Azərbaycan Prezidenti İlham Əliyev Litva Seyminin sədri xanım İrena Dequtienenin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 8-də Litva Seyminin sədri xanım İrena Dequtienenin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

İki ölkə arasında siyasi sahədə qarşılıqlı fəaliyyətin yaxşı səviyyədə olduğunu bildirən Prezident İlham Əliyev iqtisadi əlaqələrin genişlənməsi üçün də yaxşı perspektivlərin olduğunu söylədi. Parlamentlərarası əlaqələrin önəmini vurğulayan dövlət başçısı ölkələrimizin Avropa Parlamenti, Avropa Şurası, ATƏT və NATO-nun parlament assambleyaları kimi müxtəlif beynəlxalq təşkilatlarda əməkdaşlıq təcrübəsinə malik olduğunu xatırlatdı və bu əməkdaşlığın artıq ənənəvi xarakter daşıdığını bildirdi. Prezident İlham Əliyevin Litva Seyminin sədri xanım İrena Dequtienenin ölkəmizə səfərinin bu sahədə əlaqələrin genişlənməsinə töhfə verəcəyinə əminliyini söylədi.

Litva Seyminin sədri xanım İrena Dequtiene Azərbaycana səfərindən və ölkəmizlə yaxından tanış olmaq imkanı qazanmasından məmnunluğunu bildirdi. O, ölkəsini təmsil edən şirkətlərin Bakıda keçiriləcək Azərbaycan-Litva biznes forumunda iştirak edəcəyini xatırladaraq, bu tədbirin müxtəlif sahələrdə əlaqələrin inkişafı baxımından önəmini vurğuladı. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan xanım İrena Dequtiene Litvanın Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bildirdi.

 

 

AzərTAc

 

Azərbaycan.- 2011.- 9 fevral.- S. 1.