gənc vətəndaşların virtual dünyaya çıxışının təmin edilməsi, onların informasiya texnologiyaları ilə işləmək vərdişlərinə yiyələnməsi üçün atılan məqsədyönlü addımlar ölkədə informasiya cəmiyyətinin inkişafı baxımından böyük əhəmiyyət kəsb edir. Bu baxımdan ölkə başçısının "Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin informasiyakommunikasiya texnologiyaları ilə təminatı proqramı (2005-2007-ci illər)" mühüm sənəd kimi diqqəti cəlb edir. Ölkədə təhsilin keyfiyyətinin artırılmasına, milli təhsilin dünya təhsil sisteminə inteqrasiyasına imkan yaradan, əhalini informasiya cəmiyyətinin üzvlərinə çevirən bu proqram uğurlu nəticələr vermişdir. "Təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı (2008-2012)" da bu istiqamətdə atılmış növbəti vacib addımlardandır.

Ölkə başçısı elm-təhsil sahəsində böyük yüksəlişin təmin olunmasını ən başlıca prioritetlərdən biri kimi irəli sürmüşdür. Bu sahənin inkişafı üçün dövlət büdcəsindən ayrılan vəsaitin həcminin ildən-ilə artırılması, müəllimlərin əməkhaqlarında, tələbə, magistrant və aspirantların təqaüdlərində özünü göstərən əsaslı artımlar, habelə məktəblərin dərsliklərlə pulsuz təmin edilməsi dövlət rəhbərinin bu əhəmiyyətli sahəyə daimi diqqət və qayğısının bariz ifadəsidir.

Azərbaycan gənclərinin dünyanın qabaqcıl ali təhsil müəssisələrində təhsil alması və vətənə savadlı kadrlar kimi dönməsi üçün bir çox mühüm addımlar atılmışdır. Prezident İlham Əliyevin  gənclərin xarici ölkələrdə təhsil almasını nəzərdə tutan "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı", dövlət başçısının təşəbbüsü ilə 5000 gəncin xaricə təhsil almağa göndərilməsi ayrıca qeyd olunmalıdır. Çünki bu, Azərbaycan liderinin həm gənclərə, həm də təhsilə nə qədər yüksək qayğı göstərməsinin bariz nümunəsidir. Məhz bu qayğının nəticəsidir ki, hazırda minlərlə azərbaycanlı gənc dünyanın aparıcı ali məktəblərində təhsil alır. Qarşıdan gələn illərdə yenə də minlərlə azərbaycanlı gənc inkişaf etmiş ölkələrin təhsil ocaqlarına dövlətin qayğı və himayəsi altında oxumağa göndəriləcək. Bütün bunlar Azərbaycan gəncliyinin, eləcə də cəmiyyətin intellektual inkişafına kömək göstərməklə bərabər, bütövlükdə ölkənin gələcəyinin etibarlı təməlini qoyur.

Xaricə oxumağa göndərilən gənclər təhsil aldıqları müddət ərzində daim hərtərəfli dövlət qayğısı ilə əhatə olunurlar. Onlar biliklərini artırmaqla bərabər, təmsil etdikləri ölkəni dünya miqyasında daha da yaxşı tanıtmaq üçün təşkilatlanaraq fəal aparır, bir növ xalqın elçisi kimi çıxış edirlər.

Prezident İlham Əliyevin ölkədə aparılan kadr islahatları zamanı gənclərə göstərdiyi etimad diqqəti cəlb edir. Ölkə başçısı bununla bağlı demişdir: "Bugünkü gənclər bir neçə ildən sonra Azərbaycanın bütün idarəetmə sistemində əsas rol oynayacaqlar. Ona görə gəncləri inamla qabağa çəkmək lazımdır, məsul vəzifələrə təyin etmək lazımdır ki, onlar işləsinlər, gözəl təcrübə əldə etsinlər və beləliklə, gələcək fəaliyyət üçün hazır olsunlar".

Bütün bunların nəticəsi olaraq son illər ölkədə gedən hüquqi, demokratik dövlət quruculuğu prosesində gənclərin fəallığı xeyli artmışdır. Bu gün gənclər fəal sosial təbəqə kimi cəmiyyətin inkişafında yaxından iştirak edirlər. Onlar ən mötəbər kürsülərdən sözlərini demək imkanı qazanmışlar. Yüksək intellekti və bacarığı ilə seçilən gənclər dövlət idarəetmə orqanlarında məsul vəzifələr tutur, biliklərini cəmiyyətin tərəqqisi naminə sərf edirlər.

