Cəmiyyətin gələcək tərəqqisi onların əlindədir

 

Gənclik və onun gələcək təlim-tərbiyə modelinin sağlam təməllər üzərində qurulması hər bir cəmiyyəti düşündürən məsələlərdir. Bu baxımdan ümummilli lider Heydər Əliyevin "Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır" fikri öz aktuallığını hər zaman qoruyub saxlayacaq.

Hazırkı gənc nəslin qarşısında daha böyük imkanlar açılması sürətli inkişafdır. Lakin bu heç də o demək deyil ki, müasirliyi, inkişafı əlində bayraq tutub öz inkişaf yolunda heç nəyi görməyən gənclərə haqq qazandırmalıyıq. Çünki hər şeydən əvvəl, bu gün bizim bir millət kimi mövcud olmağımıza görə nə vaxtsa milli deqradasiya təhlükəsinə sinə gərib, inadlı mübarizə aparan sələflərimizə borcluyuq. Başqa bir tərəfdən, xalqımızın çox zəngin xüsusiyyətləri - əsrlərin sınağından çıxmış və artıq formalaşmış milli-mənəvi dəyərlər sistemi mövcuddur. Məhz bu baxımdan ümummilli lider Heydər Əliyevin ictimai görüşlərində milli iftixar hissinin yüksəldilməsi, hər bir vətəndaşda dövlət rəmzlərinə daxili ehtiramın vacibliyi göstərilib, vətən amalı milli varlığımızın müqəddəs anlayışı kimi təhlil olunub.

Qloballaşan dünyada baş verən olaylar, xüsusən də mədəniyyətlərin inteqrasiyası pərdəsi arxasında intellekt və milli dünyagörüşlərin yarışı zamanı zəif mədəniyyətə malik olanların yeri son sıradadır. Təsadüfi deyil ki, bir çox hallarda cəmiyyətə yenilik onun ən dinamik, çevik, enerjili və novator təbəqəsi olan gənclər tərəfindən gətirilir. Ümummilli lider Heydər Əliyevin Azərbaycanda hakimiyyətə qayıdışı ümumilikdə ölkə gənclərinin problemlərinə və onların həlli yollarına münasibəti kökündən dəyişməyə imkan yaratdı. Gənclərlə bilavasitə işin aparılması isə Heydər Əliyevin fərmanı ilə Gənclər, İdman və Turizm Nazirliyinin yaradılmasından sonrakı dövrə təsadüf edir.

"Gənclər siyasəti haqqında" Azərbaycan Respublikası Qanununda göstərilir ki, gənclər siyasətinin əsas məqsədi gənclərin fiziki, əqli və mənəvi inkişafına şərait yaratmaq, onların imkan və bacarıqlarının reallaşdırılmasına kömək etməkdir. Gənclər siyasətinin əsas prinsipləri isə gənclərin vətənpərvərlik, azərbaycançılıq, dövlətçilik, dünyəvilik prinsipləri əsasında, Azərbaycan xalqının tarixinə, mədəni irsinə, adət-ənənələrinə, dövlət dilinə və rəmzlərinə, milli-mənəvi və ümumbəşəri dəyərlərə hörmət ruhunda tərbiyə olunması, cəmiyyətin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında onların fəal iştirakının təmin edilməsidir. Dövlətlə gənclər arasında münasibətlərin düzgün istiqamətdə qurulub inkişaf etdirilməsi gənclərə dövlətçilik ənənələri və ideyalarının daha çox nüfuz etməsinə səbəb olur.

Heydər Əliyevin müəyyənləşdirdiyi gənclər siyasəti bu gün onun layiqli davamçısı, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilərək mahiyyət və keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Dövlət başçısı gəncləri aparıcı güvvəyə çevirmək və onların sosial-iqtisadi problemlərinin həllini təmin etmək məqsədilə 2005 - 2009-cu illəri əhatə edən "Azərbaycan gəncliyi" Dövlət Proqramını təsdiq edib. Dövlət quruculuğunda gənclərin iştirakına şərait yaradılması, gənc ailələrə kömək göstərilməsi, qaçqın və məcburi köçkün ailələrindən olan yeniyetmə və gənclərin hüquqlarının qorunması, sosial problemlərin həlli, gənclərin hərbi vətənpərvərlik tərbiyəsi dövlət proqramının əsasını təşkil edir.

2005-ci ildə gənc ailələrə güzəştli ipoteka kreditinin verilməsi barədə Prezidentin verdiyi fərman Azərbaycan dövlətinin gənclərə göstərdiyi qayğının daha bir bariz nümunəsi hesab edilə bilər. Azərbaycan Prezidentinin 2007-ci il fevralın 2-də Gənclər günü münasibətilə gənclər təşkilatlarının nümayəndələri ilə görüşməsi, həmin ilin Azərbaycanda "Gənclər ili" elan olunması gəncliyin həyatında ən unudulmaz, yaddaqalan hadisələrdən biridir. Dövlət başçısının gənclər qarşısında nitqi təkcə gənclər üçün deyil, bu sahədə çalışan hər bir vəzifəli şəxs üçün fəaliyyət proqramıdır. Dövlət başçısı gənclərlə bağlı siyasətində çoxsaylı yeniliklərin olduğunu açıqlamaqla yanaşı, gəncliyin qarşısında üç mühüm vəzifənin durduğunu qeyd etmişdir: peşəkarlığı və intellektual səviyyənin artırılması, torpağa, yurda bağlılıq və ən nəhayət, yüksək, insani keyfiyyətlərin formalaşdırılması.

Azərbaycan Prezidentinin "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın təsdiq edilməsi barədə sərəncamı da gəncliyə göstərilən diqqətin parlaq təzahürüdür.

Göründüyü kimi, dövlət gənclərin inkişafı, cəmiyyətdə öz layiqli yerlərini tutmaları, layiqli vətəndaş kimi formalaşmaları üçün əlindən gələni edir. Öz növbəsində, gənclər də bunlardan səmərəli faydalanmalı, dövlətin yaratdığı münbit şəraitdən istifadə etməklə həyatda özlərini təsdiq etməlidirlər.

 

 

Zaur ADIGÖZƏLOV,

"Gənclər Mərkəzi" analitik

qrupun rəhbəri

 

Azərbaycan.- 2011.-2 fevral.- S. 3.