Ermənilər öz məkrli niyyətlərini siyasi-ideoloji müstəvidən açıq təxribata məhz bu şəhərdə keçirdilər

 

Sumqayıt hadisələrindən 23 il keçir

 

Yaşlı və orta nəslin nümayəndələri 23 il əvvəl - 1988-ci il fevral ayının 27-28-də Sumqayıtda erməni millətçilərinin xaricdə yaşayan havadarlarının və Daşnaksütyun partiyasının dəstəyi ilə necə qanlı aksiya törətdiyini bu gün də yaxşı xatırlayırlar. Hadisəni törətməkdə başlıca məqsəd erməni millətçilərinin azərbaycanlıları başkəsən, quldur və qaniçən bir millət kimi dünya ictimaiyyətinə təqdim etmək idi.

Tarixin müxtəlif dönəmlərində Azərbaycan xalqına qarşı çoxsaylı xəyanətlər etmiş, ölkəmizə qarşı ərazi iddiaları qaldırmış ermənilər bəşəriyyət tarixində misli görünməmiş cinayətlərə imza atmışlar. Təcavüzkar erməni şovinistlərinin "böyük Ermənistan" xülyalı ideoloqlarının ssenarisi və xaricdəki havadarlarının köməyi ilə ötən əsrin ayrı-ayrı dövrlərində həyata keçirdikləri etnik təmizləmə kampaniyasının acı nəticələrinin şahidi olan yüz minlərlə azərbaycanlı müxtəlif vaxtlarda ata-baba yurdlarından qovulmuş, qaçqın və məcburi köçkün vəziyyətində yaşamağa məcbur olmuşlar. Keçmiş SSRİ dönəmində də davam etdirilən bu mənfur siyasi iğtişaşlar, heç bir günahı olmayan yüzlərlə soydaşımızın həbsi və qətlə yetirilmələri ilə müşayiət olunmuşdur.

Sovet imperiyasının iflasa yaxınlaşdığı 1987-1988-ci illərdə ermənilərin Azərbaycana qarşı yeni ərazi iddiaları da sərsəm "böyük Ermənistan" ideologiyasının tərkib hissəsi idi. 1988-ci il fevralın 27-də axşamdan başlayan və ertəsi gün davam edən Sumqayıt hadisələrindən öz məkrli niyyətlərini həyata keçirməklə beynəlxalq miqyasda xalqımız haqqında mənfi rəy formalaşdırmağa, türklərin, azərbaycanlıların "vəhşi" obrazını yaratmağa çalışan ermənilər öz uydurmaları ilə bu hadisələrdən mənafeləri üçün istifadə etməyə cəhd göstərsələr də, zaman hər şeyi yerbəyer edərək kimin haqlı, kimin haqsız olduğunu sübuta yetirdi.

Separatçı, millətçi, terrorçu erməni və ermənipərəst qüvvələr tərəfindən Sumqayıtda tüğyan etmiş iğtişaşlar nəticəsində müxtəlif millətlərdən olan 32 adam, o cümlədən 26 erməni həlak olmuş, 400-dən çox insan bədən xəsarəti almış, 200-dən çox mənzil talan edilmiş, 50-dən artıq mədəni-məişət obyekti dağıdılmış, 40-dan çox avtomaşın sındırılmış və qismən yandırılmış, şəhərə o vaxtkı qiymətlərlə 7 milyon rubl və ya 10 milyon Amerika dolları məbləğində maddi ziyan vurulmuşdur. Bu iğtişaşları araşdırmaq üçün SSRİ Baş Prokurorluğu tərəfindən 18/55461-88 nömrəli xüsusi cinayət işi açılmış, 444 nəfər adam məhkəmə qarşısında cavab verməli olmuş, onlardan 400 nəfəri 10-15 sutka təcridxanalarda saxlanılmış, bir neçəsi uzunmüddətli həbs cəzasına, 1 nəfəri - Əhməd İman oğlu Əhmədov isə ən yüksək cəzaya - ölüm cəzasına məhkum olunmuş və bu hökm tez-tələsik yerinə yetirilmişdir.

