İmişli aqrar-sənaye rayonuna çevrilir 

 

"Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" ölkəmizin bütün bölgələrində olduğu kimi, İmişlidə də uğurla həyata keçirilir. İmişli xüsusən son illər fərqli bir inkişaf yolu keçmişdir. Bu, sənayeləşməyə verilən böyük önəmlə bağlıdır.

İmişlidə sənaye müəssisələrinin sayı sürətlə artır. Respublikanın bölgələri arasında sənayeləşmənin səviyyəsinə görə müqayisə aparılarsa, heç şübhəsiz, İmişli ilk yerlərdən birində olar. Rayonun sənaye müəssisələrinin flaqmanı isə İmişli Şəkər Zavodudur. Cari ilin 9 ayı ərzində zavodda 76,5 milyon manatlıq məhsul istehsal edilmişdir ki, bu da rayon üzrə istehsal olunan sənaye məhsulunun 80,3 faizini təşkil edir. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə şəkər tozu, melos, mahlıc, çiyid, dəmir-beton məmulatları, asfalt, qum-çınqıl istehsalı xeyli artmışdır.

Rayonda sahibkarlığın inkişafı üçün yaradılan əlverişli şəraitin nəticəsidir ki, istehsal edilən sənaye məhsullarının 94,4 faizi özəl sektorun payına düşür. Sahibkarların təklif və müraciətlərinə rayon rəhbərliyi diqqətlə yanaşır, onları narahat edən problemlərin operativ surətdə aradan qaldırılmasını təmin edir. Təkcə bu il rayonun sahibkarları 16,3 milyon manat kredit almışlar. Bunun 4 milyon manatı uzunmüddətli olmaqla güzəştli kreditlərdir. Həmçinin Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti hesabına 193 sahibkarlıq subyektinə 763,3 min manat həcmində kreditlər verilmişdir.

Dövlətin artan qayğısı rayonda davamlı sosial-iqtisadi inkişafa stimul verməklə yanaşı, əhalinin sosial rifahının yüksəlməsini təmin edir, həyat şəraitinin yaxşılaşmasına əhəmiyyətli təsir göstərir. Prezident İlham Əliyevin uğurlu sosial siyasətinin nəticəsidir ki, regionların sosial-iqtisadi inkişafına dair birinci Dövlət Proqramının icrasına başlanandan təkcə İmişli rayonunda indiyədək 16 min 672 yeni yeri açılmışdır. Bunun da 11 min 487-si daimidir. Dövlət başçısının 11 may 2011-ci il tarixli sərəncamı ilə rayonun sosial-iqtisadi inkişafını sürətləndirmək məqsədilə Prezidentin Ehtiyat Fondundan 2 milyon manat məbləğində vəsait ayrılmışdır. Hazırda həmin vəsait hesabına rayonda bir sıra layihələr həyata keçirilir.

Başa çatmaqda olan 2011-ci il İmişlinin yüksəlişində yeni mərhələ kimi mühüm əhəmiyyət kəsb edir. Prezident  İlham Əliyevin mayın 5-də bölgəyə səfər etməsi İmişlinin ictimai-siyasi həyatında yaddaqalan hadisədir. Səfər çərçivəsində dövlət başçısı Olimpiya İdman Kompleksinin, İmişli-Qaravəlli-Mirili avtomobil yolunun, Araz çayının yeni qolu üzərində salınmış körpünün, qarışıq yem, bitki yağları, çuğundur yemqurutma zavodlarının, 40 min tonluq xammal anbarının açılışında iştirak etmişdir. Rayonda aparılan genişmiqyaslı quruculuq işlərindən razı qalan dövlət başçısı İmişli rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdə demişdir: "Ölkəmiz müstəqil ölkə kimi gəncdir. Amma ölkəmiz çox dinamik şəkildə inkişaf edir. Ölkəmizdə bütün istiqamətlər üzrə konkret proqramlar icra olunur və layihələr reallaşır. O cümlədən, bölgələrin inkişafı ilə bağlı Dövlət Proqramının ikinci hissəsi icra edilir. Bu proqram bütün bölgələri əharə edir. Hər bir rayon üzrə xüsusi tədbirlər planı varbu planlar icra edilir. O cümlədən İmişli rayonunun sosial-iqtisadi inkişafı proqramı icra edilir. Burada bütün istiqamətlər üzrə işlər gedir, sosial infrastruktur yaradılır. Gözəl olimpiya mərkəzi, məktəblər tikilir və təmir edilir. Rayon xəstəxanasının əsaslı təmiri başlanmışdır. Xəstəxana ən müasir avadanlıqla təchiz ediləcəkdir. Böyük qazlaşdırma proqramı reallaşacadır. Gələn ilin sonuna qədər İmişlinin bütün kəndləri qazlaşdırılmalıdır. Qarşıya belə vəzifə qoyulub. Əminəm ki, bu vəzifə icra ediləcəkdir. Meliorasiya, içməli su, kanalizasiya xətlərinin çəkilişi ilə bağlı müvafiq göstərişlər verilmişdironlar yaxın zamanlarda icra edilməyə başlanacaqdır".

