Milli Məclisin yaz sessiyası başladı

 

Fevralın 1-də Azərbaycan Respublikası Milli Məclisinin yaz sessiyası öz işinə başladı. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra Milli Məclisin Sədri Oqtay Əsədov deputatları sessiyanın başlanması münasibətilə təbrik etdi və onlara qanun yaradıcılığı işində uğurlar arzuladı.

Oqtay Əsədov bildirdi ki, ötən sessiyada dördüncü çağırış Milli Məclisin 4 iclası keçirilmişdir. Bu iclaslarda 44 qanun və qərar qəbul edilmişdir. Parlament Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi quruculuq işlərini fəal dəstəklədiyini nümayiş etdirmişdir. Vətənimizin işıqlı sabahı naminə gördüyü dəyərli işlər sayəsində Prezident İlham Əliyev xalqımızın dərin ehtiramını və rəğbətini qazanmışdır. Azərbaycan Prezidentinin uzaqgörən siyasəti ölkəmizi dünyanın ən dinamik inkişaf edən dövlətləri sırasına çıxarmışdır. Azərbaycanın xoşbəxt gələcəyi bu gün dövlətimizin başçısının əzmlə həyata keçirdiyi inkişaf strategiyası ilə tam bağlıdır. Milli Məclis də ölkəmizdə aparılan islahatların, demokratikləşmə prosesinin qanunvericilik bazasının daha da möhkəmləndirilməsi və təkmilləşdirilməsi istiqamətində fəaliyyətini davam etdirəcəkdir.

Milli Məclis Sədri qeyd etdi ki, yaz sessiyasında parlamenti gərgin və maraqlı iş gözləyir. Bu sessiyada digər qanun layihələrinin müzakirəsi ilə yanaşı, Nazirlər Kabinetinin hesabatı dinləniləcək, eləcə də 2011-ci ilin dövlət büdcəsinin icrasına dair məsələ gündəliyə çıxarılacaq. Yaz sessiyasının iclaslarında Hesablama Palatasının illik hesabatı, eləcə də insan hüquqları üzrə müvəkkilin və bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən qurumun hesabatları dinləniləcək. Milli Məclisin Sədri Oqtay Əsədov əmin olduğunu bildirdi ki, parlamentin yaz sessiyası da yüksək səviyyədə keçəcək.

Sonra iclasda Avropa Şurası Parlament Assambleyasının qış sessiyası ilə bağlı Azərbaycanın bu qurumdakı nümayəndə heyətinin rəhbəri, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun məlumatı dinlənildi. Səməd Seyidov bildirdi ki, AŞ PA-nın qış sessiyasında iştirak etmiş Azərbaycan Milli Məclisinin yeni nümayəndə heyəti fəallıq nümayiş etdirmişdir. Yüksək səviyyəli nümayəndə heyətinin formalaşdırıldığı üçün təşəkkürünü bildirən Səməd Seyidovun sözlərinə görə, AŞ PA-nın qış sessiyası göstərdi ki, nümayəndə heyətimizin arxasında güclü dövlət və onun Avropada və dünyada tanınan Prezidenti var. Prezident İlham Əliyevin Avropa Şurasındakı yüksək nüfuzu və gördüyü işlər bu gün hamımız üçün böyük fəxarətdir.

Nümayəndə heyətinin rəhbəri dedi ki, 2005-ci ildə yaradılmış AŞ PA-nın Dağlıq Qarabağ üzrə alt komitəsi 2 il fəaliyyət göstərdi. Komitənin sədri dünyasını dəyişəndən sonra ermənilər onun işinin bərpa olunması əleyhinə çıxırdılar. Məmnunluq hissi ilə qeyd etmək lazımdır ki, AŞ PA-nın qış sessiyası zamanı AŞ-nin Bürosunun, prezidentinin və vitse-prezidentlərinin iclaslarında Dağlıq Qarabağ üzrə alt komitənin fəaliyyətinin bərpası müzakirə olundu, İspaniyadan olan deputat onun sədri təyin edildi. Artıq faktiki olaraq alt komitə öz işini bərpa edib, AŞ PA-nın aprel sessiyasından etibarən isə aktiv fəaliyyətə başlayacaq.

