Sabirabad Muğanın quruculuq və abadlıq ünvanına çevrilib

 

 

Muğan Azərbaycanın qədim yaşayış məskənlərindəndir. Zəngin tarixi olan bu bərəkətli diyar bütün zamanlarda diqqət mərkəzində olub. Xalqımızın ümummilli lideri Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi dövr ərzində Muğanın mərkəzi sayılan Sabirabada 14 dəfə səfər etmişdir.

Təbii ki, hər səfər xatirələrdə olduğu kimi, ölkənin  böyük potensiala malik rayonu olan Sabirabadın sosial-iqtisadi həyatında da dərin izlər qoymuş, çoxsaylı fabrik və zavodların, müxtəlif sənaye müəssisələrinin, məktəb və xəstəxanaların yeni ünvan tapması ilə tarixə çevrilmişdir.

Torpağa, halal zəhmətə qırılmaz tellərlə bağlılığı, vətəninə, dövlətinə sarsılmaz sədaqəti ilə seçilən qədirbilən Muğan camaatı həmişə qurub-yaratmaqdan zövq alıbdır. Dövlət müstəqilliyinə qovuşduğumuz 20 il Sabirabadın həyatında əsl tərəqqi, yüksəliş mərhələsi olmuşdur. Ulu öndər Heydər Əliyevin başladığı regionların genişmiqyaslı quruculuq planlarını respublika Prezidenti İlham Əliyev tükənməz enerjisi ilə davam etdirir. Bu yöndə həmişə olduğu kimi, Sabirabada yenə də xüsusi qayğı və diqqət göstərilir. Bu bölgəyə dəfələrlə səfər edən dövlət başçısı rayon əhalisinin həyat səviyyəsini hər vasitə ilə yaxşılaşdırmaq üçün zəruri tədbirlər görür, burada böyük infrastruktur layihələrinin həyata keçirilməsi üçün xüsusi sərəncamlar imzalayır. Dövlət qayğısı ilə əhatə olunan rayonun bütün istiqamətlərdə davamlı inkişafı isə göz qabağındadır. Burada son zamanlarda inşa edilmiş parklar, xiyabanlar, yeni tikilmiş yaraşıqlı binalar göz oxşayır. İndi Sabirabad öz gözəl görkəmiylə müasir şəhər təsiri bağışlayır. Rayonda əhalinin sosial ehtiyaclarına dövlət səviyyəsində həssas münasibət adamları razı salır. Bir vaxtlar problemlərə görə rayondan Bakıya, müxtəlif xarici ölkələrə başlayan axın nəinki dayanıb, indi əksinə geriyə, doğma yurda dönüş başlayıb. Necə fərəhlə qeyd etməyəsən ki, təkcə son bir ildə rayon əhalisinin sayı 3378 nəfər artmışdır. Bu artımın 2895 nəfəri kənddə yaşayanların hesabınadır. O da yaxşı haldır ki, əvvəlki illə müqayisədə bu il qeydə alınan nikahların sayı 514-dən çox olmuşdur. Bütövlükdə bu ilin 11 ayı ərzində isə 1667 yeni ailə qurulmuşdur. Məmnunluq doğuran bu vəziyyət rayonda məqsədyönlü şəkildə bərqərar edilən və dövlətin maraqlarına hesablanan yüksək həyat şəraitinin məntiqi nəticəsidir.

Bu yaxınlarda Sabirabadın 80 illiyi təntənə ilə qeyd edildi. Rayonda silsilə bayram şənlikləri keçirildi. Səksən yaşlı Sabirabad indi öz ömrünün yeni çağlarını yaşayır. Bu fikir rayonda genişmiqyaslı abadlıq, quruculuq işlərinin vüsətindən, öz simasını günbəgün dəyişib gözəlləşən bir şəhərin göz oxşayan yaraşığından, başlıcası isə bu diyarda formalaşan sağlam mənəvi-psixoloji mühitdən qaynaqlanır. Sabirabad Rayon İcra Hakimyyətinin başçısı Nazim İsmayılov bizimlə söhbətində maraqlı məqamlara toxundu:

