Gənclər siyasəti uğurla həyata keçirilir

 

Dövlətin və xalqın gələcəyi gəncliyin əlindədir. Sabahını düşünən millət, hər şeydən əvvəl, gəncini düşünməli, öz gələcəyini təmin etmək üçün onun gücünə, zəkasına, iradəsinə əmin olmalıdır. Bunun üçün dövlətin və cəmiyyətin birgə fəaliyyəti, məqsədyönlü, gələcəyə istiqamətlənmiş siyasəti və strategiyası olmalıdır. Azərbaycanın bununla bağlı məqsədyönlü fəaliyyət proqramı həmişə olub, indi də var. Xüsusilə də ölkəmizdə müstəqillik illərində böyük, vətənpərvər gənclər ordusu yaranmışdır. Demək olar, indi ölkədə gedən bütün islahatların mərkəzində gənclər dayanır. Bu gənclik Prezident İlham Əliyevin rəhbərliyi altında dövlət müstəqilliyinin möhkəmləndirilməsinə, ölkədə uğurlu islahatların həyata keçirilməsinə, dövlət qarşısında duran vacib problemlərin həllinə öz sanballı töhfəsini verir.

Gəncliyə həyatımızın bütün sahələrində - ali və orta ixtisas müəssisələrində, dövlət və özəl sektorda, orduda, donanmada, xarici şirkətlərdə və xarici ölkələrin aparıcı təhsil ocaqlarında rast gəlmək mümkündür.

Bu gün Azərbaycan xalqı və cəmiyyəti gənclərdən nə istəyir, onlardan nəyi gözləyir? Bu, Azərbaycan dövlətinin artıq neçə illərdir həyata keçirilən gənclər siyasətində öz dəqiq əksini tapıb. Dövlət başçısının bu sahədə həyata keçirdiyi coxşaxəli tədbirlər ümummilli lider Heydər Əliyev tərəfindən əsası hələ ötən əsrin 70-80-ci illərində qoyulmuş gənclər və idman siyasətinin məntiqi davamı kimi diqqətəlayiqdir.

Xalqın israrlı tələbi ilə yenidən hakimiyyətə qayıdan Heydər Əliyevin 1993-cü ilin sentyabrında gənclərlə görüşməsi ümummilli liderin Azərbaycan gəncliyinin cəmiyyətdəki roluna verdiyi böyük önəmin, onun Azərbaycan gəncliyinə böyük inam və rəğbətinin göstəricisi idi. Azərbaycan gəncliyinin yenidən təşkilatlanması, ölkədə gənclər hərəkatının vahid mərkəzdən idarə olunması məqsədilə ulu öndər 1994-cü ilin 26 iyul tarixində Gənclər və İdman Nazirliyinin yaradılması haqqında fərman imzaladı.

1995-ci ilin martında gənclərlə görüşən ulu öndər onların sağlam ruhda tərbiyə almaları və əsl vətəndaş kimi yetişmələri naminə əlindən gələni edəcəyini bildirdi. Bunun ardınca 1996-cı ilin 2 fevralında Azərbaycan Gənclərinin I Forumunun keçirilməsi, hər üç ildən bir belə forumun təşkil edilməsi, ölkədə gənclər gününün təsis olunması, bu istiqamətdə çoxsaylı fərman və sərəncamların imzalanması, gənclərin dövlət quruculuğu işlərinə cəlb olunması dönməz xarakter aldı.

Ulu öndər Heydər Əliyevin 1997-ci il fevralın 2-də imzaladığı fərmanla fevralın 2-si Azərbaycan Gənclər Günü elan edildi. 1996-2002-ci illərdə qəbul olunmuş "Bədən tərbiyəsi və idman haqqında", "Gənc istedadlar üçün xüsusi təqaüdlərin təsis edilməsi haqqında", "Azərbaycanın gənc istedadlarına dövlət qayğısı haqqında", "Dövlət gənclər siyasəti haqqında" qanun, fərman və sərəncamlar, habelə "Gənc ailə" proqramı, "Gənclərdə vətənpərvərlik və vətəndaşlıq hisslərinin yüksəldilməsi haqqında", "İstedadlı yeniyetmələrin və yaradıcı gənclərin sosial, iqtisadi və s. problemlərinin həllinə yönəlmiş, onların öz qabiliyyətlərini inkişaf etdirmələrinə kömək edən Dövlət Proqramı", "Ordudan tərxis olunmuş gənclərin məşğulluğu" Dövlət Proqramı mühüm əhəmiyyət kəsb edir.

Azərbaycan xalqının mənafeyinə əsaslanan bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Xatırlatmaq lazımdır ki, hələ 1997-ci ildə Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) prezidenti vəzifəsinə İlham Əliyevin seçilməsi idman və gənclər siyasəti sahəsində həyata keçirilən dövlət siyasətinin yeni şəraitdə gerçəkləşməsinə böyük imkanlar açdı. MOK prezidenti kimi İlham Əliyev ölkədə Olimpiya hərəkatının genişlənməsi, idman və bədən tərbiyəsinin tərəqqisi, Azərbaycanın dünya idman ailəsinin bərabərhüquqlu üzvünə çevrilməsi üçün silsilə tədbirlər həyata keçirdi.

Prezident İlham Əliyevin gənclərin potensialından ölkənin mənafeyi naminə düzgün istifadə olunması, onların faydalı məşğulluğunun təmin edilməsi məqsədilə 2005-ci il avqustun 30-da imzaladığı "Azərbaycan Gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) təsdiq edilməsi haqqında" sərəncamın da çox mühüm əhəmiyyəti vardır. Sərəncamda Azərbaycanda gənclər sahəsində dövlət siyasətinin başlıca istiqamətləri açıqlanmış, bu təbəqəyə diqqətin artırılması üçün konkret tədbirlərin hazırlanması və maliyyələşdirilməsi Nazirlər Kabinetinə həvalə olunmuşdur.

Artıq bu proqrama uyğun olaraq gənclərin sosial müdafiəsi, məşğulluğunun təmin olunması, hərbi-vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi, yaradıcılıq axtarışlarının stimullaşdırılması, milli-ədəbi irsə bağlılığının təmin edilməsi və digər məqsədlərlə bir çox kompleks tədbirlər həyata keçirilmişdir.

Azərbaycan gəncliyi də göstərilən diqqət və qayğını yüksək qiymətləndirir, dövlət və xalq qarşısında öz vəzifə və məsuliyyətini yaxşı dərk edir.

 

 

Bəxtiyar QARACA

 

Azərbaycan.- 2011.-2 fevral.- S. 3.