"İrəli" Gənclər Mərkəzi açılmışdır

 

Fevralın 1-də "İrəli" Gənclər Mərkəzi açılmışdır. AzərTAc xəbər verir ki, rəmzi açılışı bildirən lenti gənclər və idman naziri Azad Rəhimov, Azərbaycan Respublikası Prezidenti Administrasiyası siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov və "İrəli" İctimai Birliyinin sədri, Milli Məclisin deputatı Ceyhun Osmanlı kəsmişlər.

Açılış mərasimindən sonra qonaqlar mərkəzlə tanış olmuş, birliyin sədri mərkəz barədə ətraflı məlumat vermiş, yaradılmış şəraitdən danışmış və gələcəkdə görüləcək işlərdən söz açmışdır.

Azad Rəhimov və Elnur Aslanov "İrəli Radio"nun qonağı olmuşlar. Canlı yayımla birliyin üzvlərini Azərbaycan Gəncləri Günü münasibətilə təbrik etmiş, onlara işlərində uğurlar arzulamışlar.

C.Osmanlı Mərkəzin yaradılmasına göstərdiyi köməyə görə Gənclər və İdman Nazirliyinə, "Atəşgah Sığorta" və "hp" şirkətlərinə təşəkkürünü bildirmişdir. Məlumat verilmişdir ki, mərkəz 1000 kvadratmetr ərazini əhatə edir, lazımi texniki avadanlıqla təchiz olunmuşdur. Burada gənclərin təlim keçməsi üçün hər cür şərait yaradılmışdır.

Nazir A.Rəhimov "İrəli"nin keçirdiyi tədbirləri yüksək qiymətləndirmiş, rəhbərlik etdiyi qurumun həmişə gənclərə dəstək olduğunu və Azərbaycanda gənclər siyasətinin uğurla həyata keçirildiyini demişdir. Nazir vurğulamışdır ki, birliyin təşkil etdiyi layihələr maraqlı və gənclərin intellektual səviyyəsinin yüksəldilməsinə yönəldilmişdir. İstərdim ki, "İrəli" kompüter biliklərinin artırılması, məşğulluq və beynəlxalq əlaqələrin qurulması istiqamətində layihələri reallaşdırsın. Ölkəmizdə düşərgələr yaradılsın, Azərbaycana xarici ölkə gəncləri dəvət olunsun və onlarla tariximiz, zəngin mədəniyyətimiz barədə fikir mübadiləsi aparılsın. Nazirlik tərəfindən gənclərin vətənpərvərlik ruhunda formalaşması üçün bir çox layihələr icra edilmişdir. Buna misal olaraq "Cəsurlar" və "Şahinlər" hərbi idman oyunlarının təşkil olunmasını misal göstərmək olar.

A.Rəhimov qeyd etmişdir ki, hazırda 200-dən çox gənclər təşkilatı qeydiyyatdan keçmişdir. 2009-2010-cu illərdə nazirlik tərəfindən gənclər sahəsində 132 layihə həyata keçirilmiş və buna 2 milyon manat vəsait sərf olunmuşdur. Ölkəmizdə gəncləri bir araya toplayan bir neçə təşkilat vardır. Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı və Gənclər Təşkilatları Milli Şurası bu qəbildəndir. Onlar öz sıralarında böyük bir gənclər ordusunu birləşdirir və burada yüksək imkanları olan gənclər yetişir. Həmin təşkilatlara üzv olan gənclərin Azərbaycanın gələcyində mühüm nailiyyətlər qazanacağına əminəm.

Elnur Aslanov qeyd etmişdir ki, Azərbaycanda gənclər siyasəti həmişə dövlətin diqqət mərkəzindədir. 1994-cü ildə Gənclər və İdman Nazirliyinin yaradıldığı gündən indiyədək formalaşan gənclər təşkilatları və onların sayının artması göstərir ki, dövlət gənclərin inkişafına həmişə qayğı göstərir. Son illər ölkəmizdə həyata keçirilən siyasət "qara qızıl"ın intellektual qızıla çevrilməsinin bariz nümunəsidir. Azərbaycan Prezidenti İlham Əliyevin bəyan etdiyi prioritet istiqamət ondan ibarətdir ki, bu gün formalaşan yeni nəsil gənclərin intellektual və yaradıcı gənclərə çevrilməsi üçün 5 min həmyerlimiz Avropa, Asiya ölkələrində və Amerikada təhsillərini davam etdirir. Əsas məqsədimiz ölkəmizdə yeni intellektual məkanın yaranması üçün yeni gənclər formalaşdırmaqdır. Xaricdə təhsil alan gənclərimiz Azərbaycana qayıtdıqdan sonra öz biliklərini ətrafındakı insanlarla bölüşdükdə onların bacarıqları daha geniş bir təbəqəyə yayılacaqdır. Bu da Azərbaycanda "qara qızıl"ın intellektual qızıla çevrilməsi, yeni insan kapitalı yaranması üçün zəmin yaradır.

Yeni gənclər mərkəzi kitabxana, təlim mərkəzləri, "İrəli Radio", "İrəli Prodakşın", katiblik, tədqiqatlar və inkişaf mərkəzi, xeyiriyyə klubu, zal və yeməkxanadan ibarətdir.

 

 

Azərbaycan.- 2011.-2 fevral.- S. 3.