Prezident İlham Əliyevin təsdiq etdiyi "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nda qarşıya qoyulan vəzifələr arasında ölkədə bədən tərbiyəsi və idmanın inkişafı ilə bağlı mühüm məsələlər də öz əksini tapmışdır. Əhalinin sağlam həyat tərzini təmin etmək məqsədilə hər bir vətəndaşın bədən tərbiyəsi və idmanla məşğul olması üçün aparılan işlər bundan sonra da davam etdiriləcək. Böyüməkdə olan nəslin hərtərəfli inkişafını təmin etmək üçün bədən tərbiyəsi və idmana xüsusi diqqət yetirilir. Bu sahədə dövlət siyasəti vətəndaşların sağlamlığının yaxşılaşdırılmasını, insanlarda yüksək mənəvi keyfiyyətlərin tərbiyə olunmasını, vətənin müdafiəsinə hazırlığın təmin edilməsi üzrə ardıcıl tədbirlərin həyata keçirilməsini nəzərdə tutur.

 

2010-2013-cü illərdə ölkənin şəhər və rayonlarında bədən tərbiyəsi və idmanın maddi-texniki bazasının möhkəmləndirilməsi və beynəlxalq standartlara uyğunlaşdırılması davam etdiriləcək. Bədən tərbiyəsi və idmanın inkişafının elmi əsaslar üzərində qurulması istiqamətində də genişmiqyaslı işlər həyata keçiriləcək.

Ümumiyyətlə, ötən səkkiz ilə nəzər salsaq, ölkədə gənclər siyasətinin uğurla davam etdirildiyinin şahidi olarıq. Dövlət başçısının uzaqgörən siyasəti ilə ölkəmizdə ictimai-siyasi sabitlik, iqtisadi yüksəliş, milli-mədəni dirçəliş təmin edilmişdir. Gənclər vətənin tərəqqisi naminə dövlətin yeritdiyi daxilixarici siyasətə tam dəstək verir, qarşıya qoyulmuş vəzifələri həyata keçirmək üçün qüvvə və bacarıqlarını əsirgəmirlər.

Bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən gənclər siyasəti gələcəyin qurucuları olan bu nəslin vətənpərvərlik, azərbaycançılıq, dövlətçilik ruhunda tərbiyə olunmasında müstəsna rol oynayır. Belə bir prioritet siyasət həmçinin gəncliyin Azərbaycan xalqının tarixi-mədəni irsinə, milli-mənəvi və ümumbəşəri dəyərlərə hörmət ruhunda formalaşmasına xidmət edir. Cəmiyyətin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında gənclərin fəal iştirakının təmin edilməsi onların intellektual və yaradıcılıq potensialını ümummilli məsələlərin həllinə yönəltmək məqsədi güdür.

Gənc mütəxəssislərin işlə təmin edilməsi və onların digər sosial-iqtisadi problemlərinin həlli də dövlətin gənclər siyasətinin prioritet istiqamətlərindəndir. Prezident İlham Əliyevin 7 iyul 2011-ci il tarixli sərəncamı ilə təsdiq etdiyi "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramı gənclərə yüksək diqqət və qayğının yeni real nümunəsidir. Sərəncam gənclər siyasətinin hüquqi bazasını təkmilləşdirməklə yanaşı, gənclərin menecment sahəsində fəal iştirakına şərait yaratmaq, gənc mütəxəssisləri işlə təmin etmək və digər sosial-iqtisadi problemlərini həll etmək kimi mühüm məqsədlərə xidmət edir. Dövlət proqramının hazırlanaraq icraya yönləndirilməsi gənclərin üzləşdikləri problemlərin həlli ilə bərabər, onların cəmiyyətin həyatında rolunun genişlənməsinə şərait yaradacaq.

Prezidentin gənclərlə birbaşa təması, onların arzu və istəklərini elə gənclərin öz dilindən eşitməsi də böyüməkdə olan nəslə yüksək diqqət və həssas münasibətinin göstəricisidir. Bu il aprelin 21-də Prezident İlham Əliyevin müxtəlif sahələrdə uğur qazanmış bir qrup gənc və tələbə təşkilatının nümayəndələrini qəbul etməsi, onlarla apardığı söhbət, görüş zamanı irəli sürülmüş təkliflərə dövlət başçısının münasibəti xüsusi qeyd edilməlidir. Prezident gənclərlə həmin görüş zamanı demişdir: "Ölkəmiz müasir dövlətə çevrilməlidir və bu istiqamətdə biz çox vacib addımlar atırıq. Müasirləşmə, əlbəttə ki, dövlət siyasətinin düzgün qurulmasından və bununla bərabər, gənclərin fəaliyyətindən asılıdır. Siz gənc nəslin nümayəndələrisiniz, Azərbaycan gəncləri müasir, Vətənə bağlı, millətə bağlı, dövlətçiliyə sadiq olmalıdırlar. Ancaq eyni zamanda gənclərimiz bütün mütərəqqi təcrübəyə də açıq olmalıdırlar".

