Ölkə başçısının müdrik siyasəti qələbəyə

olan inamımızı sarsılmaz etmişdir

 

 Cənab Prezident!

 

Ümummilli lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı kimi Sizə böyük minnətdarlıq hissi ilə müraciət etməkdən şərəf duyur, xalqımızın xoşbəxt gələcəyi, ölkəmizin dinamik inkişafı və firavanlığı naminə səmərəli fəaliyyətinizdə yeni uğurlar arzulayırıq. Təmsil etdiyimiz Ağcabədi rayon ictimaiyyəti adından əminliklə bildiririk ki, Sizin müdrik daxilixarici siyasətinizi ürəkdən bəyənir, dəstəkləyir və bu siyasətin uğurla  reallaşması üçün bütün qüvvə və bacarığımızı sərf edirik.

Bu ilin may ayının 6-da Ağcabədiyə ikinci səfərinizin xoş təəssüratlarını yaşadığımız günlərdə Qarabağa, cəbhə bölgəsinə, Ağcabədiyə növbəti səfərinizi etdiniz. Ad gününüzü, 50 yaşınızın tamamını bizlərlə birgə keçirməklə bütün qarabağlıları şərəfləndirdiniz.

Ölkənin ən abad, ən gözəl guşələrindən birinə çevrilən Ağcabədinin çiçəklənən bugünü Sizin adınızla bağlıdır. Rayonumuzun yüksəlişinə, davamlı sosial-iqtisadi inkişafına göstərdiyiniz xüsusi qayğı və diqqət ən böyük minnətdarlığa layiqdir. May ayında Ağcabədidə olarkən Sizin sərəncamınızla əsaslı şəkildə yenidən qurulan 14 min nəfərin yaşadığı 5 yaşayış məntəqəsini birləşdirən, uzunluğu 24,5 kilometr olan Ağcabədi-Qaradolaq-Kəbirli avtomobil yolunun, sutkalıq gücü 20 ton olan Ağcabədi Süd Emalı Zavodunun, eləcə də sutkalıq gücü 250 ton olan "Atena" Süd Məhsulları Kombinatının və yeni tikilmiş şahmat məktəbinin açılışlarında, həmçinin 205 çarpayılıq müasir xəstəxana kompleksinin təməlqoyma mərasimində iştirak etdiniz. Ulu öndərə sonsuz məhəbbət və ehtiramla yenidən qurulan Heydər Əliyev parkına, Üzeyir Hacıbəyli adına Qarabağ Muğam Mərkəzinə və əsaslı təmir olunmuş rayon mədəniyyət evinə baxış keçirməyiniz, rayonda gedən tikinti-quruculuq və abadlıq işlərinə yüksək qiymət verməyiniz bizləri yeni nailiyyətlərə ruhlandırdı. Səfər zamanı rayon gənclərinin Sizə ünvanlanan müraciətinə qayğı ilə yanaşaraq bölgədə idmanın inkişafı üçün Ağcabədi Olimpiya İdman Kompleksinin tikintisi ilə əlaqədar sərəncam imzaladınız. Bu, rayon gənclərinə dövlət başçısının sanballı töhfəsi idi. Artıq olimpiya idman kompleksinin tikintisinə başlanmışdır.

Rayonumuzda bir sıra sosial problemlər, xüsusilə elektrik enerjisi, təbii qaz, içməli su təminatındakı çətinliklər artıq aradan qaldırılmışdır. Xidmət sahələrinin fəaliyyəti müasir tələblər səviyyəsinə qaldırılmış, sahibkarlığın inkişafı üçün əlverişli şərait yaradılmışdır. Aqrar sahə dinamik inkişaf yolundadır. Dövlət dəstəyinin yaratdığı stimul kəndlini torpağa daha möhkəm tellərlə bağlayır. Rayonda kənd təsərrüfatı məhsullarının istehsalı ilbəil artırılır. Son illər Ağcabədi kəndlisi ərzaq təhlükəsizliyi proqramına sanballı töhfələr verməyi ənənəyə çevirmişdir.

Cənab Prezident!

Biz cəbhə bölgəsində yaşayırıq. İnkaredilməz həqiqətdir ki, bu gün qarabağlıların Qarabağ problemindən başqa bir çətinliyi yoxdur. Bu problemin həlli istiqamətində Sizin yeritdiyiniz müdrik siyasət, dünyaya bəyan etdiyiniz  qətiyyətli və prinsipial mövqe böyük qələbəyə olan inamımızı sarsılmaz etmişdir. Biz inanırıq ki, sülh danışıqları bir nəticə verməsə, hərbi yolla olsa da torpaqlarımızı azad edəcəyik. Biz qarabağlılar isə müsəlləh əsgər kimi Ali Baş Komandanın əmrinə müntəzirik.

Cənab Prezident! Sizi Yeni il və 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə səmimi qəlbdən təbrik edir, doğma Azərbaycanımızın daha da çiçəklənməsi naminə ən xoş arzularımızı çatdırırıq. İndi Siz Azərbaycan xalqına çox lazımsınız. Tanrı Sizi qorusun.

 

 

Ağcabədi rayon ictimaiyyəti nümayəndələri adından:

Arif Quliyev, Mehdi Mehdiyev, Əli Əliyev, Rza Quliyev,

Azər Rzayev, Fəxrəddin Kərimov, Xəqani Məmmədov,

Fəridə Niftalıyeva, Miriş Ağamirov, Vidadi Cəfərov,

Tofiq Zeynalov, Şirin Şirinov, Əlağa Quliyev və digərləri. 

 

 

Azərbaycan.-2011.-30 dekabr.-S.8.