VƏTƏN keşiyində müzəffər ORDU

 

O ordu yenilməz və güclüdür ki, əsgəri düşünmədən Vətən naminə ölümə hazırdır. Ən böyük hakim olan zaman da bu deyimin nə qədər həqiqət olduğunu tarixin qanla yazılmış səhifələrində dəfələrlə sınaqdan çıxarıb. Bu mənada təsadüfi deyil ki, hər bir ölkənin qüdrətini göstərən əsas cəhətlərdən biri onun ordusu, əsgərinin vətənpərvərlik ruhudur. Əgər bu ruh yoxdursa, qüdrətdən, Vətənin etibarlı müdafiəsindən danışmağa dəyməz. Qəlbində vətənpərvərlik ruhu hakim olan əsgərin, döyüşçünün qarşısında isə ən müasir silahlara sarılmış düşmən belə tab gətirə bilməz.

Bu ruhu daşıyanlar üçün Vətən sadəcə sözdən ibarət deyil! Vətən adı gələndə belələrini hər zaman qəribə bir hiss bürüyür, qəlblərinin dərinliklərində bir daha Vətənlə yaşadıqlarını, Vətənlə nəfəs aldıqlarını, Vətənlə var olduqlarını yenidən duyurlar!

 

Hər şey VƏTƏN üçün!

 

Nə fərəhli haldır ki, müasir Azərbaycan Ordusunun sıralarında indi minlərlə belə gənc xidmət edir. Vətən qarşısında şərəflə, həvəslə, sevinclə xidmət edən əsgərlərimiz, zabitlərimiz bir an belə tərəddüd etmədən doğma Azərbaycan uğrunda ölümə atılmağa hazırdırlar. Necə ki, bunu Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov, Fərid Əhmədov bir daha sübuta yetirdi. Onların nümayiş etdirdikləri vətənpərlik nümunələri damarlarında azərbaycanlı qanı axan hər bir şəxsin qürurunu necə oxşadısa, düşmənin bağrına da bir o qədər dəhşətli vahimə saldı. Yağı bir daha gördü ki, belə oğulları olan Azərbaycan onu istənilən an məhv etməyə qadirdir. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin də bu fonda düşmənə mesajı yenə qəti və aydın oldu: "Təmas xəttində hər bir itki bizi sarsıdır, hər bir itki bizim üçün ağırdır. Ancaq biz müharibə şəraitində yaşayırıq və Mübarizlə Fərid öz həyatı ilə, öz qəhrəmanlığı ilə düşmənə sübut etdilər ki, Azərbaycan xalqı, Azərbaycan gəncləri Vətən uğrunda canlarından keçməyə də hazırdırlar. Bu, böyük qəhrəmanlıq, hünər, vətənpərvərlik nümunəsidir".

Azərbaycan əsgərlərinin qəhrəmanlığı həm də onu təsdiq etdi ki, Vətən, torpaq, şücaət kimi tarixən xalqımıza məxsus olan anlayışlar bir sıra digər ölkələrdə olduğu kimi yaddaşlara gömülməyib. Əksinə, Azərbaycan var olduqca, zərurət yaranacağı təqdirdə hər zaman belə qəhrəmanlıqların şahidi olacağıq. Elə buna görədir ki, indi Azərbaycan Ordusunun adı çəkiləndə hər bir azərbaycanlı qürur duyur. Azərbaycan gənci orduda qulluq etməsini özünə şərəf sayır. Vətən borcunu ödəməyi ən böyük amalı olaraq qəbul edir. Doğma torpağı uğrunda Mübariz, Fərid kimi ölümün gözünə dik baxmağa, sevə-sevə şəhidlik zirvəsinə ucalmağa hazırdır.

 

Budur müasir Azərbaycan gəncliyi!

Budur müasir Azərbaycan oğulları!

Budur müasir vətənpərvərlik ruhu!

Budur müasir Azərbaycan Ordusu!

Budur müasir Azərbaycanın yenilməzliyi!

