«Azərbaycan Prezidenti: Onun sülh naminə mübarizəsi və

gələcəyə baxışı» kitabının təqdimatı olmuşdur

 

 Xəbər verdiyimiz kimi, dekabrın 22-də "Gülüstan" sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş "Azərbaycan Prezidenti: Onun sülh naminə mübarizəsi və gələcəyə baxışı" ("The President of Azerbaijan: His struggle for peace and vision of the future") kitabının təqdimatı olmuşdur.

AzərTAc xəbər verir ki, mərasimdə dövlət və hökumət rəsmiləri, ictimai-siyasi xadimlər, ziyalılar, ölkəmizdə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri iştirak etmişlər.

Tanınmış müəllif Qrem Uilsonun "Azərbaycan Prezidenti: Onun sülh naminə mübarizəsi və gələcəyə baxışı" kitabı ingilis dilində nəşr olunmuşdur. Kitabın dünyada tanınmış bir müəllif olan Qrem Uilson tərəfindən yazılması bir daha sübut edir ki, bu gün artıq bütün beynəlxalq ictimaiyyət Azərbaycan Prezidenti İlham Əliyevi XXI əsrin lideri kimi görüronun həyata keçirdiyi daxilixarici siyasət dünyanın aparıcı ölkələri tərəfindən də qəbul olunur.

Kitabda Azərbaycanın qədim zamanlardan bu günədək olan tarixi əks edilib. Nəşrdə qədim zamanların tarixi, 23 ay yaşamış Azərbaycan Xalq Cümhuriyyəti, sovet dövrü, ulu öndər Heydər Əliyevin, Prezident İlham Əliyevin tərcümeyi-halları, onların həyat və fəaliyyətləri yer almışdır. Əsərdə qlobal proseslər təhlil olunur, 20 Yanvar hadisələri, Xocalı faciəsi haqqında da həqiqəti əks etdirən ətraflı məlumatlar verilir.

Müəllif bu kitabı yazarkən ciddi araşdırmalar aparmış, bir çox şəxslərlə görüşmüşdür. Nəşrdə Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçildiyi vaxtadək olan hadisələr əksini tapmışdır. Qrem Uilson iyirmiyədək görkəmli şəxs və dünyanın iri şirkətləri haqqında dərc edilən nəşrlərin müəllifidir. Onun ssenariləri əsasında "Discovery", "National Geographic" kanallarında filmlər çəkilmişdir.

Təqdimat mərasimi dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən uğurlu siyasət nəticəsində bütün sahələrdə qazanılmış nailiyyətlərdən bəhs edən "2003-2011-ci illərdə Azərbaycan" adlı videoçarxın nümayişi ilə başlamışdır.

 

Azərbaycan.-2011.-24 dekabr.-S.4-6.