ABŞ-ın xarici siyasəti dünya nizamında ciddi fəsadlar törədir

 

Ötən əsrin son onilliyində mürəkkəb siyasi şəraitdə dövlət müstəqilliyinə nail olan Azərbaycan son 17 ildə sürətli inkişaf edərək dünya miqyasında lider mövqeyə malik ölkələrdən biri kimi çıxış etməyə başlayıb. Həyata keçirilən uğurlu siyasətin davamı olaraq indi də ölkənin siyasi, iqtisadi, sosial, mədəni həyatında, eləcə də digər vacib sahələrdə yüksək templərlə müşayiət olunan tərəqqi yaşanır. Azad bazar münasibətlərinə əsaslanan milli iqtisadiyyatın yaranması, özəl sektorun xüsusi çəkisinin artması, sosial sahədə mövcud problemlərin həllinə kompleks şəkildə yanaşılması və onların həlli istiqamətində görülən işlər, enerji, nəqliyyat, ərzaq təhlükəsizliyinin təminatı və digər bu kimi amillər ölkəmizin iqtisadi sferada yeni inkişaf mərhələsi yolunda müvəffəqiyyətlə irəlilədyini göstərir.

 

O da xüsusi qeyd olunmalıdır ki, yaşanan sürətli sosial-iqtisadi inkişaf bilavasitə əhalinin maddi rifah halının yüksəlməsində öz əksini tapır. Bu da Azərbaycanda bazar münasibətləri əsasında formalaşan sosialyönümlü milli iqtisadiyyatın qurulması prosesində qazanılan ən mühüm nailiyyətlərdən biri sayılır. Dinamik iqtisadi inkişafla paralel siyasi sferada da Azərbaycan sürətli yüksəliş dövrünü yaşayır. Demokratik, hüquqi dövlət quruculuğu sahəsində qazandığı nailiyyətlərlə beynəlxalq miqyasda özünə kifayət qədər diqqət cəlb edən Azərbaycan Avratlantik məkana inteqrasiya yolunda da uğurla irəliləyir. Qətiyyətlə deyə bilərik ki, artıq ölkəmizdə müasir dünya tələblərinə cavab verən demokratiya mühiti formalaşıb və bu mühitin daha zəngin xarakter alması istiqamətində görülən işlərin miqyası daim genişlənir.

Beynəlxalq səviyyədə də açıq etiraf edilir ki, sosial-iqtisadi inkişaf dinamikasına görə uğurlu bir modelin əsasını yaradan Azərbaycan dünya miqyasında həm də siyasi və demokratik tərəqqi yolunda möhtəşəm nailiyyətlərə imza atan dövlət kimi xarakterizə olunur. Bu gün ölkəmizdə söz və fikir azadlığının, siyasi plüralizmin, çoxpartiyalı sistemin mövcudluğu, vətəndaşların azad seçiminə yüksək şərait yaradılması, hüquqi dövlət, vətəndaş cəmiyyəti quruculuğu istiqamətində mühüm nailiyyətlər əldə edilməsi Azərbaycanda demokratik mühitin vacib göstəriciləridir. Hakimiyyət bölgüsü prinisipinin ən qabaqcıl dünya standartına uyğun olması, demokratik dəyərlərin inkişafı istiqamətində islahatların sürətli xarakter daşıması, aparıcı Avropa təsisatları ilə yüksək səviyyəli əməkdaşlıq qurulması və bu qəbildən olan digər cəhətlər ölkəmizdə demokratiyanın inkişafına yeni töhfələr verməkdədir.