Prezident İlham Əliyev görüşdə böyüməkdə olan nəslin istedadlı nümayəndələrini maraqlandıran bəzi məsələlərə də aydınlıq gətirmiş, eyni zamanda onlara tapşırıq və tövsiyələrini vermişdir. Ümumilikdə, belə görüşlərin keçirilməsi gənclərin ictimai həyatda rolunun artırılması, onların fəal sosial təbəqə kimi təşkilatlanması baxımından mühüm əhəmiyyətə malikdir. Cəmiyyətin fəal, enerjili, təşəbbüskar təbəqəsi olan gənclərin sağlam məqsədlər naminə birləşməsi ilk növbədə ölkənin inkişafına xidmət edir.

Görüşdə səslənən fikirlərdən yaranan təəssürat Prezident İlham Əliyevin inkişaf strategiyasında gənc nəslin roluna nə qədər böyük önəm verdiyini aydın surətdə nümayiş etdirir. Bütün bunlar Prezidentin gəncliyə böyük etimadının, onların fəaliyyətinə verdiyi yüksək qiymətin göstəricisidir. Gənclik isə bu etimada layiq olmağa çalışaraq, cəmiyyətin inkişafında daha yaxından iştirak edərək qazanılan nailiyyətlərə töhfəsini verir.

Cari ildə ən yaddaqalan hadisələrindən biri də "Eurovision-2011" mahnı müsabiqəsində qazanılmış qələbə idi. Almaniyanın Düsseldorf şəhərində keçirilmiş dünyanın ən mötəbər musiqi yarışı sayılan "Eurovision"da iştirak edən gənclərimiz - Eldar Qasımov və Nigar Camal qazandıqları böyük uğurla hər bir azərbaycanlını sevindirdilər. Eldar-Nigar dueti Avropa musiqi müsabiqəsində təkcə sənət zirvəsinə yüksəlmədi, həm də ölkəmizi reklam etdi. Dünyanın saysız-hesabsız kütləvi informasiya vasitələri istər-istəməz Azərbaycandan danışmalı oldular. Odlar yurdunu indiyədək yalnız neft ölkəsi kimi tanıyanlar bu diyarın həm də musiqi, incəsənətlə nəfəs aldığını yəqinləşdirdilər. Azərbaycanın adını tələffüz edə bilməyənlər artıq bunu öyrəndilər. Ölkəmizin yerini xəritədə tapa bilməyənlər tapdılar. Bütün dünya bizdən danışmağa başladı. Mahnı müsabiqəsində qazanılmış qələbəni xüsusi qeyd edən Prezident İlham Əliyev deyirdi: "Hesab edirəm ki, dünya miqyasında buna oxşar ikinci müsabiqə yoxdur. Tamaşaçı auditoriyası haradasa 100 milyondan artıq idi. Belə mötəbər yarışda birincilik əldə etmək tarixi qələbədir. Bu, Azərbaycan gəncliyinin, Azərbaycan xalqının və Azərbaycan dövlətinin qələbəsidir".

Dövlətin əsas məqsədi yüksək intellektə malik olan, geniş dünyagörüşlüinnovasiyalara maraq göstərən gəncliyin formalaşdırılmasıdır. Gənc nəslin problemlərinin kompleks həlli, onların cəmiyyətin həyatında layiqli təbəqə kimi iştirakının təmin olunması, milli adət-ənənələrə, saf dəyərlərə bağlılığı üçün dövlət səviyyəsində bütün zəruri tədbirlər həyata keçirilir.

Gənclər dövlətin diqqət və qayğısını yüksək dəyərləndirməklə yanaşı, məsuliyyətini də dərk edir və Prezident İlham Əliyevin müəyyənləşdirdiyi strateji vəzifələrin uğurla həyata keçirilməsinə, Azərbaycanın dinamik inkişaf edən qüdrətli dövlətə çevrilməsi prosesinə layiqli töhfə verməyə çalışırlar.

 

Azərbaycan.-2011.-22 dekabr.-S.6.