İordaniya Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair Azərbaycanın haqlı mövqeyini daim dəstəkləyir

 

Azərbaycan Respublikasının İordaniya Haşimilər Krallığındakı səfiri Elman Araslı bu ölkə parlamentinin yuxarı palatasının - Senatın sədri Tahir Masri ilə görüşmüşdür.

Səfirlikdən AzərTAc-a bildirmişlər ki, görüşdə Azərbaycan-İordaniya parlamentlərarası əməkdaşlığının inkişaf etdirilməsi, bu qurumların sədrlərinin qarşılıqlı səfərlərinin təşkili, o cümlədən parlamentlərarası dostluq qrupunun yaradılması məsələləri müzakirə olunmuşdur.

T.Masri 2008-ci ildə Senatın sədrinin birinci müavini olarkən Azərbaycan Respublikası parlamentinin 90 illiyi münasibətilə keçirilmiş təntənəli mərasimə qatılmış İordaniya Parlamentinin nümayəndə heyətinə başçılıq etdiyini yada salmışdır. O, Azərbaycana səfəri çərçivəsində Prezident İlham Əliyev tərəfindən qəbul olunduğunu, həmçinin Milli Məclisin Sədri Oqtay Əsədov ilə görüşünü xoş təəssüratlarla xatırladığını demişdir.

İordaniya Senatının sədri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair ölkəsinin Azərbaycanın haqlı mövqeyini daim dəstəklədiyini bundan sonra da birmənalı olaraq dəstəkləyəcəyini vurğulamışdır.

Görüşdə həmçinin Tunis Misirdə cərəyan edən hadisələr, İordaniyada hazırkı siyasi ictimai vəziyyət haqqında fikir mübadiləsi aparılmışdır.

 

Azərbaycan.- 2011.-3 fevral.- S. 4.