- Respublika Prezidenti İlham Əliyevin dövlətin iqtisadi qüdrətini artırmağa, xalqın güzəranını yüksəltməyə hesablanançox böyük uğurla reallaşan müdrik siyasətinin nəticəsi göz qabağındadır. Paytaxt Bakıdan tutmuş ölkənin ən ucqarlarınadək bütün bölgələrdə möhtəşəm quruculuq işləri gedir. Bu gün kəndlərimizə çəkilən yeni yollar öz rahatlığına görə heç də "İpək yolu"ndan geri qalmır. Bu gün Sabirabad böyük inşaat meydanına bənzəyir. Hər tərəfdə tikinti, abadlıq, quruculuq işləri gedir. Yollar çəkilir, məktəblər, xəstəxanalar tikilir, təbii qaz, içməli su xətləri istifadəyə verilir, bölgə üçün həyati əhəmiyyətə malik kanalizasiya sistemi qurulur. Bütün bunlar dövlət qayğısının konkret göstəriciləridir. Ən əsası isə odur ki, dövlətin qayğı və diqqəti Muğan camaatında böyük nikbinlik, yüksək əhval-ruhiyyə doğurub. El gözü tərəzidi, deyirlər. İndi adamlar populist çıxışlara deyil, əmələ, real işlərə inanırlar. Görürlər ki, hər açılan səhərimiz daha işıqlı, daha nurludur. Görünən fərəhli işlər isə sabaha inamı artırır, ürəklərə yeni təpər, qollara yeni güc gətirir.

Sabirabadlılar 2011-ci ilin 5 may tarixini əlamətdar hadisələrlə dolu bir gün kimi yaddaşlarında yaşadırlar. O vaxt respublika Prezidenti İlham Əliyev bölgəyə səfər etmişdi. Dövlət başçısı Sabirabad-Qasımbəyli-Narlıq-Qaraqaşlı avtomobil yolunun 15 kilometrlik hissəsinin yenidənqurmadan sonra açılışında iştirak etmişdi. KürAraz çaylarının daşması nəticəsində yaranmış təbii fəlakətin fəsadlarının aradan qaldırılması məqsədilə rayonun 33,5 min nəfər əhalisinin yaşadığı 17 yaşayış məntəqəsini birləşdirən 68 kilometrlik yolun əsaslı şəkildə yenidən qurulmasına dövlət başçısının imzaladığı sərəncamla Prezidentin Ehtiyat Fondundan ayrılan vəsait hesabına yolun 15 kilometrlik hissəsi yenidənqurma işlərindən sonra istifadəyə verilmişdir. Artıq yolun qalan hissəsində də əsaslı təmir başa çatmışdır. Beləliklə, bu yol sakinlərin tam istifadəsindədir.

Sel fəlakəti bölgə üçün ciddi təhlükə yaratdığı o gərgin anlarda Sabirabad camaatı dövlət başçısını yanında gördü. Bu sadəcə təsəlli deyildi. Hər bir ölkə vətəndaşının təhlükəsizliyinə Prezident tərəfindən verilmiş təminatın əyani göstəricisiydi. Hər kəsin yaxşı yadındadır ki, Prezident İlham Əliyevin fəlakət bölgəsinə gəlişiylə bütün ölkənin ürəyi sanki Muğanda döyünməyə başladı. Dövlət səviyyəsində o vaxt işlər elə məharətlə təşkil edildi ki, təbiətin son dərəcə ağır sınağından insan itkisi olmadan çıxa bildik. O zaman fəlakətlə üzləşən rayon əhalisi ilə görüşdə dövlət başçısı qısa bir zamanda yeni evlər, məktəblər, xəstəxanalar tikiləcəyini, yollar çəkiləcəyini vəd etmişdi. Prezidentin bölgəyə növbəti səfəri isə tamam fərqli mənzərə yaratmışdır. Təbii fəlakətin nəticələri qısa müddətdə aradan qaldırılmışdı. Uçmuş evlərin əvəzinə mişar daşından yaraşıqlı evlər tikilmiş, məktəblər, xəstəxanalar əsaslı təmir edilmiş, sel sularının dağıtdığı torpaq yolların yerində yeni asfalt yollar çəkilmişdi. Qasımbəyli kəndində ictimaiyyətin nümayəndələri ilə görüşdə Prezident İlham Əliyev demişdir: "O vaxt bütün dövlət qurumları, eyni zamanda, özəl şirkətlər çox gözəl, fəal işlədilər. Bütün şərait, hətta tibb məntəqələri də yaradıldı. Uşaqların oxuması üçün şərait yaradıldı. Çadırlar quruldu, isti yeməklər təşkil olundu. Yəni, bütün xalqımız səfərbər olundu. Nə üçün?! Çünki vətəndaşlarımız çətin vəziyyətə düşmüşdü.

Bu təbii fəlakət qarşısında biz öz gücümüzü və xalqın səfərbərliyini göstərdik. O zaman burada olarkən qarşıya vəzifə qoymuşdum ki, bütün işlər qısa müddət ərzində görülməlidir. Bərpa işləri aparılmalıdır, evlər tikilməlidir. Bir neçə ay ərzində evlərin böyük əksəriyyəti tikilmişdir. Çox böyük vəsait tələb olundu. Biz dövlət büdcəsinə əlavə etdik. Böyük məbləğ təşkil olundu. Təkcə Sabirabad rayonunda dövlət hesabına minə yaxın gözəl ev tikilmişdir. Siz yaxşı bilirsiniz ki, burada evlərin çoxu çiy kərpicdən tikilmişdi. Su dəyən kimi uçub dağılmışdı. İndi yaxşı şəraitli gözəl daş evlərdir, gözəl məktəblərdir.

