Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının məlumatı

 

Yanvarın 31-də Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının növbəti iclası keçirilmişdir.

Şuranın katibliyindən AzərTAc-a bildirmuişlər ki, iclasda aidiyyəti dövlət qurumlarının müraciəti əsasında bir neçə sahə üzrə tariflərə baxılmış və müvafiq qərarlar qəbul edilmişdir. Belə ki, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin tabeliyində olan "Azərpoçt" MMC (milli operator) tərəfindən göstərilən universal poçt xidmətlərinin tariflərinə baxılmış, daxili və beynəlxalq məktub korrespondensiyaları və bağlamalar üzrə xidmətin növündən asılı olaraq yeni tariflər müəyyənləşdirilmişdir. Yeni tariflər daxili universal poçt xidmətləri üçün 20 qəpiklə 2 manat arasında dəyişir. Beynəlxalq poçt göndərişlərində isə hər bir ölkə üzrə baza tarifləri və çəkiyə görə tariflər müəyyən edilmişdir.

"Azərsu" Səhmdar Cəmiyyətinin müraciətinin Tarif (qiymət) Şurasında aparılmış müzakirəsindən sonra 1 kubmetr suyun maya dəyərinin tariflərdən xeyli aşağı olması nəzərə alınaraq tariflərə yenidən baxılmış, sudan istifadə xidmətlərinin tarifləri ƏDV daxil olmaqla əhaliyə Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan, Xırdalan şəhərləri və Abşeron rayonu üzrə 1 kubmetr üçün 30 qəpik, digər regionlarda 25 qəpik, qeyri-əhali istehlakçı qrupları üçün ölkənin bütün ərazisi üzrə 1 manat, tullantı sularının axıdılması xidmətlərinin tarifləri əhali qrupu üzrə 6 qəpik, digər istifadəçilər üçün 30 qəpik səviyyəsində müəyyən edilmişdir. Sudan xammal kimi istifadə edən istehlakçılar üçün isə tariflər dəyişdirilməmiş, hazırkı səviyyədə saxlanılmışdır. Bununla yanaşı, əhali istehlakçı qrupunda sayğacsız abonentlər üzrə bir nəfər üçün aylıq istehlak norması 6 kubmetrdən 5 kubmetrə endirilmişdir.

Tarif (qiymət) Şurasının iclasında "Azərbaycan Dəmir Yolları" QSC-nin müraciəti əsasında ölkədaxili sərnişindaşıma xidmətlərinə də baxılmış, marşrutlar üzrə biletlərin qiymətləri vaqonun tipindən asılı olaraq müəyyənləşdirilmişdir. Yeni tariflər istiqamətlərdən və məsafədən asılı olaraq adi qatarlarda 3-19 manat, sürət firma qatarlarında 14-25 manat arasında dəyişir. Tariflərə yataq dəstinin dəyəri də daxil edilmişdir. Sadə elektrik qatarlarında gediş haqqı 20 qəpiklə 2 manat arasında, sürətli elektrik qatarlarında isə 60 qəpiklə 6 manat arasında müəyyən olunmuşdur. Qərar qəbul edilərkən 1997-ci ildə təsdiq edilmiş mövcud ölkədaxili sərnişindaşıma tariflərinin bu xidmətlərə çəkilən xərclərdən dəfələrlə aşağı olması nəzərə alınmışdır.

Aparılmış təhlillər göstərir ki, yeni tariflər qonşu dövlətlər və MDB ölkələrinin uyğun tarifləri ilə müqayisədə aşağı səviyyədə olacaqdır.

Yeni tariflər 2011-ci il fevralın 1-dən qüvvəyə minəcəkdir.

 

 

Azərbaycan.- 2011.- 1 fevral.- S. 2.