Xəzərin layla çaldığı kənd

 

Sabunçu rayonunun mərkəzindən 16 kilometr şimalda yerləşən bu kənd həm də Abşeronun qədim yaşayış məskəni hesab olunur. Nardaran sözünün mənşəyi ilə bağlı müxtəlif fikirlər var. Ərəb dilində "Nar" sözü "od", "atəş", "dar" isə "böyük ev", "yer", "məkan" mənalarında işlədilir. "Nardaran" toponimi "narlıq", yəni "nar əkilən yer" kimi və ya "nər", yaxud "çoxlu dəvə saxlanan yer" mənasında da izah edilir. Nardaran kəndi ərazisinə görə bir neçə məhəlləyə bölünür. Bunlara aşagıdakılar daxildir: 1. Ağa məhəlləsi (Şeyx Məhəmməd Əmin məhəlləsi). 2. Qum məhəlləsi. 3. Qənbər məhəlləsi. 4. Paçan (yəni, piyada gəzilən yer). 5. Marağazi (yəni, ilan mələyən yer). 6. Qalagah (dəniz qırağına yaxın yer). 7. Qədəmgah (Nardaran qalasından aşağı yer). 7. Ərəri (dənizlə əhatə olan ərazi).

XIX əsrdə Abşeronda baş verən təbii fəlakət nəticəsində Maştağa və Nardaran kəndlərindəki təsərrüfata ziyan dəyir, xeyli sakin həlak olub. Bütünlüklə kəndin ətrafı isə quma qərq olub. Bu zaman kənddə insanların həyatı üçün təhlükəli vəziyyət yaranıb. Fəlakətdən təşvişə düşən kənd ağsaqqallarının bir qrupu yaranan vəziyyətlə əlaqədar Bakıdakı rus komendantlığına, sonra isə Qafqaz canişinliyinin mərkəzi olan Tiflis quberniyasına məlumat verib. Ehtimal edilir ki, XIX əsrin 80-ci illərində rus qubernatorluğunun əmri ilə indiki Binə ərazisi nardaranlılar üçün əkin yeri təyin edilir. Əhali yeni salınan ərazidə əkinçilik və bağçılıqla məşğul olur, həyətlərdə əncir, üzüm, qara tut yetişdirməyə başlayır.

Nardaran kəndi münbit torpaq sahəsinə malikdir. Hələ 700 il əvvəl Abşeronun Nardaran kəndində zeytun əkilməsinə başlanılır. Bu yerlərin sakinlərinin fikrincə, yalnız Bakının Nardaran kəndində yağlı və tərkibi minerallarla çox olan zeytun bitkisinə rast gəlinir. Abşeronda zəfəranın vətəni Nardaran hesab olunur, desək yəqin ki, yanılmarıq. Abşeronun qızıldan qiymətli bitkisi olan zəfəran hələ ötən illərdən etibarən Nardaran torpağında böyük zəhmət hesabına yetişdirilib. Nardaranın cənub hissəsində "Kuladuzu", yəni "şoran duz" adlı ərazidə nardaranlılar bir vaxtlar zəfəran əkərdi. Böyük Vətən müharibəsindən sonrakı illərdə, yəni 1958-60-cı illərdə dövlət tərəfindən bu bitkinin becərilməsinə çox diqqət yetirilərdi.

Kənddə ta qədimdən kişilər daşyonma və bənnalıq, qadınlar isə toxuculuq və xalçaçılıqla məşğul olub. II Dünya müharibəsi başlanarkən sənətkarlığın bu sahələrinə diqqət azalıb. Kəndin kişiləri cəbhəyə yollanıb. Qadınların ev, məişət qayğıları ilə birgə ağır yeraltı işlərdə çalışması onlar üçün dözülməz həddə çatıb. Nardaranda yaşayan Əkbər adlı şəxs qadınların çətin vəziyyətini gördükdən sonra kənddə toxuculuq sexi açmağa nail olub. Ətraf kəndlərdən - Bilgəhdən, Maştağadan, Kürdəxanıdan, Zabratdan gələn qadınlar da bu sexdə xalça-palaz, kilim toxuyardılar. Qeyd edim ki, o illərdə nardaranlı xanımların toxuduqları xalılar mahir ustalıqla seçilərdi. Qız-gəlinlərin zərif əllərinin hərarəti çeşid-çeşid toxunan xalılarda öz əksini tapardı. Ötən əsrin 50-ci illərində böyük ölçüdə Nardaran xalçası toxunmuşdu. Sonradan həmin xalça keçmiş Lenin adına muzeyə hədiyyə edilib. Nardaran kəndində xalçaçılıq sexi indi də fəaliyyət göstərir.