 

Günümüzün Azərbaycanının tarix üçün olduqca qısa sayılan zaman kəsiyində böyük inkişaf yolu keçdiyi artıq dünya miqyasında qəbul olunan bir həqiqətdir. Bu inkişaf son 17 ildə Azərbaycan Ordusunda da özünü qabarıq bir formada büruzə verir. Elə ona görədir ki, hazırda Cənubi Qafqazın ən qüdrətli ordusuna malik Azərbaycanın Silahlı Qüvvələri öz döyüş hazırlığına görə MDB məkanında ön sıralarda gedir. Lakin ordunun, eləcə də cəmi Silahlı Qüvvələrin döyüş ruhuna görə siyahı tərtib edilsəydi, şübhəsiz ki, Azərbaycanın adı dünya birinciləri sırasında yer alardı!

 

Yalnız quru adı qalan Ermənistan ordusu

 

Bu günlərdə Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini, general-polkovnik Vasili Smirnov maraq doğuran bir açıqlama verdi. Onun sözlərindən belə məlum oldu ki, Rusiyada hərbi çağırış zamanı 200 min gənc orduda xidmət etməkdən yayınır. Rusiya generalının dedikləri belə bir reallığı da üzə çıxardı ki, ölkəsində gənclər çağırış vərəqəsi almağı arzulamır və çağırış vaxtı qeydiyyatda olduqları yerlərdə tapılmırlar.

Analoji hala daha pis və biabırçı formada Ermənistanda da rast gəlmək mümkündür. Əhalisinin təbii artımı sıfır səviyyəsində olan Ermənistanın ordu sıralarında xidmət etmək üçün ciddi çağırışçı problemi yaşaması heç kimə sirr deyil. Son 20 ildə 1,5 milyondan çox insanın Ermənistanı tərk etməsi bu sahədə vəziyyəti daha da pisləşdirib. Hazırda ordunun tələb olunan sayda şəxsi heyətlə komplektləşdirilməsində ciddi problem yaşayan Ermənistan rəhbərliyi vəziyyətdən çıxış yolu kimi xaricdə yaşayan erməniləri hərbi qulluğa cəlb etmək istəyir. Eyni zamanda orduya çağırış üçün tətbiq olunan yaş həddinin qaldırılması, təhsillə bağlı verilən möhlət hüququnun ləğvi, bu qəbildən olan digər addımların atılması nəzərdə tutulur. Belə şəraitdə hərbi xidmətə çağırılan bir sıra çağırışçıların səhhətində ciddi qüsurlar, hətta bəzilərinin ciddi psixi problemləri olsa da, onlar ordu sıralarına çağırılmaqda davam edir. Lakin bütün bunların nəticə verəcəyinə heç Ermənistan rəhbərliyi özü də inanmır.

Ermənistanda sayı sürətlə azalmaqda olan gənclər orduda xidmətdən yayınmaq üçün hər vasitəyə əl atırlar. Bunun ümdə səbəblərindən biri də ordunun işgəncə, ölüm, rüşvət, korrupsiya, özbaşınalıq mənbəyinə çevrilməsidir! Müasir Ermənistan ordusunu xarakterizə edən cəhətlər isə daha dəhşətlidir. Mənəvi-psixoloji durumu günü-gündən daha da ağırlaşan orduda fərarilik halları davamlı olaraq artır. Xəstəlik və səfalətin durmadan genişləndiyi bir vaxtda hərbi qulluqçuları müalicə etmək üçün nə maddi vəsait, nə də yer çatışır. Zabit və gizirlər əvvəlki kimi şəxsi heyətin sağlamlığına biganə yanaşır. Hərbi qulluqçulara aşağı kalorili və zərərli qida məhsulları verilməsi davam edir.