Səməd Seyidov AŞ PA-nın Azərbaycana qarşı qeyri-obyektiv olaraq "siyasi məhbus" məsələsi ilə bağlı məruzəçi təyin etməsinin qəbulolunmazlığını qeyd etdi: "Biz istəyirik ki, Azərbaycanda insan hüquqlarını araşdıran təşkilatlar başqa ölkələrdə siyasi məhbuslar axtarsınlar. Ancaq qurumun 47 üzvünün içərisində bir ölkəni hədəf seçmək, ona mənfi münasibət bəsləmək, qonşu ölkədə deputatların türmədə saxlanmasını, jurnalistlərin həbs olunmamasını görməmək qeyri-obyektivlikdir".

Gündəliyin müzakirəsinə keçməzdən əvvəl deputatlar bəzi məsələlərlə bağlı fikirlərini bildirdilər, AŞ PA-nın qış sessiyasında Azərbaycan nümayəndə heyətinin dövlətimizin maraqlarını layiqincə müdafiə etməsini yüksək qiymətləndirdilər. Deputat Azay Quliyev "siyasi məhbus" məsələsinə toxunaraq ölkəmizə qarşı haqsızlığa yol verildiyini qeyd etdi. Deputat Siyavuş Novruzov isə ATƏT-in ötən il ölkəmizdə keçirilmiş parlament seçkiləri ilə bağlı hazırladığı hesabatın qərəzli və qeyri-obyektiv olduğunu bildirdi. Deputat Zahid Orucun sözlərinə görə, Azərbaycanın AŞ qarşısındakı öhdəliklərinin yerinə yetirilməsinin başa çatdığı elan olunmalı, əməkdaşlıqla bağlı yeni "yol xəritəsi" hazırlanmalıdır.

İclasda, eyni zamanda deputatlardan Zahid Oruc, Azay Quliyev, Məlahət İbrahimqızı İranın bəzi dairələrinin Azərbaycanın daxili işlərinə qarışmasını, bu ölkənin "Səhər" televiziya kanalının Azərbaycana qarşı antitəbliğat kampaniyası aparmasını tənqid etdilər. Deputat Mübariz Qurbanlı dedi ki, biz də buna qarşı öz sözümüzü deməliyik. Onun sözlərinə görə, bununla əlaqədar Azərbaycan-İran parlamentlərarası əlaqələr üzrə işçi qrupu vasitəsilə etiraz göndərə bilərik.

Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov AŞ PA-da "siyasi məhbuslar" məsələsinin yenidən gündəmə gətirilməsinə münasibət bildirdi. Onun sözlərinə görə, bu məsələ ilə dəfələrlə rastlaşmışıq: "Çoxlu müzakirələrimiz olub və dəfələrlə məsələ qaldırmışıq ki, siz "siyasi məhbus" deyənda nəyi nəzərdə tutursunuz? Məlum olur ki, Avropanın özündə "siyasi məhbus" anlayışı yoxdur. Heç bir Avropa dövlətinin cinayət məcəlləsində "siyasi məhbus" anlayışı yoxdur. Bu anlayışı beynəlxalq sənədlərə, konvensiyalara niyə salmadıqlarını soruşanda isə məlum olur ki, bunu qəsdən edirlər. Çünki hər hansı bir dövlətin daxili işlərinə qarışmaq üçün bu onlara lazımdır".

Ziyafət Əsgərov dedi ki, Azərbaycan bu gün çox gözəl inkişaf dövrünü yaşayır. Amma nəzərə almalıyıq ki, nə qədər inkişaf etsək də düşmənlərimiz artır. Bu da bir reallıqdır. "Hər bir Azərbaycan vətəndaşı, xüsusilə deputatlar bütün məsələlərdə ayıq olmalı, dövlətimizin, Prezidentin ətrafında birləşməlidirlər. Hər bir kəs Azərbaycanın ordusuna dəstək olmalıdır. Nə qədər zəif olursan, səni əzirlər. Bizim isə zəif olmağa haqqımız yoxdur. Biz bundan sonra daha da güclü olmalıyıq"- deyə Ziyafət Əsgərov bildirdi.