1989-cu ilin sentyabr ayında ermənilər Sumqayıtda törədilmiş hadisələrlə bağlı geniş mətbuat konfransı keçirdilər. Daşnakların "Quşamatyan" adlanan tarix-maarifçilik cəmiyyətinin Ermənistan Jurnalistlər İttifaqı ilə birlikdə Yerevanda təşkil etdikləri həmin konfransda 300 nəfərdən çox adam - alimlər, tarixçilər, yazıçı və publisistlər, mətbuat nümayəndələri, hüquqşünaslar iştirak etmişdilər. Ermənilər bu konfransın materiallarını bir çox xalqların dillərində, o cümlədən rus dilində 50 min tirajla "Sumqait... Qenosid... Qlasnost..." adlanan kitabda nəşr etdirib dərhal antiazərbaycan, antisumqayıt təbliğat maşınına ötürmüşdülər. Sumqayıtlı alimlər Həsən Sadıqov və Ramazan Məmmədovun "Sumqayıt: milli əsarət, ya milli səxavət?" kitabında verilən məlumata görə, konfransda çıxış edən Ermənistan parlamentinin deputatı, filologiya elmləri doktoru Suren Zolyan hadisələrə siyasi qiymət verərək demişdir: "Sumqayıt hadisələri 70 il Sovet Azərbaycanında hökm sürmüş milli əsarət siyasətinin təbii təzahürü idi".

Sumqayıtda törədilmiş hadisələr barədə Sovet İttifaqının və xarici ölkələrin mətbuatında dərc olunmuş, dünyanın kütləvi informasiya vasitələrində, radiolarda, televiziya kanallarında səslənmiş materialların əksəriyyəti erməni mövqeli, birtərəfli, qərəzli xarakter daşımışdır. İnformasiya müharibəsində erməni tərəf ölçüyəgəlməz dərəcədə fəallıq göstərmiş, haqqımızda böhtan xarakterli yalanlar yaymağa müəvəffəq olmuşdur.

Xatırladaq ki, erməni separatçı ideoloqlarının 1989-cu il sentyabr ayının 23-də Yerevanda keçirdikləri və Sumqayıt hadisələrinə həsr etdikləri, daha dəqiq desək, bu hadisələrin əsl mahiyyətinin səbəb və nəticələrinin təhrif olunmasına yönəlmiş bir mətbuat konfransına adekvat tədbiri biz yalnız 11 il 5 aydan sonra keçirməyə nail ola bildik. Həmin konfransda Sumqayıt Dövlət Universitetinin rektoru, professor Nadir Qəhrəmanov ilk dəfə bu hadisələrə düzgün siyasi və hüquqi qiymət verilməsinin təxirəsalınmaz məsələ olduğu barədə bəyanatla çıxış etdi. Ümummilli lider Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra bir sıra məsələlərlə yanaşı, Sumqayıt hadisələrinə də aydınlıq gətirildi və onun başvermə səbəbləri araşdırıldı. Məhz bundan sonra ermənilərin əsl siması üzə çıxdı. Məlum oldu ki, Sumqayıt hadisələri əvvəlcədən planlaşdırılmış ssenari əsasında həyata keçirilib. Ermənilər əslində bununla gələcəkdə həyata keçirəcəkləri digər faciələri ört-basdır etmək niyyəti güdürdülər.

Sumqayıt hadisələrinin başvermə səbəbləri araşdırılarkən ortaya belə bir sual çıxır: ermənilər öz təxribatlarını həyata keçirmək üçün niyə məhz bu yolu seçdilər? Cavab məlumdur-ölkəmiz əleyhinə güclü ideoloji mübarizə aparmaq, habelə soydaşlarımızın Qərbi Azərbaycandan zorla qovulmalarının səbəblərini ört-basdır etmək. Onlar belə bir ssenarini beynəlxalq aləmdə Azərbaycan haqqında mənfi rəy formalaşdırmaq məqsədilə reallaşdırdılar. Xəyanətkar qonşularımız dünyaya əvvəlcədən guya azərbaycanlıların Sumqayıtda yaşayan ermənilərə qarşı zorakılıq etdiklərini, təzyiqlər göstərdiklərini planlaşdırılmış formada təqdim etməyə can atırdılar. Halbuki, əslində insanları qətlə yetirənlər elə ermənilərin özləri idi.

Təəssüf ki, respublikamız həmin dövrdə güclü informasiya blokadasına alınmışdı. Dünyaya birbaşa çıxışımız olmadığından əsl həqiqətləri beynəlxalq aləmə çatdıra bilmirdik, xarici aləmdən təcrid olunmuşduq. Azərbaycanın digər bölgələrində baş verən iğtişaşlar da "Krunk" təşkilatının gizli dəstəyi ilə hazırlanmış məxfi əməliyyatların tərkib hissəsi idi. Sov.İKP MK-nın birinci katibi Mixail Qorbaçovun, akademik Aqambekyanın, digər yüksək vəzifəli ermənilərin, habelə SSRİ Dövlət Təhlükəsizlik Komitəsi əməkdaşlarının da bu işdə xüsusi rolu vardı.