Həyat səviyyəsi daim yüksələn xətt üzrə inkişaf edən Azərbaycan vətəndaşı öz hüquqlarını reallaşdırmaqda, sərbəst seçimini etməkdə, söz və fikir azadlığından faydalanmaqda hər hansı problem görmür. Belə vəziyyət təbii ki, hakimiyyət və xalq arasında birliyi daha da möhkəmləndirir. Çünki xalq öz iradəsi ilə formalaşdırdığı hakimiyyətin yalnız ona xidmət etdiyini, Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun getdikcə daha da möhkəmləndirdiyini aydın görür. Siyasi plüralizmin bərqərar olduğu belə bir şəraitdə medianın, vətəndaş cəmiyyətinin əsas atributlarından olan qeyri-hökumət təşkilatlarının (QHT) fəaliyyətində də hər hansı problem yaşanmır, əksinə, KİV-nin, QHT-nin daha da güclənməsi üçün dövlət tərəfindən müxtəlif yardımlar edilir.

Bununla yanaşı, o da həqiqətdir ki, Azərbaycan mövcud olduğu regionun iqtisadi, siyasi mənzərəsinin müəyyən olunmasında, hadisələrin inkişaf axarının istiqamətləndirilməsində əsas söz sahibi kimi çıxış edir. Azərbaycanın iştirak və razılığı olmadan regionda hər hansı yeni transmilli layihələrin həyata keçirilməsi, proseslərin ümumi axarının müəyyənləşdirilməsi qeyri-mümkündür. Bütün bunlar, ilk növbədə, Prezident İlham Əliyevin liderlik xüsusiyyətləri, eləcə də iqtidar və xalq arasında yaranan möhkəm birliklə bilavasitə əlaqəlidir. Azərbaycan xalqının milli maraqlarının təmin edilməsi, respublikamızın güclənməsi, beynəlxalq nüfuzunun artması, vətəndaş cəmiyyəti quruculuğu Azərbaycan Prezidentinin həyata keçirdiyi siyasətin başlıca istiqamətləridir. Odur ki, geosiyasi cəhətdən olduqca həssas bir regionda yerləşən Azərbaycan indi Cənubi Qafqazda cərəyan edən hadisələrin obyekti yox, subyekti qismində çıxış edir. Lakin bu, regionda marağı olan bir sıra kənar qüvvələrin mövqeyinə cavab vermir. Məhz bu səbəbdən onlar hər zaman müxtəlif vasitələrlə ölkəmizə təsir göstərməyə çalışırlar. Lakin artıq kifayət qədər güclənən Azəbaycan ona qarşı yönəlmiş bütün əməllərə indi layiqli cavab verir. Belə vəziyyət bir sıra ölkələri, o cümlədən Azərbaycan Respublikasının milli maraqlara hesablanan müstəqil daxili və xarici siyasəti dünyanı idarə etmək niyyəti güdən, fövqəldövlət iddiasında olanları ciddi narahat edir. Azərbaycanın öz milli maraqlarını müdafiə etməsi və buna uyğun müstəqil siyasət aparması belə qüvvələri qıcıqlandırır. Bəzən isə təkcə Cənubi Qafqaz regionunda yox, həm də postsovet məkanında yer alan ölkələrin perspektivi ilə bağlı ambisioz planlarının reallaşması yolunda maneəyə çevrilir. Hər halda, yaxın tarixə nəzər yetirməklə bununla bağlı xeyli misallar gətirmək olar. Başqa sözlə, Azərbaycanda öz maraqlarını diktə edə bilməyənlər ölkəmizə qarşı böhtan, qarayaxma kampaniyasına xüsusi önəm verirlər. Bu məqsədlə media vasitələrindən, özlərini müstəqil hesab edən, əslində isə konkret sifarişlər əsasında fəaliyyət göstərən müxtəlif qeyri-hökumət təşkilatlarından geniş istifadə edirlər. Deyilənlərə konkret misal kimi, əsasən, ABŞ-da yerləşən ayrı-ayrı qeyri-hökumət təşkilatlarının, media orqanlarının antiazərbaycançı mövqeyinə nəzər salmaq kifayətdir. Bir qayda olaraq Azərbaycan əleyhinə çıxan belə qüvvələrin arxasında ABŞ-ın hakimiyyət təmsilçilərinin, məsələn, ermənipərəst konqresmenlərin, erməni lobbisinin təsiri altında olan müxtəlif rəsmi şəxslərin dayanması da artıq heç kimə sirr deyil.

