Latviyalı qonaqlar Suraxanı rayonu Heydər Əliyev Mərkəzində olmuşdur

 

Azərbaycanda səfərdə olan Latviyanın ətraf mühitin mühafizəsi və regional inkişaf naziri Raymonds Veyonisin rəhbərlik etdiyi nümayəndə heyəti Suraxanı rayonu Heydər Əliyev Mərkəzində olmuşdur.

Rayon icra hakimiyyətindən AzərTAc-a bildirmişlər ki, qonaqlara Mərkəz barədə ətraflı məlumat verilmişdir. Bildirilmişdir ki, 2009-cu ilin mayında fəaliyyətə başlayan Mərkəzə ziyarətə gələnlər Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin zəngin irsi ilə tanış olmaq, əyani vəsaitlərdən istifadə etmək imkanı qazanırlar. Mərkəzin 1-ci mərtəbəsində multimedia və rəsm studiyaları, elektron kitabxana fəaliyyət göstərir, 2-ci mərtəbədəki sərgi salonunda ulu öndərin həyatının müxtəlif anlarını əks etdirən çoxsaylı fotoşəkillər vardır. 3-cü mərtəbədə fotoslaydlarla təchiz olunmuş rəqəmsal çərçivələrdə "Heydər Əliyev Azərbaycan xalqının ümummilli lideridir" mövzusunda elektron sərgi nümayiş etdirilir. Burada, həmçinin müasir texnoloji avadanlıqla təchiz olunmuş, audio, video sistemlə müşayiət olunan konfrans zalı fəaliyyət göstərir.

Latviyalı qonaqlar sonra "Atəşgah məbədi" Dövlət tarix-memarlıq qoruğunda olmuşlar.

Bildirilmişdir ki, bu məbəd qədim zamanlardan insanların dini etiqadlarına güclü təsir göstərmiş və oda sitayiş etmək inancı yaratmışdır. XVII-XVIII əsrlərdə qədim atəşpərəstlər məbədinin qalıqları üzərində, təbii qazın çıxdığı əbədi məşəlin yerində inşa edilmiş bu məbəd 26 hücrədən və mərkəzi səcdəgahdan ibarətdir.

 

 

Azərbaycan.- 2011.-6 fevral.- S. 3.