Ona görə bir də demək istəyirəm ki, bu hadisə bizim üçün bir sınaq idi. Biz bu sınaqdan şərəflə çıxdıq. Digər tərəfdən, ölkəmizin gücünü göstərdik. Biz bütün bu işləri öz hesabımıza, heç bir itki vermədən görə bildik. Bu gün həmin gözəl işlərin nəticələrini görürük. Ancaq yenə də deyirəm, mən hesab edirəm ki, gördüyümüz bu işlər görəcəyimiz işlərin bir hissəsidir".

Sabirabad həmişə dövlət qayğısının mərkəzində olub. Bu qayğı, xüsusi münasibət indiözünü qabarıq şəkildə göstərir. Qrunt sularının səviyyəsinin yuxarı olması və bu səbəbdən rayon ərazisinin müxtəlif yerlərində  uzun illərdən bəri gölməçələrin yaranması, rayon mərkəzində çirkab suların yığnağına çevrilmiş "axmaz" adlı ərazinin qurudulması həllini gözləyən vacib problem kimi hər kəsi narahat edirdi. Xüsusilə yay aylarında bu ərazi yoluxucu xəstəliklərin təhlükəli mənbəyinə çevrilmişdi. Rayon rəhbərliyinin müraciətinə dövlət səviyyəsində müsbət və eyni zamanda operativ reaksiya verildi. Əlaqədar hökumət qurumları hərəkətə keçdi. İllərdən bəri rayon mərkəzi üçün, əhalinin sağlamlığı məqsədi ilə ən ağrılı bir məsələ operativ həll olundu. "Axmaz"ın qurudulması ilə bağlı xüsusi layihə hazırlandı, suyun axıdılması üçün böyük diametrli borular çəkildi, nasos stansiyası quraşdırıldı. Üstəlik, gələn il rayonun sukanalizasiya sisteminin yenidən qurulmasına başlanacağı reallaşdı.

Kənd əhalisinin içməli suya olan tələbatını ödəmək məqsədilə dövlət başçısının tövsiyəsinə əsasən rayonun 19 kəndində modul tipli su durulducu qurğu tikilib istifadəyə verilmişdir. Respublika Prezidentinin 23 avqust 2011-ci il tarixli sərəncamı ilə rayonun Şıx Salahlı, Bulaqlı, Qaratuğay, Xankeçən, Poladtuğay yaşayış məntəqələrində də modul tipli sutəmizləyici qurğuların tikintisi ilə bağlı layihə hazırlanır. Dövət başçısı səviyyəsində Neft Şirkətinə tapşırıq verilmişdir ki, iki il ərzində rayonun bütün kəndlərinin qazlaşdırılmasını başa çatdırsın.

Beləcə, Muğanda müasir tələblər səviyyəsində yeni kənd yolları çəkilir, içməli su, kanalizasiya sistemləri qurulur, məktəblər, xəstəxanalar tikilir, xidmət sahələri yeniləşir. Bir sözlə, əhalinin yaxşı yaşamasına xidmət edən müasir infrastruktur şəbəkəsi yaradılır. Respublika Prezidentinin sərəncamına əsasən rayonun Cavad kəndi ərazisində Kür çayı üzərində möhtəşəm körpünün tikintisini rayon əhalisi illərdən bəri ürəklərində bəslədikləri arzunun həyata keçməsi kimi yüksək əhval-ruhiyyə ilə qarşılayır. Hər addımda dövlətin qayğısını duyan, bundan rahatlıq tapan sabirabadlılar isə həyata nikbin nəzərlərlə baxır, sabaha inamla addımlayır, bolluq yaratmaq uğrunda mübarizədə qüvvə və bacarıqlarını əsirgəmirlər. Cari ilin 11 ayı ərzində rayon üzrə ümumi məhsul istehsalının həcmi 231 milyon manatlıq olmuşdur. Bu, keçən ilin eyni dövrü ilə müqayisədə 75,3 milyon manatlıq çoxdur. Taxıl istehsalı əvvəlki ilə nisbətən 18,480 ton artırılmışdır. İnvestisiya qoyuluşunda artım isə 31,3 milyon manata çatır.

Dövlətin qayğısından güc alan Sabirabad bu gün Muğan düzündə parlaq ulduza çevrilib. Bu münbit diyarın bacarıqlı övladları doğma yurdun hər qarışını cənnətə döndərmək üçün sözün həqiqi mənasında hünər göstərirlər. Bu yerin sahiblərinin hərarətli əllərinin nəvazişindən Sabirabad göz oxşayan, könül açan gülüstana çevrilir.

 

 

 

Lazım QULİYEV,

Azərbaycan.-2011.-29 dekabr.-S.8.