O da yaxşı bəllidir ki, ABŞ hər zaman bu və ya digər ölkənin daxili işlərinə qarışmağ, öz istəyini müxtəlif yollarla diktə etməyi həmişə xarici siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirib. İndi də bununla bağlı konkret nümunələrə rast gəlmək mümkündür. Bu günlərdə ərəb ölkələrində baş verən siyasi kataklizmlərin təkcə daxili səbəblərdən qaynaqlandığını düşünmək, sadəcə, sadəlövhlük olardı. Həmin hadisələri şərh edən dünyanın aparıcı beyin mərkəzləri və tanınmış politoloqlar hesab edirlər ki, Tunis, Misir və digər dövlətlərdə müşahidə olunan proseslər demokratikləşmə və ya diktatorlara, avtoritar rejimlərə qarşı xalq hərəkatı olmaqla yanaşı, həm də ABŞ-ın ərəb dünyasında sarsılmış mövqelərini bərpa etmək və möhkəmləndirmək cəhdinin təzahürüdür. Ona görə də təsadüfi deyil ki, qeyri-sabit dövrə qədəm qoyan ərəb ölkələrində hadisələrin indiki axarda cərəyan etməsinin arxasında ABŞ-ın durması barədə müxtəlif məlumatlar səslənir. Həmin məlumatlardan aydın olur ki, məhz ABŞ indi adları dünya mediasında gündəlik hallanan, qeyri-sabit vəziyyətin hökm sürdüyü ərəb ölkələrində müxtəlif qruplarla danışıqlara gedib. Həmin qruplara müxtəlif formada yardımlar göstərib. Lakin bundan son nəticədə əziyyət çəkən öz maraqları naminə müxtəlif oyunlar quran ABŞ yox, həmin ölkələrin xalqlarıdır. Hər halda, konkret Misir nümunəsində bunu görmək mümkündür.

Digər tərəfdən, Misir hadisələri ABŞ-ın etibarlı bir mütəffiq olmadığını da aydın göstərir. Məlum həqiqətdir ki, Misirdə yaşanan olaylar cərəyan edənə qədər ABŞ Hüsnü Mübarək iqtidarının yaxın tərəfdaşı sayılırdı. Elə Amerika rəsmiləri də bunu hər fürsət düşəndə açıq bəyan edirdilər. Lakin xalq etirazlarının başlanmasından dərhal sonra ABŞ da Hüsnü Mübarək hakimiyyətinə münasibətini tamam dəyişdi. Etiraz aksiyalarının ilk günündə ABŞ Dövlət Departamenti "Misirdə rejim sabitliyini qoruyur" açıqlaması ilə çıxış edərək Hüsnü Mübarəkə dəstək verirdi. Misirdəki güc balansının xalq hərəkatı lehinə dəyişməsindən sonra ABŞ fərqli çıxış etməyə başladı. Bunun ardınca isə dünya mətbuatında məlumatlar yayılmağa başladı ki, əslində, ABŞ-ın özü Misirdə antihökumət nümayişlərinin təşkili istiqamətində fəal işlər aparıb. Məhz bu məqsədlə Misirdə fəaliyyət göstərən müxtəlif hərəkat nümayəndələri ilə görüşüb. Tunisin timsalında da belə məlumatlar dünya mətbuatında, elektron media vasitələrində geniş yer aldı.