Sənaye yönümlü inkişaf İmişlinin iqtisadi potensialını gücləndirir. 2006-cı ildən fəaliyyətə başlayan, açılışında Prezident İlham Əliyevin də iştirak etdiyi şəkər zavodu ötən illər ərzində öz imkanlarını xeyli artırmışdır. Sutkalıq istehsal gücü 1500 ton olan zavodun çoxsaylı törəmə müəssisələri yaranmışdır. "Şəkər" İstehsalat Birliyinin nəzdində yeni yaradılan spirt, qarışıq yem, bitki yağları, çuğundur yemqurutma zavodları iqtisadi cəhətdən çox səmərəli işləyir. Törəmə müəssisə olan kəllə qənd zavodunun tikintisi isə hazırda müvəffəqiyyətlə davam etdirilir.

Rayonun sənaye yönümlü inkişafı yeni istehsalemal müəssisələrinin yaranması ilə müşayiət olunur. İndi "İmişli broyler" markası ilə istehsal olunan məhsullar respublika bazarında rəğbətlə qarşılanır. Şirə, konyak və çörək zavodları, "Araz" damazlıq-quşçuluq MMC  istehsal güclərini artırırlar. Bu müəssisələrdə çalışan rayon sakinləri yüksək əməkhaqqı alırlar. Bəhrəmtəpə ərazisində tikilib istifadəyə verilmiş 50 min tonluq taxıl anbarı rayonda taxılçılığın inkişafına zəmin yaratmışdır. Bu, Ərzaq təhlükəsizliyi Dövlət Proqramına verilən sanballı töhfədir.

İmişlinin siması  gündən-günə dəyişir, gözəlləşir. Eyni zamanda, rayon əhalisinin həyat səviyyəsi sürətlə yaxşılaşır. Əhalinin elektrik enerjisi, təbii qaz və içməli su ilə təminatında uzun illərdən bəri davam edən problemlər əsasən aradan qaldırılmışdır. Dövlət başçısının tapşırıqlarına əsasən bütün kəndlərin qazlaşdırılması üçün işlər sürətləndirilir. Prezidentin sərəncamı ilə ayrılan vəsait hesabına 12 kilometrlik İmişli-Qaravəlli-Mirili avtomobil yolu əsaslı təmir edilmişdir. Araz çayının Çaxırlı kəndi ərazisindəki qolu üzərində salınan körpünü adamlar hədsiz minnətdarlıq hissi ilə qarşılayıblar. Uzunluğu 29 kilometr olan İmişli - Kürdəmir yolunun əsaslı təmiri davam etdirilir. İmişli şəhərinin su təchizatının yenidən qurulması və kanalizasiya sisteminin yaradılması layihəsinin icrasına cari ilin sentyabr ayından başlanmışdır. Yeni çəkilən su xəttinin uzunluğu 195,2, kanalizasiya xəttinin uzunluğu isə 145,5 kilometr olacaq. Ekoloji baxımdan böyük əhəmiyyət daşıyan bu zəruri layihənin 2013-cü ildə başa çatdırılması nəzərdə tutulur.

Rayonda son 7 ildə sənaye məhsulları istehsalının həcmi 14,6, tikinti-quraşdırma işlərinin həcmi 40 dəfə artmışdır. Qeyd edilən dövrdə 28 yeni məktəb binası tikilmiş, 9 məktəb əsaslı təmir olunmuşdur.

Torpaq istifadəçilərinə davamlı şəkildə artan dövlət dəstəyi rayonda aqrar bölmənin intensiv inkişafını da stimullaşdırıb. Torpağa möhkəm tellərlə bağlanan kəndli yaxşı dolanışığı naminə məhsul istehsalını artırmaqda çox maraqlıdır. Bu maraq isə yüksək nəticəni təmin edən əsas şərtdir. Cari il taxıl əkinləri sahəsi əvvəlki illə müqayisədə 4,798 hektar artmışdır. Bu artım özünü məhsul istehsalında da göstərir. Son mövsümdə rayon üzrə 45,173 ton taxıl istehsal edilmişdir ki, bu da əvvəlki ildəkinə nisbətən 19 min ton çoxdur. Heyvandarlıq, bostan-tərəvəz məhsulları istehsalında da böyük artıma nail olunmuşdur.

 

 

Lazım QULİYEV

 

Azərbaycan.- 2011.-31 dekabr.- S.  8.