Azərbaycanın enerji sahəsində etibarlı tərəfdaş olduğu Davosda bir daha təsdiqləndi

 

Keçən ay keçirilmiş Davos İqtisadi Forumunda Azərbaycanın etibarlı tərəfdaş olduğu bir daha vurğulanıb. Dünyanın tanınmış siyasət və biznes dairələrinin bir araya gəldiyi tədbirdə ölkəmizə böyük maraq hiss edilib. Bu maraq son illərdə Azərbaycanın həyata keçirdiyi sosial-iqtisadi islahatların əhəmiyyətinə, malik olduğu potensiala və müxtəlif sahələrdə dünyanın ən nüfuzlu şirkətləri ilə əməkdaşlıq quraraq özünü etibarlı tərəfdaş kimi tanıtmasına söykənir.

Tədbirdə iştirak edən Prezident İlham Əliyev demişdir: "Azərbaycan neft ölkəsi kimi tanınır. Bu, tamamilə doğrudur. Çünki dünyada ilk dəfə neft XIX əsrdə məhz Azərbaycanda hasil edilib. Sonradan dənizdə neft ilk olaraq yenə Azərbaycanda hasil edilib. Lakin bu gün təbii ki, biz bir sıra mühüm şaxələndirmə layihələri üzərində işləyirik. Bizim enerji daşıyıcılarını beynəlxalq bazarlara nəql edən 3 neft və 4 qaz boru kəmərimiz vardır. Biz nəhəng qaz yataqlarını aşkar etmişik. Onlar bizə böyük qaz ixracatçısı olmağa imkan verir. Hazırda biz təbii qazı qonşu ölkələrə ixrac edirik. Hasilatın artırılması və yeni bazarların tapılması ilə bağlı böyük planlarımız vardır. Azərbaycanın təsdiq edilmiş qaz ehtiyatları 2,2 trilyon kubmetrdir və bu həcm İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı sədrinin qeyd etdiyi kimi, bizim üçün 100 ildən artıq müddətə kifayətdir".

Prezident İlham Əliyevin sözügedən forumda ölkəmizlə iri neft-qaz layihələrində tərəfdaşlıq edən bir sıra dünya şöhrətli şirkətlərin rəhbərləri ilə görüşməsi də böyük əhəmiyyət kəsb edir.

Ölkəmizin başçısı Davosda bp şirkətinin Direktorlar Şurasının sədri və qeyri-icraçı direktoru Karl-Henrik Svanberqlə görüşmüşdür. Böyük Britaniyanın dünyanın 100-dən çox ölkəsində çalışan bu şirkətini indi Azərbaycanda tanımayan yoxdur. Çünki bp ilk növbədə "Əsrin müqaviləsi" adını almış məşhur layihənin əməliyyatçısıdır. Xəzərin Azərbaycan sektorundakı "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlarının tammiqyaslı işlənməsini nəzərdə tutan həmin saziş ölkəmizdə bir sıra yeni qlobal layihələrə yol açdı. Bu gün "Azəri-Çıraq-Günəşli" neftini daşıyan möhtəşəm boru xəttinə - Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan kəmərinə də bp əməliyyatçılıq edir.

Bu sıraya "Şahdəniz" yatağının işlənməsi, buradan çıxarılan qazı daşıyan Cənubi Qafqaz Boru Kəməri (CQBK) layihələrinin də daxil olduğunu xatırlatsaq, onda bp-nin bir əməliyyatçı şirkət kimi ölkəmizin həyatında necə böyük rol oynadığı daha aydın görünər.

Sevindirici haldır ki, bp Azərbaycanda təkcə neft-qaz hasilatı və ixraçı ilə məşğul olmur. O, ölkəmizdə bir çox sosial layihələr, maraqlı təşəbbüslər həyata keçirir. Bunun nəticəsində şirkət Azərbaycan kəndlisinin, ölkənin tələbə və gənclərinin, elm və incəsənət adamlarının dostuna çevrilib.

bp-nin və ARDNŞ-nin "Şəfəq-Asiman" yataqlarının işlənməsi ilə bağlı imzaladıqları sazişlər göstərir ki, bu şirkət hələ uzun illər Azərbaycanda çalışacaq. Təsadüfi deyil ki, dövlətimizin başçısının Davosda şirkət rəhbərliyinin nümayəndəsi ilə görüşündə də strateji əhəmiyyət daşıyan bu əməkdaşlığın daha da genişlənəcəyinə əminlik bildirilib.

