2011-ci ildə Lənkəran şəhərinin «Azərbaycanın folklor paytaxtı» elan edilməsi ilə bağlı yekun tədbir keçirilmişdir

 

2011-ci ildə Lənkəran şəhərinin "Azərbaycanın folklor paytaxtı" elan edilməsi ilə bağlı yekun tədbir keçirilmişdir.  AzərTAc xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyinin Azərbaycanın qeyri-maddi mədəni irsinin təbliği və təşviqi məqsədilə təsdiq etdiyi "2010-2014-cü illər üçün Xalq Yaradıcılığı Paytaxtları" Proqramı ilə əlaqədar olaraq 2011-ci il üçün Lənkəran şəhəri "Azərbaycanın folklor paytaxtı" elan edilmişdir.

Bu münasibətlə il ərzində Lənkəranda nominasiyalara uyğun olaraq təntənəli mərasimlər, respublika və beynəlxalq səviyyəli elmi-praktiki konfranslar, "dəyirmi masa"lar, konsertlər, müsabiqələr, festivallar, sərgilər təşkil edilmişdir.

Yekun tədbiri çərçivəsində rayon mərkəzi kitabxanasında suvenirlərdən, el sənətkarları və tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgidə ilk dəfə yerli sənətkar Tərlan Sadıqov tərəfindən hazırlanmış milli suvenirlərin siqnal nümunələri nümayiş olunmuşdur.

Sonra rayon mədəniyyət müəssisələrinin folklor rəqs kollektivləri maraqlı konsert proqramı ilə çıxış etmişlər.

Tədbirin rəsmi hissəsində rayon mədəniyyət və turizm şöbəsinin müdiri Vasif Fərzullayev çıxış edərək il ərzində bu sahə üzrə görülmüş işlər və keçirilmiş tədbirlər haqqında məlumat vermişdir.

Folklorşünas alim, Prezident təqaüdçüsü Mirhaşim Talışlı Azərbaycanın, o cümlədən cənub bölgəsinin folklor adət-ənənələri haqqında geniş məlumat verərək belə tədbirlərin folklorumuzun və ümumiyyətlə, qeyri-maddi mədəni irsimizin inkişafına xidmət etdiyini bildirmişdir. Günün ikinci yarısında media nümayəndələri üçün infotur təşkil olunmuşdur. İnfotur çərçivəsində şəhərin və rayonun müxtəlif yerlərinə gəzintilər təşkil edilmiş, Göyşaban dairəsində, xalq sənətkarlıq şəhərciyində rayonun folklor rəqs kollektivlərinin konserti, milli mətbəx nümunələri ilə tanışlıq olmuşdur.

Günün sonunda Separadi kəndində "Nənələr" folklor mahnı və rəqs kollektivi ilə görüş təşkil edilmişdir.

Görüşdən sonra "Nənələr" folklor kollektivi, Boladi kənd klublarının "Kinəlim", Girdəni kənd mədəniyyət evinin "Vənəvşə" qızlar folklor rəqs kollektivlərinin və meyxana ustalarının iştirakı ilə konsert olmuşdur.

 

 

Azərbaycan.- 2011.- 31 dekabr.- S. 7.