Bütün bunlar belə bir qənaətə gəlməyə əsas verir ki, indi Vaşinqtonun uzun illər tərəfdaşlıq etdiyi Misir hakimiyyətini dəyişdirmək planının arxasında məhz ABŞ-ın regionla baglı yeni planlarının və niyyətlərinin durduğu şübhəsizdir. Lakin Misir təcrübəsindən aydın şəkildə göründüyü kimi, bu plan və niyyət hədəf seçilən ölkəni uçuruma yuvarlayır, xalqını yeni problemlər məngənəsində boğur, iqtisadiyyatını, sosial həyatını iflic edir. Öz siyasi və geosiyasi maraqlarının təmini naminə ABŞ hədəf seçdiyi ölkəyə qarşı nəticəsi ağır olan istənilən gedişi etməyə hazırdır. Həyata keçirdiyi siyasətə adətən, demokratiya donu geyindirmək üçün həmişəki kimi Vaşinqton maliyyələşdirdiyi və öz təsir dairəsində saxladığı QHT və media vasitələrindən geniş faydalanır. Elə onlar vasitəsilə də öz iqtisadi və siyasi maraqlarını təmin edə bilmədiyi, müstəqil siyasət yeridən ölkələrə qarşı siyasi kampaniya təşkil edir. Bundan başqa, həmin ölkələrdə müəyyən sosial qruplar və siyasi dairələr vasitəsilə gərginlik yaratmağa, siyasi hakimiyyətləri öz iradəsindən asılı vəziyyətə salmağa, bu alınmadıqda isə iqtidarı dəyişməyə və istəyinə uyğun rejim formalaşdırmağa çalışır. Postsovet məkanında yeni əsrin on ilində bəzi ölkələrdə cərəyan edən hadisələrə, indi bir sıra ərəb dövlətlərində baş verənlərə diqqət yetirməklə bunu aydın nümayiş etdirən xeyli faktlara rast gəlmək mümkündür. Bəzən öz maraqlarına çatmaq üçün ABŞ hərbi gücdən istifadə etməkdən də çəkinmir. İraq, Əfqanıstan buna misal ola bilər.

ABŞ zaman-zaman öz iradəsini Azərbaycana da diktə etməyə çalışıb, lakin istəyinə nail ola bilməyib. Müstəqil Azərbaycan açıq şəkildə bütün kənar qüvvələrə, o cümlədən də ABŞ-a da bildirib ki, özünə yeni "böyük qardaş" axtarmaq niyyətində deyil. Bunu ulu öndər Heydər Əliyev də, Prezident İlham Əliyev də müstəqil siyasəti ilə real formada nümayiş etdirib. Buna görə də qətiyyətlə söyləmək olar ki, müstəqil siyasət yeridən Azərbaycan postsovet məkanında ABŞ-la yola getməyən ölkələr arasında bəlkə də birincidir. Belə vəziyyət isə özünü fövqəldövlət hesab edən ABŞ-ın maraqlarına uyğun gəlmir. Lakin ABŞ da regionun əsas dövləti sayılan Azərbaycana öz maraq və istəyini diktə edə bilmir. Bu səbəbdən indi ABŞ ölkəmizə qarşı daha çox böhtan və qarayaxma kampaniyasına üstünlük verir. Məhz bu siyasi xəttin nəticəsidir ki, ABŞ-ın əsas QHT, "Washington Post" kimi media orqanları Azərbaycana qarşı davamlı, çirkin kampaniya həyata keçirir. Bu fonda onlar demokratiya və insan hüquqları ilə bağlı qərəzli iddialar irəli sürür, hesabatlar hazırlayır və yayır, ölkəmizi nüfuzdan salmağa cəhd göstərirlər. Lakin zaman Azərbaycana münasibətdə bu siyasətin həmişə uğursuzluğa düçar olduğunu sübuta yetirib. ABŞ, eləcə də ölkəmizin müstəqil siyasətini həzm edə bilməyən digər qüvvələr bilməlidirlər ki, Azərbaycanda prosesləri gərginləşdirmək, onları öz maraqlarına uyğun yönəltmək cəhdləri əbəsdir. Onların antiazərbaycan siyasəti daha çox özlərini nüfuzdan salmaqla nəticələnir. Azərbaycan hakimiyyətinin iradəsinə təsir etmək, xalqın etimadına və mənafelərinə əsaslanan mövcud siyasi kursu başqa istiqamətə yönəltmək mümkün deyil. Çünki ölkəmizdə xalqla hakimiyyət, xalqla onun lideri arasında sarsılmaz özüllər üzərində dayanan sıx birlik mövcuddur.

 

 

Rasim BAYRAMOV

 

Azərbaycan.- 2011.-8 fevral.- S. 3.