Zəngilanlılar qarşıya qoyulmuş vəzifələri layiqincə yerinə yetirəcəklər

 

Fevralın 8-də YAP Nərimanov rayon təşkilatının binasında Zəngilan Rayon İcra Hakimiyyətinin ötən ilin yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş yığıncağı keçirilmişdir.

İştirakçılar əvvəlcə binanın foyesində ümummilli lider Heydər Əliyevin büstünü ziyarət etmiş, önünə gül dəstələri düzmüşlər.

Rayon icra hakimiyyətinin başçısı Vəli Quliyev bildirmişdir ki, hesabat ilində məcburi köçkünlərin fərdi təsərrüfatlarının genişləndirilməsinə və inkişaf etdirilməsinə xüsusi diqqət yetirilmişdir. Əvvəlki illə müqayisədə mal-qaranın, qoyun-keçinin baş sayı, ət, süd, yun, yumurta istehsalı artmış, əhalinin pul gəlirləri 2,6 faiz, orta aylıq əməkhaqqı 3,8 faiz yüksəlmişdir.

V.Quliyev təhsil, səhiyyə, mədəniyyət və idman sahələrində əldə edilən nailiyyətlər barədə də məlumat vermişdir. Qeyd etmişdir ki, ötən dərs ilində 34 orta məktəb fəaliyyət göstərmiş, 104 nəfər ali təhsil ocaqlarına daxil olmuş, 18 nəfər 500-700 arası bal toplamışdır. Hesabat ilində 5414 nəfərə ambulator xidmət göstərilmiş, 136 nəfər şəkərli diabet xəstəsi pulsuz dərmanlar və tibbi aparatlarla təmin olunmuşdur.

Gənclər arasında aparılmış işlər də səmərəli olmuşdur. Rayon idmançıları respublikada keçirilən müxtəlif yarışlarda 37 medal, o cümlədən 13 qızıl, 14 gümüş, 10 bürünc medal qazanmışlar.

V.Quliyev vurğulamışdır ki, hesabat ilində sosial müdafiəyə ehtiyacı olan ailələrə qayğı və diqqət artırılmış, 208 ailəyə ünvanlı sosial yardım təyin edilmiş, təqaüd və müavinətlər vaxtında ödənilmiş, 19 nəfər əlil pulsuz putyovkalarla təmin edilərək sanatoriyalara göndərilmişdir. Rayon icra hakimiyyəti yanında yaradılmış xeyriyyə fondundan şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə, tənhalara və yataq xəstələrinə, yas mərasimlərinə 37.500 manat maddi yardım edilmişdir.

Məruzə ətrafında çıxış edənlər görülmüş digər işlərdən söz açmış, həlli vacib problemləri xatırlatmış, onların həlli üçün təkliflərini söyləmişlər. Vurğulanmışdır ki, zəngilanlılar bundan sonra da dövlətimizin başçısı ətrafında sıx birləşəcək, qarşıya qoyulmuş vəzifələri layiqincə yerinə yetirəcəklər.

Hesabat yığıncağında Prezident Administrasiyasının məsul əməkdaşı Rövşən Ağayev və Milli Məclisin deputatı İmamverdi İsmayılov iştirak etmişlər.

 

 

Azərbaycan.- 2011.-9 fevral.- S. 4.