Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsinə həsr olunmuş yazı müsabiqəsinin nəticələri açıqlanmışdır

 

Fevralın 10-da Beynəlxalq Mətbuat Mərkəzində "Kaspi" qəzetinin keçirdiyi Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsinə həsr olunmuş vətənpərvərlik mövzusunda bədii əsər və publisistik yazı müsabiqəsinin nəticələri açıqlanmış və qaliblər mükafatlandırılmışlar.

"Kaspi" qəzetinin baş redaktoru Natiq Məmmədli bildirmişdir ki, müsabiqənin məqsədi Mübariz İbrahimovun xatirəsinin əbədiləşdirilməsinə töhfə vermək, vətənpərvərlik mövzusunu geniş yaradıcı ictimaiyyətin diqqətində saxlamaqla kütləviləşdirməkdir.

"Kaspi" qəzetinin təsisçisi, filologiya elmləri namizədi, şair Sona Vəliyeva tədbirdə çıxış edərək başa çatmış müsabiqənin böyük əhəmiyyət daşıdığını söyləmişdir. Bildirmişdir ki, milli vətənpərvərlik mövzusunda yazılar bu günümüz üçün olduqca vacibdir. Mübariz İbrahimovun mənalı həyat yolu və böyük qəhrəmanlığı hər zaman təbliğ olunmalı və gənc nəsillərə çatdırılmalıdır. O, azərbaycanlı qürurunu, Vətən adını hər şeydən üstün tutaraq mənfur qonşularımıza gec-tez işğal altında inləyən torpaqları azad edəcəyimizi bir daha xatırlatmışdır. Biz fəxr edirik ki, belə vətənpərvər oğullarımız vardır.

Bildirilmişdir ki, müsabiqəyə ümumilikdə 86 əsər təqdim olunmuş, 3 qalib müəyyənləşdirilmişdir.

Xüsusi olaraq qeyd edilmişdir ki, müsabiqəyə təqdim olunmuş bütün yazılar yaxın vaxtlarda kitab şəklində nəşr olunacaqdır.

Təqdimat mərasimində Mətbuat Şurasının sədri Əflatun Amaşov, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli və başqaları "Kaspi" qəzetinin keçirdiyi bu müsabiqəni yüksək dəyərləndirmiş, belə tədbirlərin davamlı olmasını arzulamışlar.

Sonra qaliblər mükafatlandırılmışlar. Müsabiqənin 9 nəfərdən ibarət münsiflər heyətinin qərarına əsasən, Hafiz Mirzənin "Qeyrət" hekayəsi birinci, Zəkurə Quliyevanın "Ermənilərə tarixi dərs" məqaləsi ikinci, Valeh Məhərrəmlinin "Hünər" poeması isə üçüncü yerə layiq görülmüşdür. Müsabiqədə birinci, ikinci və üçüncü yerlərin sahiblərinə müvafiq olaraq 1000 manat, 500 manat və 300 manat məbləğində pul mükafatı və fəxri fərman verilmişdir. Bundan əlavə, 5 həvəsləndirici və 5 xüsusi mükafata layiq görülənlərin hər birinə 200 manat pul və fəxri fərman təqdim edilmişdir. Müsabiqəyə yazı təqdim etmiş bir məktəbli isə fəxri fərmana layiq görülmüşdür.

 

 

Azərbaycan.- 2011.-11 fevral.- S. 7.