2012-2020-ci illər üçün Azərbaycan Respublikasında alternativ

 və bərpa olunan enerji mənbələrindən istifadəyə dair Dövlət

 Strategiyasının hazırlanması haqqında

 

 Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

 

Müasir dövrdə enerji resurslarına tələbatın daim artması, enerji istehsalı zamanı yaranan ekoloji problemlər və texnogen fəlakətlər, dünyada alternativ və bərpa olunan enerji mənbələrindən istifadənin sürətlə genişlənməsi regionalqlobal enerji təhlükəsizliyinin təmin olunmasında respublikamızın rolunu əhəmiyyətli dərəcədə artırır.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, 2012-2020-ci illər üçün Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadəyə dair Dövlət Strategiyasının hazırlanmasını təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyinin Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi müvafiq mərkəzi və yerli icra hakimiyyəti orqanları ilə birlikdə, bu sahədə geniş təcrübəyə malik yerli və beynəlxalq şirkətləri cəlb etməklə, ölkədəki mövcud alternativ və bərpa olunan enerji potensialından istifadəyə dair 2012-2020-ci illəri əhatə edən Dövlət Strategiyasının layihəsini 6 ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

2. Bu sərəncamın 1-ci hissəsinə əsasən Dövlət Strategiyasının layihəsi  hazırlanarkən aşağıdakılar nəzərə alınsın:

2.1. ölkədə alternativ və bərpa olunan enerji mənbələri hesabına elektrikistilik enerjisi istehsalı üzrə 2012-2020-ci illər üçün əsas istiqamətlərin müəyyənləşdirilməsi;

2.2. alternativ və bərpa olunan enerji mənbələrindən istifadə sahəsində normativ hüquqi baza yaradılması;

2.3. alternativ və bərpa olunan enerji mənbələrindən istifadəyə dair stimullaşdırıcı tədbirlər görülməsi;

2.4. daxili və beynəlxalq elmi-texniki potensiala əsaslanmaqla, iqtisadiyyatın bütün sahələrində alternativ və bərpa olunan enerji mənbələrindən istifadənin təmin edilməsi.

3. 2012-2020-ci illər üçün Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadəyə dair Dövlət Strategiyasının hazırlanmasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyinin Alternativ və Bərpa  Olunan  Enerji  Mənbələri  üzrə  Dövlət  Agentliyinə  Azərbaycan  Respublikasının 2011-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan 1,0 (bir) milyon manat ayrılsın.

4. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu sərəncamın 3-cü hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin.

5. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 29 dekabr 2011-ci il

Azərbaycan.-2011.-30 dekabr.-S.1.