İsveçrədə işgüzar səfərdə olarkən Prezident İlham Əliyev Rusiyanın "LUKoyl" şirkətinin prezidenti Vahid Ələkbərovla da görüşmüşdür. Dünyanın ən dinamik inkişaf edən neft şirkətlərindən olan "LUKoyl"un Azərbaycanla tərəfdaşlığının 20 ilə yaxın tarixi var. Bu illər ərzində şirkət ölkəmizə investisiya qoyuluşu istiqamətində uğurlu fəaliyyət göstərib. O, Abşeron yarımadasında və Xəzər dənizində bir sıra perspektiv strukturların kəşfiyyat işlərində iştirak edib, Bakıda bir çox yanacaqdoldurma məntəqələri açıb.

Bu gün "LUKoyl" şirkəti "Şahdəniz" və Cənubi Qafqaz Boru Kəməri kimi qlobal layihələrin hər birində 10 faizlik payla iştirak edir. "Şahdəniz"in növbəti, ikinci mərhələsinin ikiqat səmərə verəcəyini, yataqdan çıxan qazı daşıyan kəmərin xeyli genişləndiriləcəyini və bunların nəticəsində Azərbaycan qazı üçün dünyaya yeni yollar açılacağını nəzərə alsaq, qeyd etməliyik ki, bu yollarda "LUKoyl" etibarlı yoldaşımızdır.

Davos görüşlərində digər tərəfdaşımızın - "Statoil ASA" şirkətinin prezidenti və baş icraçı direktoru Helge Lund demişdir: "Azərbaycan ilə əməkdaşlıq bizim strategiyamızın ən prioritet sahələrindən biridir". Bu da təsadüfi deyil. Çünki "Statoil" uzun illərdir ölkəmizin neft-qaz sənayesinə sərmayə qoyuluşu həyata keçirir. Norveçin bu şirkəti "Azəri-Çıraq-Günəşli" yataqlar blokunun istismarında iştirak edərək burada 8,6 faizlik paya malikdir. Davosda şirkətin prezidenti ilə söhbətdə dövlətimizin başçısı bunu yüksək dəyərləndirib.

AÇG-dən sonra "Statoil" BTC layihəsinə qoşularaq burada 8,71 faizlik iştirak payı alıb. "Şahdəniz" və Cənubi Qafqaz Boru Kəməri kimi nəhəng layihələrin hər birində isə şirkət daha böyük paya (25,5 faiz) malikdir. "Statoil" hətta CQBK layihəsində kommersiya operatorluğunu həyata keçirir.

Ən iri layihələrdəki tərəfdaşlarımızdan biri də Fransanın "Total" şirkətidir. "Total"ın BTC-də 5, "Şahdəniz" və CQBK layihələrinin hər birində 10 faizlik iştirak payı var. Ümumiyyətlə, bütün Xəzər regionunda öz mövqelərini möhkəmləndirmiş bu şirkət Azərbaycanda hələ uzun illər çalışmaq niyyətindədir. Onun "Abşeron" yatağının işlənməsində ARDNŞ-lə tərəfdaşlıq etməsi bunu təsdiqləyir. Təsadüfi deyil ki, Davosda Prezident İlham Əliyevin "Total" şirkətinin sədri və baş icraçı direktoru Kristof De Marjeri ilə görüşündə əməkdaşlığın hazırkı vəziyyəti ilə yanaşı perspektivləri barədə də fikir mübadiləsi aparılıb.

Dövlətimizin başçısı Davos İqtisadi Forumunun iştirakçılarına Azərbaycanın qarşısında duran prioritet vəzifələr barədə də məlumat vermişdir: "Bizim şaxələndirilmiş müasir daşıma infrastrukturumuz vardır. Hazırda üzərində çalışdığımız məsələ yeni bazarların müəyyən edilməsidir. Əslində biz həmin bazarların yerləşdiyi yeri bilirik. Lakin bu layihənin qarşılıqlı surətdə faydalı olması üçün biz hasilatçı, tranzit və istehlakçı ölkələrin maraqlarını bir araya gətirməliyik. Enerji resursları təbii ki, bizdə əlavə əminlik yaradır. Bunlar qeyri-neft sektoruna sərmayə qoymaq imkanı yaradır və biz bu işi uğurla aparırıq. İqtisadiyyatın şaxələndirilməsi və müasirləşdirilməsi bizim əsas məqsədimizdir".

Bir sözlə, Davos görüşləri Azərbaycan iqtisadiyyatının inkişaf perspektivlərini dünyaya bir daha bəyan etdi.

 

 

F.SADIQLI

 

Azərbaycan.- 2011.- 9 fevral.- S. 5.