Nardaran həm də qədim abidələri ilə məşhurdu. Bu abidələrdən biri Xan hamamı adlanır. 1388-ci ildə memar Kəstasif Musa oğlu tərəfindən inşa edilib. Kənddə XIX əsrə aid edilən hamamların üzərində Şərq memarlığına məxsus günbəz tikilib. Səfəvilər dövlətinin hakimiyyəti dövründə indiki Cümə məscidinin qərbində Hacı Abbas hamamı tikilib. Təəssüf ki, həmin hamam laqeydlik nəticəsində sonradan söküntüyə məruz qalıb. Vaxtilə Nardaran pirinin ətrafında hamam olsa da, bu tikili də sonradan dağıdılıb. Yalnız 1920-ci ildə arxeoloqlar tərəfindən köhnə hamamın ərəb dilindəki daş kitabəsi aşkar edilib. Ərəb dilində olan həmin daş kitabədə yazılıb: "Bu pak və təmiz imarətin tikilməsinə sədr əl-möhtəşəm Xacə Zeynəddin ibn mərhum Domğanlı Mövlanə Şəhabəddin - Allah ona rəhmət eləsin-əmr etdi" (miladi tarix 1388-ci il). Güman etmək olar ki, Nardarana qədəm qoyan zəvvarlar vaxtilə elə bu hamamdan da istifadə ediblər.

Kəndin tarixi abidələrindən biri də Hacı Baxış (el arasında Həci Baxşı adlanır) məscidi hesab olunub. Hacı Baxış məscidi 1663-cü ildə memar Murad Əlinin rəhbərliyi altında inşa edilib. Bu məscid eyni ilə Şirvanşah saray kompleksinə oxşayır. 1868-69-cu illərdə isə Hacı Baxış məscidi Kərbəlayi Məmmədqulu tərəfindən bərpa edilib. Burada giriş baştağdan ibarət olmaqla, dörd sütunla əhatələnib. Məscidin digər otaqları isə tağvari tavanla birləşib. Tavan 4 pəncərə ilə əhatələnib. Burada canamaz qoymaq üçün 2 kiçik oyuq da vardır. Məsciddə hücrələri xatırladan künc hissədəki kiçik pəncərələr isə otağı işıqlandırmaq məqsədilə nəzərdə tutulub. Məscid şəbəkəli 6 pəncərə ilə də əhatələnib. Buradakı 2 kiçik oyuq şam yandırmaq və ya canamaz qoymaq üçün istifadə olunub. Ehtimal etmək olar ki, nə vaxtsa məscid tikintisi yarımçıq qaldığından həmin tikili də günbəzlə örtülməmişdi. Ağa məscidi isə miladi tarıxlə 1675-ci ildə düzbucaqlı formada inşa edilib. 4 sütunla əhatələnən məscidin döşəmədən tavana qədər hündürlüyü 6, günbəzədək isə 9 metrə çatır.

Repressiya illərində Ağa məscidindən kolxoz anbarı kimi istifadə edilib. 1987-ci ildə Ağa məscidi yerli sakinlər tərəfindən bərpa olunub. Qənbər məhəlləsində yerləşən Qulaməli məscidi hicri tarixlə 1310-cu ildə inşa edilib. Sovet dövründə məsciddən uşaq bağçası, anbar kimi istifadə olunub. Qulaməli məscidi 1988-ci ildə yerli sakinlər tərəfindən bərpa edilib. Ağa məhəlləsində yonulmuş sal daşdan tikilən Cümə məscidi də yerləşir. Bu məscid 1837-ci ildə inşa edilib. 1937-ci ildə Cümə məscidinin qapısı bağlanmış, kolxoz anbarına çevrilmişdi. 1996-cı ildə bu məscid bərpa olunaraq dindarların ixtiyarına verilmişdir.

1660-1661-ci illərdə tikilən Nardaran karvansarası ölkə əhəmiyyətli tarıxi abidə hesab olunur. Yüksək təpədə yerləşən Nardaran qalası dairəvi qüllədən, dördguşəli qala divarlarından ibarətdir. Tikilidə inşa edilən qüllənin hündürlüyü 12 metrdir. Qalanın üzərindəki kitabədə ərəbcə yazılıb: "Mahmud ibn Sədin əməlidir". Yəqin ki, qalanı tikən memarın adıdı. Həmin memarın isminə İçərişəhərdəki və Bibiheybətdəki məscidlərin də daş kitabələrində rast gəlinib. Qalanın ətrafında müdafiə istehkamları da vardır. Müdafiə tikilisinin ətrafının 4 tərəfində ocaq qalamaq üçün kiçik oyuqlara da rast gəlinir. Qəribəsi odur ki, burada müdafiə üçün qurulan istehkamlarının sayı 99-a çatır. Hazırda arxeoloqlarımız tərəfindən Nardaran qalasında böyük qazıntı işlərinin aparılmasına ehtiyac var.