Sonra iclasın gündəliyində olan məsələlərin müzakirəsi başladı. İlk olaraq Milli Məclisin 2011-ci il yaz sessiyasının qanunvericilik işləri planı müzakirə edildi. Qanunvericilik işləri planına əsasən yaz sessiyasında Milli Məclisdə Tikinti, Şəhərsalma, Rəqabət, Gömrük məcəllələrinin layihələrinin, "Hərbi vəzifə və hərbi xidmət haqqında", "Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında", "İcbari sığortalar haqqında", "Kənd təsərrüfatı kooperasiyası haqqında", "Bələdiyyələrin hesabatları haqqında", "Elm siyasəti haqqında", "Ali təhsil haqqında", "Sosial xidmət haqqında" qanun layihələrinin, o cümlədən Azərbaycan Respublikasının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında məsələlərin müzakirəsi planlaşdırılır. Təbii ki, sessiya ərzində Milli Məclis qanunvericilik təşəbbüsü qaydasında təqdim olunacaq digər qanun layihələrini də müzakirə edəcək.

Müzakirələr zamanı deputatlardan Zahid Oruc, Musa Quliyev, Elmira Axundova, Əli Məsimli, Qüdrət Həsənquliyev, Fazil Mustafa və başqaları qanunvericilik işləri planı ilə bağlı təkliflərlə çıxış etdilər.

Deputat Mübariz Qurbanlı Milli Məclisin yaz sessiyasının qanunvericilik işləri planına daxil edilən məsələlərin çox vacib və mühüm olduğunu vurğuladı. Qeyd etdi ki, burada müxtəlif sahələri əhatə edən zəruri qanun layihələri öz əksini tapıb. Mübariz Qurbanlı qanunların adı ilə bağlı təkliflə də çıxış etdi. Qanunların adından "haqqında" sözünün götürülməsini təklif edən Mübariz Qurbanlının sözlərinə görə, bununla həm dil yüngülləşər, həm də qanunun hansı sahəni əhatə etməsi daha aydın olar.

Mübariz Qurbanlı adlar və soyadlar məsələsinə də toxundu. Deputat ümummilli lider Heydər Əliyevin irsinin qorunub saxlanması ilə bağlı qanun layihəsinin işlənib hazırlanmasını vacib hesab etdi.

Deputat Əli Əhmədov Ermənistandan deportasiya olunmuş azərbaycanlıların hüquqlarının tanınması və qorunması ilə əlaqədar qanunvericilik bazasının yaradılması təklifi ilə çıxış etdi. Onun sözlərinə görə, Stalin rejimi zamanı deportasiyaya uğramış bütün millətlər və xalqlar sonra öz hüquqlarını bərpa edə bildilər. Əli Əhmədov hesab edir ki, Ermənistandan deportasiya olunmuş azərbaycanlıların hüquqlarının bərpa olunması və tanınması ilə bağlı ikipilləli iş görülməlidir. Birinci mərhələdə Azərbaycan qanunvericiliyi səviyyəsində hüquqları pozulmuş həmin insanların və onların nəsillərinin hüquqlarının tanınması və qorunması yönündə addımlar atılmalıdır. İkinci mərhələdə isə azərbaycanlıların hüquqlarının tanınması və bərpa olunması istiqamətində Avropa səviyyəsində iş aparılmalıdır. Bunun üçün ilk növbədə Azərbaycanda hüquqi bazanın yaradılmasına və hüquqi addımların atılmasına ehtiyac var.

Əli Əhmədov "Ali təhsil haqqında" qanun layihəsinin adının dəyişdirilərək "Universitetlər haqqında" qanun layihəsi adlandırılmasını təklif etdi.

