Azərbaycanın yeni diplomatik qələbəsi Ermənistanı təşvişə salıb

 

AŞ PA-da Dağlıq Qarabağ üzrə alt komitənin fəaliyyətinin yenidən bərpa edilməsi münaqişə ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında mühüm rol oynayacaqdır

 

Diplomatik sferada Ermənistan üzərində qazandığı qələbəni yeni uğurlarla daha da möhkəmləndirən Azərbaycan artıq beynəlxalq hüquq müstəvisində işğalçı dövlətlə müqayisədə kifayət qədər mövqe üstünlüyünə malikdir. Məhz fəal və çevik diplomatiyası sayəsində Azərbaycan bütün dünyada Ermənistanın işğalçı dövlət kimi qəbul edilməsinə nail olub. Bu mənada təsadüfi deyil ki, nüfuzlu beynəlxalq qurumlar tərəfindən qəbul edilmiş qətnamə və sənədlərdə Azərbaycanın ərazi bütövlüyü birmənalı şəkildə təsbit edilir, Ermənistan isə zəbt etdiyi torpaqları azad etməyə çağırılır.

Hazırda ölkəmizin diplomatiya sferasında xüsusi diqqət yetirdiyi əsas məsələlərdən biri bu təcavüzkar dövlətin zəbt etdiyi ərazilərin azad olunmasını nəzərdə tutan qətnamələrin və digər sənədlərin praktiki icraya yönəldilməsi ilə bağlıdr. Həmin sənədlərin icrası baş verməyəcəyi təqdirdə inkişaf göstəriciləri, ordusunun hərbi qüdrəti baxımından Ermənistandan dəfələrlə üstün olan Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin hərbi müstəvidə çözüləcəyini dəfələrlə bəyan edib. Çünki Azərbaycan ərazi bütövlüyünün uzun müddət pozulmuş halda qalmasına razılıq vermək niyyətində deyil və işğal olunmuş torpaqlarının azad edilməsi üçün hər cür imkanlara malikdir. Hələlik isə məsələnin sülh yolu ilə həllinə ümidlər tükənmədiyindən Azərbaycan Ermənistanla danışıqlar prosesinin davam etdirilməsini məqbul sayır. Bu kontekstdə Azərbaycanın həyata keçirdiyi fəal və hücumçu xarakterə malik diplomatiya sayəsində işğalçı ölkə daha böyük məğlubiyyətlərlə üzləşir.

Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) ötən ay keçirilən qış sessiyası çərçivəsində qurumun bürosunun Dağlıq Qarabağ üzrə alt komitəsinin fəaliyyətinin yenidən bərpa edilməsi də Ermənistanın diplomatik məğlubiyyətinin növbəti göstəricisi oldu. Məhz bu səbəbdəndir ki, indi Ermənistanda sözügedən məsələ fəal müzakirə obyektidir və ölkənin növbəti dəfə Azərbaycana məğlub olması açıq etiraf edilir. Xatırladaq ki, yanvarın 28-də AŞ PA bürosunun iclasında Dağlıq Qarabağ üzrə alt komitənin yenidən fəaliyyətə başlaması haqqında qərar qəbul edilib. Ermənistan nümayəndə heyəti qərarın əleyhinə olsa da, AŞ PA-da təmsil olunan Liberallar siyasi qrupunun üzvü Jordi Çukla i Kosta komitənin sədri seçilib. Bundan sonra işğalçı dövlətin AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri David Arutyunyan bildirib ki, Ermənistan nümayəndə heyəti Dağlıq Qarabağ problemi üzrə yenidən yaradılan alt komitənin işində iştirak etməyəcək.

Ermənistan parlamentinin deputatı Lilit Qalstyan isə etiraf edib ki, AŞ PA-da olan erməni nümayəndə heyəti alt komitənin yaradılmasının qarşısını almaq üçün hər şey etsələr də, nəticə faydasız olub: "Alt komitənin yaradılmasına görə məsuliyyət Ermənistan siyasilərinin üzərinə düşür. Təəssüf ki, ölkə həm daxili, həm də xarici siyasətdə ciddi məğlubiyyətlər seriyası yaşayır".