Abşeronun Nardaran kəndində yerləşən Şirvanşah hökmdarlarının yay iqamətgahı XV əsrin əvvəlinə aid edilən saray mülkinə daxildir. Vaxtı ilə Xan bağının böyük sahəsində meyvə ağacları, yaşıllıqlar salınmışdı. Nardaranın mülayim iqlimi, dəniz sahilində yerləşməsi Xan bağını füsunkar etmişdi. İsti yay günlərində Şirvanşah hökmdarının ailəsi də Xan bağına istirahət etmək məqsədilə gələrdi. Tarixçilər Xan bağının inşa edilməsini XV-XVI əsrə aid edir. Xan bağı əsas binadan, bir neçə köməkçi tikilidən, hovuz və su quyusundan ibarətdir. Kvadrat formaya malik olan tikilinin künc hissəsində isə kiçik otaqlar yerləşir. Həmin kiçik otaqların üzəri isə günbəzlə örtülüb. Ötən əsrlərdə bağda divanxananın, hamamın mövcudluğunu, Xan bağındakı tikilinin ətrafına səpələnən daşlar da sübut edir. Xan bağı 3 nəfəslik, 4 böyük sütun ilə əhatə olunub. Burada 4 hücrənin tən ortasında isə su hovuzu yerləşir. Yerli sakinlərin bu hovuza daxil olan suyun mənbəyinin haradan gəldiyi haqqında məlumatı isə yoxdur. Deyilənə görə, vaxtı ilə Xan bağından yeraltı yollarla Nardaran qalasına getmək olardı. Qalanı bağla birləşdirən yol güman etmək olar ki, düşmən hücumundan qorunmaq məqsədilə salınmışdı. Cənnət məkanı xatırladan bağ mavi dənizlə də əhatə olunub. Dənizin sahili isə qədim Tunc dövrünə (yəni, eradan əvvəl IV minilliyin sonu, III minilliyin əvvəllərinə) aid edilən Ümidqayasına daha yaxındır. Yaşayış üçün inşa edilən bina 2 mərtəbəli mülk formasındadı.

Xan bağı haqqında tarixçi alim İ.P.Şeblıkin 1943-cü ildə yazıb: "Binanın mərkəzi hissəsindəki günbəz tağvari örtülüb. Xaricdən diqqət edərkən günbəz Şirvanşahlar sarayının məscidinin günbəzinə oxşayır. Divarlara baxarkən buradakı qazılmış oyuq yerlərini, binanın təməl yerini görmək olar".

Nardaran kəndindəki 4 qədim qəbiristanlıq kəndin tarixindən xəbər verir. Nardaranlıların "Qədəmgah" adlandırdığı ərazi tarixi keçmişə malikdir. Vaxtı ilə sakinlərin suya olan tələbatını nəzərə alan uzaqgörən insanlar burada 3 su ovdanı qazdırıb. Bu ovdanlar onların sahibi olan Kəblə Ələsgərin, Şeyx Məhəmmədin və Əmin Ağanın adları ilə də kənddə tanınır. Ərazidəki Kəblə Ələsgər ovdanı böyük olsa da, Şeyx Məhəmməd və Əmin Ağa ovdanları isə nisbətən kiçikliyi ilə seçilir. Yayın qızmar çağında bu ovdanların suyundan içməklə sərinlik tapmaq olar. Ötən əsrlərdən başlayaraq Nardaran pirinə, yəni burada dəfn olunan Rəhimə xanımın ocağına gələn zəvvarlar ovdanların yanında ayaq saxlayar, dincələrdilər.

Nardaran kəndində VII imam Museyi Kazımın qızı Rəhimə xanımın dəfn olunduğu müqəddəs pir yerləşir. Mənbələrin məlumatına görə, Məhəmməd (s.ə.s) Peyğəmbərin ölümündən sonra ailəsinə təzyiqlər başlanarkən, bu pak ailədən olan İmam Rza Xorasan şəhərinə, bacısı Hökümə xanım Bakıdakı Bibiheybət ərazisinə, Museyi Kazımın digər qızı Rəhimə xanım isə Nardaran kəndinə pənah gətirib. Bakının Nardaran kəndinə imam ailəsindən olan Rəhimə xanım da ailəsi ilə birgə gəlmişdir. Rəhimə xanım vəfat etdikdən sonra Nardaranın yerli sakinləri müqəddəs xanımı böyük ehtiramla dəfn edib, məzarını isə ocaq-pir kimi qoruyub. Sonradan təbii fəlakət nəticəsində həmin müqəddəs pir torpağın altında qalıb. Ehtimal edilir ki, XIII-XIV əsrlərdə Xəzər dənizinin suyu çəkilərkən kəndin şimalında boşluq yarandığından, şimaldan gələn küləklər ərazini quma qərq etmişdir. Sonradan kənd sakinləri qazıntı işləri apararkən, dəniz kənarında qumların altından müqəddəs piri aşkar ediblər. Memarlıq baxımından tarixçilər aşkar olunan həmin türbəni XII-XIII əsrlərə aid edib. Vaxtı ilə Şirvanşahlar dövlətində üçüncü şəxs hesab olunan böyük sədr Xacə Hacı Həmzə ibn Qutlu Mahmud məscidin inşasına yardım etmişdir. Burada dəfn olunan qəbirin başdaşında Şeyx Sədi, Şeyx Xoda Pulad adlarına da rast gəlinir. Məscid düzbucaqlı formada tikilsə də, türbə tağvari tavanla əhatə olunub.

 

 

Təranə CƏBİYEVA,

Tarixçi

 

Azərbaycan.- 2011.-9 fevral.- S. 7.