Kürdəmir-Ucar magistral avtomobil yolunun yenidən qurulmuş 42 kilometrlik hissəsi istifadəyə verilmişdir

 

Azərbaycan Prezidenti İlham Əliyev fevralın 10-da Kürdəmir-Ucar magistral avtomobil yolunun yenidənqurmadan sonra istifadəyə verilmiş 42 kilometrlik hissəsinin açılışında iştirak etmişdir.

Dövlət başçısı yolun yenidən qurulması layihəsini, magistral avtomobil yolunun təmirdən əvvəlki və sonrakı vəziyyətini əks etdirən fotostendə baxdı.

Nəqliyyat naziri Ziya Məmmədov bildirdi ki, "Kürdəmir-Ucar magistral avtomobil yolunun yenidən qurulması" layihəsi Azərbaycan hökuməti ilə Dünya Bankı arasında imzalanmış saziş çərçivəsində maliyyələşdirilmişdir.

Yolun layihəsi və müsabiqə sənədləri Finlandiyanın "Finnroad Ltd" və "RRİ" firmaları tərəfindən hazırlanmış, müsabiqənin qalibi olan İtaliyanın "Todini Costruzioni Generali S.p.A" şirkəti ilə 2008-ci il oktyabrın 15-də podrat müqaviləsi imzalanmışdı. Tikintiyə texniki nəzarət işlərini isə Böyük Britaniyanın "Scott Wilson" firması yerinə yetirmişdir.

İkinci texniki dərəcəli yolun uzunluğu 42 kilometr, eni 15 metrdir. Magistral yolda yağış sularını ötürmək üçün 88 dairəvi və 16 düzbucaqlı boru qoyulmuş, 2 piyada keçidi və 3 körpü inşa edilmişdir.

Görülən işlərlə yaxından tanış olan Prezident İlham Əliyev inşaatçılarla görüşdü.

Sonra dövlət başçısı açılışı bildirən lenti kəsdi.

Prezident İlham Əliyev yenidənqurma işlərindən razılığını bildirdi, tövsiyə və tapşırıqlarını verdi.

 

 

AzərTAc

 

Azərbaycan.- 2011.-12 fevral.- S. 4.