Qısa fasilədən sonra deputatlar Milli Məclisin Daxili Nizamnaməsinin 40 və 41-ci maddələrinə müvafiq olaraq parlamentin İntizam və Hesablayıcı komissiyalarının yenidən təşkil edilməsinə müsbət münasibət bildirdilər.

İclasda Milli Məclis Sədrinin birinci müavini, Təhlükəsizlik və müdafiə komitəsinin sədri Ziyafət Əsgərov "Xəzər dənizində təhlükəsiz əməkdaşlıq haqqında" Sazişin təsdiq edilməsi barədə" qanun layihəsini təqdim etdi. Ziyafət Əsgərovun sözlərinə görə, saziş 2010-cu ilin noyabrın 18-də Bakıda Xəzəryanı ölkələrin dövlət başçıları tərəfindən imzalanmışdır. 15 maddədən ibarət olan saziş Xəzər dənizində təhlükəsizliyin və əməkdaşlığın daha da möhkəmlənməsinə xidmət edəcəkdir. Deputatlar sənədə müsbət münasibət bildirdilər.

Azərbaycan Respublikası, İran İslam Respublikası, Qazaxıstan Respublikası, Rusiya Federasiyası və Türkmənistan prezidentlərinin Birgə Bəyanatının təsdiq edilməsi haqqında qanun layihəsi barədə parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov məlumat verdi. Bildirdi ki, bu sənəd Xəzər dənizinin gələcək potensialı, təhlükəsizliyn təmin olunması baxımından əhəmiyyətlidir. Qanun layihəsi qəbul edildi.

Səməd Seyidov, həmçinin "Azərbaycan Respublikası Hökuməti və İtaliya Respublikası Hökuməti arasında diplomatik və xidməti pasportlara malik şəxslərin viza tələbindən azad edilməsi haqqında", "Azərbaycan Respublikası Hökuməti və Monteneqro Hökuməti arasında diplomatik və xidməti pasportlara malik şəxslərin viza tələbindən azad edilməsi haqqında", "Azərbaycan Respublikası və Portuqaliya Respublikası arasında diplomatik, xidməti və xüsusi pasportlara malik şəxslər üçün vizaların ləğv edilməsi haqqında" sazişlərin təsdiq edilməsi barədə qanun layihələrini təqdim etdi. Komitə sədri bildirdi ki, diplomatik və xidməti pasportlara malik olan vətəndaşlar adı çəkilən dövlətlərin ərazisinə daxil olması, tranzit keçməsi üçün viza tələbindən azad ediləcəkdir. Deputatlar qanun layihəsinə müsbət münasibət bildirdilər.

Milli Məclis Sədrinin birinci müavini, Təhlükəsizlik və müdafiə komitəsinin sədri Ziyafət Əsgərov "Azərbaycan Respublikası Hökuməti və Qazaxıstan Respublikası Hökuməti arasında mülki-müdafiə, fövqəladə halların qarşısının alınması və aradan qaldırılması sahəsində əməkdaşlıq haqqında" Sazişin təsdiq edilməsi barədə qanun layihəsini təqdim etdi. 2010-cu ilin oktyabrın 6-da Astana şəhərində imzalanmış saziş iki ölkə arasında qeyd olunan sahələrdə əməkdaşlığın dərinləşdirilməsini nəzərdə tutur. Bu sənəd də səs çoxluğu ilə qəbul edildi.

