Yevlax-Gəncə avtomobil yolunda tikinti işlərinin gedişi ilə tanışlıq

 

Azərbaycan Prezidenti İlham Əliyev Gəncəyə səfəri çərçivəsində fevralın 9-da Bakı-Gürcüstan sərhədi avtomagistralının bir hissəsi olan Yevlax-Gəncə yolunda tikinti işlərinin gedişi ilə tanış olmuşdur.

Nəqliyyat naziri Ziya Məmmədov dövlət başçısına 50 kilometr uzunluğunda olan Yevlax-Gəncə avtomobil yolunun genişləndirilməsi layihəsində nəzərdə tutulan yol qovşaqları, Yevlax-Gəncə və Gəncə dairəvi avtomobil yolu layihələri barədə məlumat verdi. "Yevlax-Gəncə avtomobil yolunun yenidən qurulması layihəsi" mövcud ikinci dərəcəli avtomobil yolunun və körpülərin yenidən qurulmasını və bərpasını, habelə podrat müqaviləsi çərçivəsində əldə olunmuş qənaətlər hesabına Gəncə şəhərinə şərq tərəfdən 7,2 kilometr uzunluqda birinci dərəcəli giriş yolunun yenidən qurulmasını nəzərdə tutur. Yolda 4 körpü, çoxsaylı keçidlər və dayanacaqlar tikilmiş, Kür çayı üzərindəki körpü bərpa edilmişdir.

Prezident İlham Əliyev dahi Azərbaycan şairi Nizami Gəncəvinin məqbərəsi istiqamətindəki körpüdə gedən yenidənqurma işləri ilə də tanış oldu, strateji əhəmiyyətli yolda işlərin vaxtında və keyfiyyətlə başa çatdırılması ilə bağlı tapşırıq və tövsiyələrini verdi.

 

 

AzərTAc

 

Azərbaycan.- 2011.-11 fevral.- S. 2.