"Gənclər təhsil" mövzusunda konfrans keçirilmişdir

 

Fevralın 1-də Gəncliyə Yardım Fondunda Türkiyə Universitetləri Məzunları İctimai Birliyinin (TUMİB) təşkilatçılığı ilə Gənclər Gününə həsr olunmuş "Gənclər təhsil" mövzusunda konfrans keçirilmişdir.

AzərTAc xəbər verir ki, tədbiri TUMİB-in sədri Çingiz Bayramov açaraq konfrans iştirakçılarını 2 fevral Gənclər Günü münasibətilə təbrik etmişdir. Bildirilmişdir ki, 1996-cı ildə ulu öndər Heydər Əliyevin Sərəncamı ilə fevralın 2-nin Gənclər Günü elan olunması dövlətimizin gələcəyi olan gənclərin cəmiyyətdə fəal mövqe tutmasına öz töhfəsini vermişdir.

Müasir Azərbaycan gəncliyinin bütün sahələrdə, o cümlədən təhsildə uğurlar qazandığını qeyd edən TUMİB-in sədri bu inkişafın dövlət tərəfindən gəncliyə göstərilən qayğının nəticəsi olduğunu vurğulamışdır.

Azərbaycan Respublikası Prezidenti Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin məsul əməkdaşı Vüqar Səlimov konfransda çıxış edərək ölkəmizin inkişafında gənclərin rolundan danışmışdır. Qeyd etmişdir ki, ümummilli lider Heydər Əliyev Azərbaycan gəncliyinin bütün sahələrdə, xüsusən təhsil sahəsində roluna böyük önəm verirdi. Ulu öndər azərbaycanlı gənclərin təhsil almaq üçün müxtəlif xarici ölkələrə göndərilməsini daim diqqətdə saxlayırdı.

V.Səlimov bildirmişdir ki, ümummilli lider Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən 2007-ci ilin Azərbaycanda "Gənclər ili" elan olunması bu gün gəncliyin hərtərəfli inkişafında müsbət nəticələr əldə edilməsinə təkan verir. Eyni zamanda, "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın qəbul edilməsi bu istiqamətdə atılan ən önəmli addımlardan biridir. Dövlət proqramı çərçivəsində yüzlərlə azərbaycanlı gənc xaricdə təhsil almaq imkanı əldə etmişdir.

Tədbirdə çıxış edən Azərbaycan Dillər Universitetinin professoru, filologiya elmləri doktoru Nigar Vəliyeva müasir Azərbaycan gəncliyinin təhsilə marağının getdikcə artdığını diqqətə çatdırmışdır. Vurğulamışdır ki, bu gün azərbaycanlı gənclər istər ölkə daxilində, istərsə beynəlxalq səviyyədə təhsil sahəsində uğurlu nəticələr əldə edirlər. Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə bu istiqamətdə həyata keçirilən tədbirlər müasir Azərbaycan gəncliyinin təhsilə marağının daha da artmasında son dərəcə mühüm rol oynayır.

 

 

Azərbaycan.- 2011.-2   fevral.- S. 3.