İclasda "Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin Katibliyinin, onun heyətinin və müşavirə üzvlərinin nümayəndələrinin imtiyaz və immunitetləri haqqında" Konvensiyanın təsdiq edilməsi barədə qanun layihəsi də qəbul edildi.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Azərbaycan Respublikasının Seçki Məcəlləsinə edilən əlavə və dəyişiklikləri deputatların diqqətinə çatdırdı. O, Məcəllədə Mərkəzi Seçki Komissiyasının vəzifələrindən bəhs edən maddəyə təklif olunan variantı təqdim etdi: "Müharibə şəraitində hərbi əməliyyatların aparılması ilə əlaqədar seçkilərin keçirilməsi mümkün olmadıqda, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Konstitusiyanın 84-cü maddəsinin I hissəsinə və 101-ci maddəsinin V hissəsinə müvafiq olaraq Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə müraciət edir". Komitə sədri, həmçinin Milli Məclisdə seçkilər zamanı qeydə alınmış namizədlərə, siyasi partiyalara, siyasi partiya bloklarına verilmiş pulsuz efir vaxtının və dövri nəşrlərdə pulsuz ayrılmış yerin dəyərin ödənilməsi ilə bağlı maddədə edilmiş dəyişiklikləri də diqqətə çatdırdı. Deputatlar qanun layihəsinə müsbət münasibət bildirdilər.

Milli Məclisin komitə sədri Əli Hüseynli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə edilən əlavə və dəyişikliklər barədə də məlumat verdi. Onun sözlərinə görə, dövlət qulluğuna qəbul edilən şəxslər və digər dövlət qulluqçuları haqqında qanunvericiliklə müəyyən edilmiş məlumatları müvafiq dövlət orqanları tərəfindən Azərbaycan Respublikasının Dövlət Qulluqçuları Reyestrinə vaxtında, tam və ya düzgün verilməməsinə görə - vəzifəli şəxslərin 300 manatdan 700 manatadək məbləğdə cərimə edilməsi nəzərdə tutulur. Bu sənəd də qəbul edildi.

"Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə qanun layihəsini də Əli Hüseynli təqdim etdi. Bildirdi ki, test imtahanını müvəffəqiyyətlə verən şəxslər sənədlərini on iş günü ərzində müvafiq icra hakimiyyəti orqanına təqdim edir və müsahibəyə buraxılırlar. Müsahibə sənədlərin qəbulu başa çatdıqdan sonra otuz gün ərzində keçirilir.

Deputatlardan Elmira Axundova, Gülər Əhmədova "Dövlət qulluğu haqqında" qanuna edilən dəyişikliklərin tərəfdarı kimi çıxış etdilər. Deputat Çingiz Qənizadə təklif olunan variantda müvafiq dövlət orqanı tərəfindən müsabiqə və müsahibələrin ədalətli, şəffaf və operativ keçirilməsi ilə bağlı məsələnin əks olunmasını müsbət qiymətləndirdi. Qanun layihəsi qəbul edildi.

Parlamentin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə "İcbari sığortalar haqqında" qanun layihəsini müzakirəyə təqdim etdi. Bildirdi ki, bu qanun icbari sığorta sahəsində yaranan münasibətləri tənzimləməklə sığortaçıların, sığortalıların, sığorta olunanların və faydalanan şəxslərin hüquq və mənafelərinin qorunması məqsədilə ölkədə icbari sığortaların həyata keçirilməsinin ümumi əsaslarını, həmçinin bu qanunda nəzərdə tutulmuş ayrı-ayrı icbari sığorta növlərinin aparılması qaydalarını və şərtlərini müəyyən edəcəkdir.

Milli Məclis Sədrinin müavini Valeh Ələsgərov icbari sığortanın məqsədi, təyinatı və aparılması, icbari sığorta müqaviləsi, sığorta ödənişinin verilməsi üçün tələb olan sənədlərdən bəhs edən maddələrə dair təkliflərini verdi. Deputat İlham Əliyev "İcbari sığortalar haqqında" qanun layihəsinin əhəmiyyətindən danışdı və təklif etdi ki, qanunun dilində sadələşdirmə aparılmalıdır.

Deputatlardan Vahid Əhmədov, Əli Məsimli qanun layihəsinin bir sıra maddələrinin birləşdirilməsini təklif etdilər. Sonda qanun layihəsi deputatların irad və təklifləri nəzərə alınmaqla birinci oxunuşda qəbul edildi.

 

 

Azərbaycan.- 2011.-2 fevral.- S. 1, 2.