"Dedovşina" isə Ermənistan silahlı qüvvələrində gündəlik həyat normasıdır. Ordudakı yüksək vəzifəli zabitlərin özbaşınalıqları, rüşvətxorluğu, şəxsi heyəti kiçik komandirlərin (çavuş heyəti) idarə etməsi, onların nizamnamədənkənar və nalayiq davranışları əsas etibarilə müddətli xidmət edən əsgərlər arasında fərariliklə yanaşı, intihar hallarının sayının da sürətlə artmasına səbəb olur. Aparılan araşdırmalar hələ də Ermənistan ordusunun kütləvi şəkildə homoseksualizm bəlasından əziyyət çəkdiyini göstərir. Zabit və gizirlər tərəfindən hərbi qulluqçuların zorlanması və onlara təcavüz edilməsi, döyülməsi, zabit və gizirlərin hərbi qulluqçuların valideynləri ilə cinsi əlaqəyə girməsi və zorlama faktının şəxsi heyət tərəfindən aşkarlanması halları da ötən illərlə müqayisədə əhəmiyyətli dərəcədə çoxalıb.

Komandir heyəti tərəfindən əsgər valideynlərinin pul gətirməyə vadar edilməsi, hərbi hissələrdən hərbi qulluqçuların qeyri-qanuni yolla müəyyən olunmuş pul müqabilində ay ərzində hərbi hissədən kənara buraxma halları, hərbi qulluqçular tərəfindən mülki əhaliyə qarşı bir çox cinayət, o cümlədən mülki şəxslərin əmlakının oğurlanması, əhaliyə qarşı zor tətbiq edilməsi, zorlama, təcavüz və digər belə hadisələrin törədilməsi ilə bağlı faktların sayı artmaqdadır. Bundan başqa orduda şəxsi heyət arasında narkotik maddə qəbuletmə halları da sürətlə yayılmaqdadır və narkotik maddələrin hərbi hissələrə gətirilməsi, şəxsi heyətə satılması planlı şəkildə zabit-gizirlərin himayəsi altında çavuş heyəti tərəfindən həyata keçirilir. Məvaciblərin az olması və vaxtında verilməməsi səbəbindən ordunun əmlakı yüksək rütbəli hərbçilər tərəfindən talan edilərək satılır.

Hərbi texniki avadanlıqların böyük əksəriyyəti müasir standartlara cavab vermir və yararsız haldadır. Orduya son illərdə yeni silahlar alınmır.

Ermənistan ordusunun üzləşdiyi problemlərdən biri də qarabağlı-ermənistanlı qarşıdurmasıdır. Hazırda Qarabağ erməniləri ilə Ermənistandan olan ermənilər bir-birlərinə düşmən kimi baxırlar. Ermənistanlıların qarabağlı komandir heyəti tərəfindən daim təhqir olunması, fiziki təzyiqlərə məruz qalmaları çoxsaylı cinayət hallarının meydana gəlməsinə səbəb olub ki, bu da hazırda Ermənistan ictimaiyyətinin ciddi müzakirə mövzusudur. Vəziyyət o yerə gəlib çatıb ki, hətta Ermənistan ordusunun zabitləri də Qarabağda hərbi xidmətə gəlməkdən imtina edirlər. Bu səbəbdən düşmən cəbhə zonasında çox vaxt postlara qoymağa əsgər tapmır. Əlbəttə, Ermənistan ordusunun kifayət qədər acınacaqlı vəziyyətdə olduğunu göstərən halların siyahısını bir qədər də uzatmaq mümkündür. Lakin elə təkcə qeyd edilən faktlar bu ordunun sadəcə quru adının olduğunu aydın təsəvvür etməyə imkan verir.

 

Azərbaycan gəncinin şərəf məktəbi

 

Ermənistandan fərqli olaraq günü-gündən qüdrətlənməkdə olan Azərbaycan Ordusu bütün mühüm göstəricilər üzrə özünün sürətli yüksəliş mərhələsindədir. Azərbaycan gənci isə müstəqil ölkəsinin ordu sıralarında xidmət keçməkdən, qeyd olunduğu kimi, qürur duyur, bunu özünə şərəf bilir. Bunun nəticəsidir ki, orduda heç bir çağırışçı problemi yoxdur, əksinə hər dəfə çağırış zamanı orduya xidmətə yollananların sayı nəzərdə tutulduğundan, müəyyənləşdirilən say planından artıq olur. Orduda xidmətlərini başa vuranlar isə Vətən çağıracağı, işğal olunmuş ərazilərin hərbi yolla azad olunacağı təqdirdə hər an ön sıralarda yer almağa hazırdır.