O vaxtlar şəhərin icra qurumlarının, hüquq-mühafizə orqanlarının fəaliyyəti SSRİ rəhbərliyi tərəfindən ciddi şəkildə nəzarətə götürülmüşdü. Şəhər prokuroru İsmət Qayıbovun və digər səlahiyyət sahiblərinin hadisələrə qarışmağa ixtiyarı yox idi. SSRİ Prokurorluğunun xüsusi istintaq qrupu, Dövlət Təhlükəsizlik Komitəsinin nümayəndələri şəhərə ezam olunmuşdular. Hadisələr baş verərkən soydaşlarımızın qeyri-qanuni həbs edilmələri, ölüm cəzasına məhkum olunmaları məhz bu amillərlə bağlı idi. Şəhərə əvvəlcədən çəkiliş və terrorçu qrupların göndərilməsi, xarici müşahidəçilərin dəvət edilməsi bu hadisələrin məqsədyönlü şəkildə düşünülmüş planın tərkib hissəsi olduğunu göstərir. Sumqayıt Şəhər İcra Hakimiyyəti siyasi partiyalar və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Seyfəddin Rəhimov 1988-ci ilin fevral hadisələrini tarixin qara səhifəsinə düşmüş dəhşətli faciələr kimi xarakterizə edir: Artıq neçə əsrdir ki, ermənilər azərbaycanlılara qarşı torpaq iddiaları aparır, ərazilərimizi özününküləşdirir, soydaşlarımıza qarşı genosid siyasəti həyata keçirirlər. Erməni şovinistləri bu siyasəti XX əsrdə də davam etdirdilər və soydaşlarımızı tarixi ata-baba torpaqlarından, isti ocaqlarından qovaraq ərazilərimizi zəbt etdilər. Sumqayıt hadisələri erməni şovinistlərinə özlərini dünyaya "yazıq", "fağır" millət kimi təqdim etmək üçün lazım idi. Ötən əsrin 80-ci illərinin sonlarında respublikamıza rəhbərlik edənlərin bacarıqsızlığı da hadisələrin dünya ictimaiyyətinə təhrif olunmuş formada çatdırılmasına imkan yaratdı.

O vaxt Sumqayıtda bir qrup adam istədiyini edir, aidiyyəti təşkilatlar isə seyrçi münasibət göstərirdilər. Səriştəsiz rəhbərlərin bu cür hərəkətləri onların şəhərdə fəallığını daha da artırdı. Şəhər partiya komitəsinin birinci katibi Cahangir Müslümzadə həmin vaxt məzuniyyətdə olduğundan hadisələrə vaxtında və lazımi reaksiya verilmədi. Yalnız bir gün keçdikdən sonra Mərkəzi Komitənin səlahiyyətli nümayəndələri şəhərə gəldilər. Həmin dövrdə Nazirlər Sovetinin sədri işləyən Həsən Seyidov və bir neçə məmurdan ibarət nümayəndə heyəti Sumqayıta daxil olanda artıq iş-işdən keçmişdi. Erməni təbliğat maşını baş verənləri lentə köçürərək dünyaya çatdıranda yerli təşkilatlar çaşbaş qalmışdı, nələrin baş verdiyini heç müəyyənləşdirə də bilmirdilər. Hadisələr şəhərdə keçmiş SSRİ-nin hüquq-mühafizə orqanlarının səlahiyyətli nümayəndələrinin gözü qarşısında baş verir, onlar isə heç bunun qarşısını almaq barədə belə düşünmürdülər.

Ermənilər Sumqayıtı əbəs yerə hədəf seçməmişdilər. Həmin ərəfədə minlərlə soydaşımız Ermənistandan - öz ata-baba yurdlarından qaçqın düşmüşdü. Soydaşlarımız Sumqayıta pənah gətirərkən burada xeyli məxfi erməni təxribatçısı fəaliyyət göstərirdi. Planlı şəkildə aparılan qətllər, talanlar və digər cinayət halları göstərir ki, proseslər şəhərdəki qüvvələr tərəfindən idarə edilirdi. Hadisələrin Moskvadan göndərilmiş yüksək səlahiyyətli şəxslərin gözü qarşısında törədilməsi onların hər şeydən məlumatlı olduğunu söyləməyə əsas verir.

