Latviyanın Azərbaycan diasporu Fransa parlamentinin aşağı

palatası tərəfindən qondarma erməni soyqırımı barədə qanun

 layihəsinin qəbul edilməsi ilə əlaqədar etiraz bildirmişdir

 

 Riqadakı "Ocaq" Azərbaycan Mədəniyyəti Mərkəzi Fransa parlamentinin aşağı palatası tərəfindən qondarma erməni soyqırımının tanınmamasının kriminal hesab edilməsi barədə qanun layihəsinin qəbul edilməsi ilə əlaqədar "dəyirmi masa" keçirmişdir.

Beynəlxalq Yaxın və Orta Şərq, Mərkəzi AsiyaSiyasi Araşdırmalar İnstitutunun direktoru Aydın Əsgərov tədbirə toplaşanlara müraciət edərək demişdir ki, Fransa parlamentinin aşağı palatasının bu qərarı tarixi həqiqətlərə əsaslanmır və beynəlxalq hüquqa ziddir. Fransanın bu cür biabırçı mövqeyi yalnız etiraza layiqdir.

İnstitutun elmi ekspert şurasının sədri Viktor Kolçak qeyd etmişdir ki, beynəlxalq münaqişələrin həlli üsulu dövlətin ehtiyatlarının qarşıdurmalara, bütöv ölkələrin məhv edilməsinə deyil, əməkdaşlığa yönəldilməsinə xidmət etməlidir. V.Kolçak vurğulamışdır: "1915-ci ildən yüz il keçir, o dövrün hadisələri ilə məşğul olmaq nəyə gərəkdir? Axı indi Yaxın Şərq müasir problemlərlə üzləşmişdir. Tarixin öyrənilməsi ilə peşəkar tarixçilər məşğul olmalıdırlar".

Beynəlxalq İnstitutun Qazaxıstan üzrə elmi ekspert şurasının üzvü Yuri Mosiyenko demişdir ki, əgər Fransa dövlətinin başçısı N.Sarkozi qondarma erməni soyqırımının tanınmamasının kriminallaşdırılmasına yönəlmiş belə bir addım atmaqla növbəti prezident seçkilərində "xal toplamaq" fikrindədirsə, bu, onun üçün yaxşı piardır. Lakin belə bir siyasi mövqe tutan Fransa hökuməti bu qərarın nəticələrini dərk etmir.

"Ocaq" Azərbaycan Mədəniyyəti Mərkəzinin rəhbəri Roman Əliyev demişdir ki, Fransa parlamentinin aşağı palatası tərəfindən qəbul edilmiş qanun layihəsi təsadüfi aksiya deyil, Fransadakı erməni lobbisinin fəaliyyətinin nəticəsidir. N.Sarkozinin prezidentliyini davam etdirməsi üçün bu ermənilərin ona səs verməsi vacibdir. R.Əliyev tarixə nəzər salaraq qeyd etmişdir ki, bu gün "Kim erməni lobbisinin fikri ilə razı deyildirsə qanun qarşısında məsuliyyət daşımalıdır" demək olduqca destruktiv mövqe, müstəsna siyasi intriqadır. Bu gün hətta tarixi mənbələrin açılması məsələsinin həllinin qeyri-mümkünlüyü ilə əlaqədar insanların şüuru ilə manipulyasiya edilir, tarixi sənədlər ekspertlər və tarixçilər üçün masa üzərinə qoyulmur. Bu baxımdan Türkiyənin mövqeyi açıqdır. Hər hansı tarixi həqiqəti və ya yalanı siyasi qərarlarla təsdiq etmək olmaz. Bu məsələləri tarixçilər həll etməli, bunun üçün arxivlər açılmalıdır.

R.Əliyev demişdir: "Ocaq" Azərbaycan Mədəniyyəti Mərkəzi bəyan edir ki, tarixi məsələlərin siyasi vasitələrlə həlli tamamilə destruktivdir, etnoslararası münaqişəni və ayrı-seçkiliyi qızışdırır, əməkdaşlığın möhkəmləndirilməsinə mane olur, "dondurulmuş münaqişələr"in həllinə əsla kömək etmir".

 

 

 

Nigar HÜSEYNOVA,

AzərTAc-ın xüsusi müxbiri

Riqa

Azərbaycan.-2011.-30 dekabr.-S.11.