Bu xüsusda ötən il cəbhə zonalarının birində həyata keçirilən sınaq təlimlərindən birini yada salmaq yerinə düşərdi. Həmin təlimdə 40-a qədər gəncə istirahət günündə çağırış vərəqəsi göndərilmişdi. Çağırış vərəqəsi göndərilənlər zirehli texnika, əsgəri maşınların idarə edilməsi üzrə ixtisaslaşmış şəxslər idi. İstirahət günü olmasına rəğmən, vərəqələr ünvanlarına çatdırıldıqdan bir neçə saat sonra çağırış məntəqəsinin qarşısında gözlənildiyindən 2 dəfəyə qədər çox şəxs toplaşdı. Bunun səbəbləri araşdırıldıqda məlum oldu ki, çağırış vərəqəsi almayanlar, lakin məntəqəyə gələnlər də zirehli texnika, əsgəri maşınların idarə edilməsi üzrə ixtisaslaşmış şəxslərdir. Onlar sadəcə orduda belə ixtisas sahibləri axtarıldığını eşitdiklərinə görə könüllü şəkildə çağırış məntəqəsinə gəliblər. Gələnlər hamısı birmənalı şəkildə düşmənə qarşı ön cəbhədə vuruşmağa hazır olduqlarını bildirirdilər. Onları təəssüfləndirən yeganə hal isə sonda təlim məqsədilə toplaşdıqlarını öyrənmələri oldu...

Bu faktın özü bir daha sübuta yetirdi ki, Azərbaycan gəncliyi mübariz ruhludur. Vətəni uğrunda göz qırpmadan döyüşlərə atılmağa, düşməni məhv etməyə hazırdır! Torpağı, eli, obası onun üçün müqəddəsdir. Belə ruha malik olanların qarşısında isə tab gətirmək mümkünsüzdür. Əslində, bu gün tək Azərbaycan gəncliyi yox, kiçik və böyüyündən, cavan və yaşlısından, kişi və qadınındın asılı olmayaraq bütün cəmiyyət ölkəmizin ərazi bütövlüyünün bərpası üçün torpağına öz qanını halal etməyə hazır olmalıdır və hazırdır!

Cəmiyyətimizin malik olduğu müasir ordu indiki vəziyyətdə heç bir əlavə kömək olmadan qısa zaman ərzində ölkəmizin ərazi bütövlüyünü bərpa etməyə tam qadirdir. Azərbaycan xalqının isə öz ordusuna güvəni, inamı, etibarı, etimadı tamdır.

İndi orduya çağırılan hər bir gənci valideyni daha kədərdən yox, sevincdən doğan göz yaşları içində yola salır. Qədimdən gələn ənənəmizin davamı olaraq yenə ordu sıralarına oğullarımız musiqi sədaları altında göndərilir. Çağırış vərəqəsi alan gənclərimizin validenləri indi bayram kimi qəbul etdikləri bu hadisə münasibətilə məclislər qururlar. Bilirlər ki, orduya yola salınan gəncə dövlət, onun başçısı xüsusi qayğı göstərir, bütün ehtiyaclarını təmin edir. Ali Baş Komandanın tez-tez hərbi qulluqçularla görüşməsi, cəbhə xəttində olan əsgərlərə baş çəkməsi, onlarla birgə eyni süfrə arxasında əyləşməsi isə orduya, əsgər və zabit heyətinə nə dərəcədə böyük bir diqqətin olduğunu real zəmində nümayiş etdirir.