Ümumiyyətlə, 1988-ci il fevral ayının 27-də Sumqayıtda iğtişaşlara əvvəlcədən planlaşdırılmış şəkildə start verilmişdi. İtaətsizlik baş alıb gedirdi. Hüquq-mühafizə orqanları iflic vəziyyətinə düşmüşdü. Bütün silahlar onlardan müsadirə edilmişdi. Nəticədə bir çox ticarət, ictimai-iaşə və məişət obyektləri dağıdıldı, maşınlar yandırıldı. Mitinq iştirakçılarını sakitləşdirmək qeyri-mümkün idi. Həmin anlar sovet qoşunları Sumqayıtın ayrı-ayrı məhəllə və mikrorayonlarına dislokasiya olunmuşdu. Lakin hadisələrə müdaxilə etmirdilər. Fevral ayının 28-də və 29-da şəhərdə qanlı aksiya baş verdi. Mart ayının 1-də isə şəhərdə komendant saatı elan olundu. İndi o günləri xatırlayanda hələ də aktuallığını itirməmiş suallarla üzləşirsən. Məsələn, sovet qoşunları niyə gözləmə mövqeyi tutmuşdular?

Mixail Qorbaçov 1988-ci il iyul ayının 18-də SSRİ Ali Sovetinin iclasında "Qoşunlar Sumqayıta bir saat gecikmişdi" fikrini söyləmişdi. Bu fikir tamamilə yalan idi. SSRİ müdafiə naziri Yazov "Sumqayıtın əks-sədası" sənədli filminin çəkiliş qrupuna verdiyi müsahibəsində bu faktı təkzib etmişdi. Filmin ssenari müəlliflərindən biri sumqayıtlı jurnalist Eyruz Məmmədov o günləri belə xatırlayır: "Dmitri Yazov tam ciddiyyəti ilə bizə bildirdi ki, sovet ordusu heç bir vaxt heç bir yerə gecikməyib. Baş Komandanın əmri olmadan komendant saatı elan etməyə, əsgərin silah işlətməyə, güllə atmağa ixtiyarı yoxdur".

Erməni ekstremistləri məhz Sumqayıt şəhərini ona görə seçmişdilər ki, orada 10 minə yaxın yeniyetmə texniki peşə məktəblərində təhsil alırdı. Azərbaycanın müxtəlif regionlarından gələn həmin gənclərin əksəri valideyn nəzarətindən uzaq idilər. Şəhərdə kriminogen vəziyyət xoşagələn deyildi.

Həmin günlər 100-dən yuxarı saqqallı və qara gödəkçələr geyinmiş erməni ekstremistləri Sumqayıtda idilər. Əksəriyyəti "Dalğa" və "Sumqayıt" mehmanxanalarında qalırdı. Onlar əhali arasında müxtəlif şaiyələr yayır, aranı qızışdırır, ermənilərin evlərinə soxulmağı tələb edirdilər. Gənclər də asanlıqla təxribata uyurdular.

Yuxarıda qeyd etdiyimiz kimi, Ermənistan rəhbərliyi, ideoloqları, Sumqayıt hadisələrindən bir kart kimi istifadə edərək azərbaycanlıları vəhşi, quldur, qaniçən bir millət kimi dünya ictimaiyyətinə təqdim etmək üçün təbliğat mexanizmini işə saldılar. "Azərbaycanda ermənilər qırılır, qətlə yetirilir, başları kəsilir, yandırılır" və s. kimi cəfəng uydurmalar yayılırdı. Hadisələr zamanı Sumqayıta xaricdən ezam olunmuş Artaşes Qabielyan videokamera ilə hadisələrin bəzi məqamlarını lentə aldı, sonralar onlar montaj olunub xarici telekanallarda göstərildi.

Sumqayıtda baş verən hadisələrdə əsas təşkilatçılardan və icraçılardan biri də Eduard Qriqoryan idi. O, iki dəfə məhkum olunmuşdu və heç bir yerdə işləmirdi. "Krunk" cəmiyyətinin fəal üzvü idi. İstintaq qrupunun materiallarından aydın olur ki, 1988-ci il fevral ayının ortalarında onun yaşadığı mənzilə Yerevandan bir qrup emissar gəlibmiş. Qriqoryan təlimatlandırılmış, ona pul, narkotik vasitələr verilmişdi. "Paşa" ləqəbli Edik ertəsi gün ətrafına bir neçə azyaşlı yeniyetmə və gəncləri topladı, yaxın günlərdə bəzi əməliyyatlarda iştirak etsələr çoxlu pul verəcəyini bildirib onları şirnikləndirdi və 1988-ci il fevral ayının 27-29-da Sumqayıtda iğtişaşlara rəhbərlik etməyə başladı.

 

(Ardı var)

 

 

Akif CABBARLI,

 

Bəşir ŞƏRİFLİ,

 

Azərbaycan.- 2011.-8 fevral.- S. 5.