Ermənistan parlamentinin Müdafiə, milli təhlükəsizlik və daxili işlər komissiyasının sədri Hrayr Karapetyan da analoji mövqedən çıxış edir. Onun sözlərinə görə, alt komitə ilə bağlı AŞ PA-nın məlum qərarı Ermənistanın növbəti diplomatik fiaskosundan başqa bir şey deyil. Hakim Respublika partiyasından olan digər deputat Lernik Aleksanyan bildirir ki, Ermənistanın Dağlıq Qarabağ üzrə alt komitənin işini boykot etməsi mənasızdır: "Əvvəla, bu boykot çətin ki, komitənin fəaliyyətinə maneə olsun. Digər tərəfdən, boykotun təşəbbüskarı nüfuzlu dövlət olanda o, hansısa səmərə verə bilər. Ermənistan isə bu nüfuza malik deyil. Yəni boykot qərarı Ermənistan üçün nəticəsiz olacaq. Əgər bu komitə yaranıbsa, yaxşısı onun işində iştirak etməkdir".

Erməni politoloq Aleksandr İskəndəryan xatırladır ki, AŞ PA-nın bürosunun qərarı ilə alt komitənin fəaliyyəti yenidən bərpa olunub: "Komitənin fəaliyyətinin yenidən bərpası, təbii ki, Ermənistan diplomatiyasının uğursuzluğudur. İndi komitənin işinin boykot edilməsi bu uğursuzluğun miqyasını daha da genişləndirə bilər. Fikrimcə, belə hərəkət etmək olmaz, boykot, ümumiyyətlə, diplomatiyada pis üsuldur".

1999-2004-cü illərdə Avropa Şurasının baş katibi olmuş Valter Şvimmer də belə hesab edir ki, Ermənistan AŞ PA-nın Dağlıq Qarabağ üzrə yenidən yaradılan alt Komitəsinin iclasına saymazyana münasibət bəsləməklə səhvə yol verir: "Mən düşünmürəm ki, boykot Parlament Assambleyasının və onun strukturlarının qərarlarına düzgün reaksiyadır. Avropa siyasəti və Avropa ruhu ümumi əməkdaşlığa ehtiyac duyur. Demokratik qərarların xarakteri belədir, qəbul edilmiş qərarlarla razılaşmamaq olar, amma bununla belə, onlara riayət etmək lazımdır". V.Şvimmer, həmçinin qeyd edib ki, Azərbaycan Avropa Şurasında 10 illik üzvlük ərzində Ümumavropa dəyərlərinin əldə edilməsində böyük təcrübə toplayıb: "Azərbaycan indi plüralistik demokratiya sahəsində öhdəliklərə, qanun və insan hüquqlarının aliliyinə malik demokratik təhlükəsizlik sahəsinin bir hissəsidir".

Dağlıq Qarabağ üzrə alt komitənin yaradılması AŞ PA-nın 1416 saylı qətnaməsinin 1-ci bəndində öz əksini tapıb. Sözügedən qətnamə isə Ermənistanın diplomatik məğlubiyyətini özündə ehtiva edən olduqca mühüm sənəd sayılır. AŞ PA-nın 2005-ci ilin yanvarında qəbul etdiyi 1416 saylı qətnamə həm də Ermənistanın işğalçılıq siyasətinə qarşı olduqca ciddi zərbə hesab olunur. Belə ki, burada yer alan müddəalar bir daha Ermənistanın işğalçı dövlət olduğunu təsdiq edir, Dağlıq Qarabağ regionunun separatçı qüvvələrin nəzarəti altında olduğu xatırlanır. Bununla bağlı qətnamənin xülasə hissəsində qeyd olunur: "Azərbaycan ərazisinin böyük bir hissəsi hələ də Ermənistan qoşunlarının işğalı altındadır. Hərbi əməliyyatlar və bu əməliyyatlardan qabaq geniş surətdə yayılmış etnik düşmənçilik etnik mənsubiyyətinə görə insanların geniş miqyasda yerlərindən qovulmasına və dəhşətli etnik təmizləmə konsepsiyasını xatırladan monoetnik ərazilərin yaradılmasına gətirib çıxarmışdır. Dağlıq Qarabağ regionu hələ də separatçı qüvvələrin nəzarəti altındadır. Assambleya üzv dövlət tərəfindən xarici ərazinin işğal edilməsini bu dövlətin Avropa Şurasının üzvü kimi öhdəliyinin ciddi pozulması olduğunu bir daha təkrar edir və münaqişə ərazisindən olan məcburi köçkünlərin təhlükəsizlik şəraitində və ləyaqətlə öz evlərinə qayıtmaq hüquqlarının olduğunu bir daha təsdiqləyir".

