ATƏT-in Minsk qrupunun həmsədrləri regiona son səfərlərinin yekunlarına dair bəyanat yaymışlar

 

ATƏT-in Minsk qrupunun həmsədrləri fevralın 8-11-də Bakı və Yerevana səfərlərinin nəticələri barədə bəyanat yaymışlar.

Bəyanatda bildirilir ki, həmsədrlər regiona səfərləri çərçivəsində ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsi A.Kaspşiklə İrəvanda Ermənistan prezidenti Serj Sarkisyan, xarici işlər naziri Edvard Nalbandyan və müdafiə naziri Seyran Ohanyan ilə, Bakıda isə Azərbaycan Prezidenti İlham Əliyev, xarici işlər naziri Elmar Məmmədyarov və müdafiə naziri Səfər Əbiyevlə görüşlər keçirmişlər.

Həmsədrlər həm Yerevanda, həm də Bakıda keçirilmiş görüşlərdə Dağlıq Qarabağ münaqişəsinin həlli üçün qətiyyətli addımlar atmağın vaxtı yetişdiyini vurğulamışlar. Həmsədrlər əmindirlər ki, 2010-cu ilin oktyabr ayında Həştərxan görüşündən sonra başlayan fəaliyyət nəticəsində münaqişənin həlli istiqamətində müsbət irəliləyişlər əldə olunmuşdur. Bununla əlaqədar həmsədrlər münaqişənin sülh yolu ilə həllində yeni mərhələyə keçmək üçün tərəfləri növbəti irəliləyişlər əldə etməyə çağırmışlar. Həmsədrlər münaqişənin sülh yolu ilə həlli üçün tərəflərin vacib qərarlar qəbul etmələrinə bütün dəstəyi göstərəcəklər.

Həmsədrlər sülhün əldə olunması üçün əlverişli mühit yaradılması məqsədilə münaqişə tərəflərinə bilavasitə yerlərdə və açıq bəyanatlarda dözümlülük göstərməyi, təmkin nümayiş etdirməyi tövsiyə etmişlər.

 

 

Elgün NİFTƏLİYEV,

AzərTAc-ın xüsusi müxbiri

Vyana

 

Azərbaycan.- 2011.-12 fevral.- S. 4.