Yüksək qayğı və diqqət əhatəsində olan ordu indi qürur mənbələrimizdən biridir. Buna görə xalq arasında Azərbaycan əsgəri, zabiti barəsində xüsusi bir hörmətlə danışılır. Ordunun şərəfinə əsərlər yazılır, mahnılar bəstələnir. Qəzet səhifələrində, radio və televiziya verilişlərində ordumuzun qüdrətindən bəhs edən materiallar hazırlamasına isə hər bir media təmsilçisi böyük həvəslə, şövqlə yanaşır. Sənət adamlarımız, müğənnilərimiz öz yaradıcılıqlarında, mahnılarında, kliplərində Azərbaycan əsgərinin simasının yer almasından iftixar duyurlar. Bütün bunlar orduya inamın bariz təzahürləri kimi çıxış edir.

 

Düşmənin ən böyük vahiməsinə çevrilən Ordu

 

İndi hər bir Azərbaycan vətəndaşı onu xarici və digər təhlükələrdən layiqincə hifz edəcək ordunun olmasına tam arxayındır. İftixar mənbəyinə çevrilən ordumuz həm də düşmən üçün qorxulu bir kabusdur. Çünki ərazilərimizi işğal altında saxlayanlar da yaxşı bilir ki, daha Azərbaycan Ordusu qarşısında duruş gətirmək iqtidarında deyillər. Xarici havadarlarından hər cür kömək alsalar belə, yenə Azərbaycan Ordusunun qarşısında aciz qalacaqlarını, müharibə başlayarsa, darmadağın olacaqlarını da gözəl anlayırlar! Elə bu səbəbdəndir ki, indi Azərbaycanın hərbi yolla öz ərazi bütövlüyünü bərpa etməməsi üçün öz ağalarına, bütün dünyaya hər gün yalvarmaqda, onlardan kömək ummaqdadırlar.

Lakin dünya daha əvvəlki kimi Azərbaycanın haqq işinə qarışmaq niyyətində deyil! Çünki beynəlxalq aləmdə də yaxşı bilirlər ki, Azərbaycana nəyisə diktə etmək mümkünsüzdür! Güclü iqtisadiyyatı, sarsılmaz daxili sabitliyi, xalqla iqtidar arasında möhkəm birliyi, yenilməz ordusu olan Azərbaycan milli maraqlarını sonadək müdafiə etmək iqtidarındadır. Digər tərəfdən dünya həm də Azərbaycanın təcavüzə məruz qalan, ərazisi işğal edilən ölkə olduğundan da yaxşı xəbərdardır. Elə bu səbəbdəndir ki, daha erməni yalanlarına, onların məkrli niyyətlərinə, məzlum görkəmdə özlərini tanıtdırmağa çalışmalarına aldananlar yoxdur. Belə vəziyyət işğalçı Ermənistanın Azərbaycan dövlətindən, onun döyüş qüdrətini hər keçən gün artıran Ordusundan duyduğu qorxunu, vahiməni daha da artırır.

İndi seçim Ermənistanındır: ya xoşluqla Azərbaycan ərazilərini işğaldan azad etmək, ya da Azərbaycan Ordusunun Dağlıq Qarabağa və zəbt olunmuş digər ərazilərə edəcəyi zəfər yürüşünə hazır olmaq! Sonuncu seçimin ermənilər üçün əsl fəlakət olacağını düşmən yaxşı başa düşür! Çünki ordumuzun döyüşün taleyini həll edəcək istənilən parametr üzrə Ermənistan silahlı qüvvələrindən dəfələrlə üstün olduğunu bilir. Düşmən onu da yaxşı dərk edir ki, özünü mənəvi-psixoloji hazırlıq, döyüş ruhu, maddi-texniki təminat, şəxsi heyətin say tərkibi baxımından heç müqayisə edə bilməz. Çünki fərq nisbəti dəfələrlə böyükdür.