Bu qətnamənin ən mühüm cəhəti Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsinin Avropda fəaliyyət göstərən beynəlxalq təşkilat səviyyəsində ilk dəfə belə açıq etiraf edilməsi və bunun presedent yaratması oldu. Bununla yanaşı, 1416 saylı qətnamədə xatırlanır ki, Azərbaycan və Ermənistanın imzaladığı BMT Nizamnaməsinin 93-cü maddəsinin birinci bəndinə əsasən, hər iki dövlət "irso facto" Beynəlxalq Məhkəmə Statunun (Nizamnamə) iştirakçılarıdır. ATƏT-in Minsk qrupunun həmsədrliyi ilə aparılan danışıqların uğursuzluğa düçar olacağı təqdirdə Beynəlxalq Məhkəmənin Nizamnaməsinin 36-cı maddəsinin birinci bəndinə əsasən, AŞ PA Azərbaycan və Ermənistana bu məhkəməyə müraciət etməyi təklif edir. Ermənilərin etnik təmizləmə siyasətinin də tənqid olunduğu qətnamə Ermənistanın beynəlxalq aləmdə mövqeyini daha da sarsıtdı. Kifayət qədər obyektiv xarakter daşıyan bu qətnamə sonradan AŞ PA-nın qəbul etdiyi 1690 saylı tövsiyə üçün də əsas rolu oynadı. Belə ki, Avropa Şurasının Nazirlər Komitəsinə ünvanlanan tövsiyədə bilavaistə 1416 saylı qətnamənin şərtlərinə istinad edilirdi. Qətnaməyə istinadən Nazirlər Komitəsinə ünvanlanan tövsiyələrin birinci bəndində qeyd olunurdu: "Müvafiq tərəfləri təkidlə BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinə əməl etməyə, xüsusilə istənilən hərbi əməliyyatlardan çəkinməyə və silahlı qüvvələri Azərbaycanın işğal edilmiş bütün ərazilərindən çıxarmağa çağırmaq". Həmçinin tövsiyələrdə 1416 saylı qətnamənin milli, ikitərəfli və beynəlxalq səviyyələrdə dəstəklənməsi üçün üzv dövlətlərin hökumətlərinə göndərilməsinə də diqqət yetirilirdi.

1416 saylı qətnamə qəbul olunduqdan sonra onun yerinə yetirilməsi üçün həmin dövrdə AŞ PA Bürosunun Dağlıq Qarabağ üzrə alt komitəsi yaradıldı və onun sədri britaniyalı deputat lord Rassel Conston seçildi. Komitənin fəaliyyəti lord Rassel Constonun AŞ PA sədri postuna seçildiyi günə kimi, yəni 2007-ci ilə qədər davam etdi. Düzdür, sonrakı dövrdə Rassel Conston AŞ PA-da Azərbaycan və Ermənistan nümayəndə heyətlərinin görüşünü təşkil etsə də, adıçəkilən komitə fəaliyyətsiz qaldı. Azərbaycan tərəfi isə komitənin fəaliyyətinin yenidən bərpa olunması istiqamətində fəal iş apardı və məlum nəticə əldə edildi. Şübhəsiz ki, Dağlıq Qarabağ münaqişəsi, onun tarixi, həlli istiqamətində gedən proseslər, Ermənistan tərəfinin işğalçı siyasətinin mahiyyəti, danışıqlarda nümayiş etdirdiyi qeyri-konstruktiv mövqe və digər bu kimi məsələlərin bütün təfərrüatı ilə AŞ PA deputatlarına, eləcə də beynəlxalq ictimaiyyətə çatdırılması baxımından qurumun alt komitəsi özünəməxsus mühüm rol oynayacaq.

 

 

Rasim BAYRAMOV

 

Azərbaycan.- 2011.-9 fevral.- S. 6.