Təkcə bir faktı qeyd etmək kifayətdir ki, Azərbaycanın cari il üçün müdafiə məqsədilə ayırdığı xərclərin miqdarı Ermənistanın bütün dövlət büdcəsindən 30 faiz çoxdur. İqtisadi inkişafa müvafiq qaydada hərbi xərclərin artırılması ordumuzun maddi-texniki təminatının, o cümlədən silah-sursatla təchizatının daha modern hala gəlməsinə imkan verir. Hazırda Azərbaycan Silahlı Qüvvələri həm yerli istehsal, həm də xaricdən alınan texnika hesabına öz döyüş qabiliyyətini artırır. Silahlı Qüvvələrimizin ixtiyarında mövcud olan bir çox texnika növləri Ermənistan üçün əlçatmaz hesab edilir. Hərbi təyinatlı yerli məhsulların istehsal həcminin artması və daha geniş çeşiddə məhsul buraxılışı ordunun və digər silahlı qüvvələrin əsas etibarı ilə daxili imkanlar hesabına maddi-texniki təminatının güclənməsinə imkan verir.

Artıq diplomatik cəbhədə Azərbaycan düşmən üzərində üstünlük qazanıb. Zərurət yaranacağı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinin hərbi müstəviyə keçəcəyi təqdirdə təcavüzkarı hər an acı məğlubiyyətə düçar etməyə hazır olan qüdrətli Azərbaycan Ordusu formalaşıb. Azərbaycanın möhtəşəm Silahlı Qüvvələrinin mövcudluğunu isə işğalçı tərəf, eləcə də dünya ictimaiyyəti hələ 2008-ci ildə keçirilən hərbi paradda bir daha gördü, buna növbəti dəfə əmin oldu! Həmin il iyunun 26-da Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 90-cı ildönümü münasibətilə Azadlıq meydanında keçirilən parad ölkəmizin müzəffər silahlı birləşmələrə malik olduğunu yenidən bariz şəkildə hamıya nümayiş etdirdi. 2009-cu il iyunun 24-də keçirilən daha bir mühüm tədbir isə Azərbaycan Ordusunun yüksək döyüş qabiliyyətinə malik olduğunu real fakt əsasında növbəti dəfə təsdiqlədi. Həmin gün Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 91-ci ildönümü münasibətilə keçirilən Müdafiə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin və Daxili Qoşunların birləşmə və hissələrinin irimiqyaslı birgə əməliyyat-taktiki təliminin əsas mərhələsini Ali Baş Komandan şəxsən izlədi, nümayiş etdirilən hərbi texnika nümunələri ilə tanış oldu. Təlimin gedişi isə ordumuzun qarşıya qoyulan istənilən vəzifəni uğurla yerinə yetirməyə hazır olduğunu bir daha təsdiqlədi, onun peşəkarlıq səviyyəsinin əhəmiyyətli dərəcədə yüksəldiyini göstərdi.

Yüksək döyüş ruhuna malik Azərbaycan Ordusunun, Silahlı Qüvvələrin digər növlərinin peşəkarlığını nümayiş etdirən daha bir möhtəşəm təlim isə ötən il iyunun 24-də baş tutdu. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 92-ci ildönümü münasibətilə Müdafiə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin və Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının birləşmə və hissələrinin irimiqyaslı birgə əməliyyat-taktiki təlimini yenə də Ali Baş Komandan, Prezident İlham Əliyev şəxsən izlədi. Əvvəlki kimi yenə də təlimə cəlb olunan bütün şəxsi heyət yüksək döyüş hazırlığı nümayiş etdirdi.

Ordunun gücünü, döyüş mətanətini, malik olduğu hərbi texnikanı göstərən bu təlimləri hər bir azərbaycanlı böyük sevinclə xatırlayır. Bilir ki, bu ordu istənilən an düşmənə məğlubiyyət acısını daddırmağa, ölkəmizin ərazi bütövlüyünü bərpa etməyə hazırdır. O gün isə uzaqda deyil!..

 

 

Rasim BAYRAMOV

 

Azərbaycan.- 2011.-2 fevral.- S. 5.