Ölkənin yanacaq-energetika kompleksinin inkişafı ilə bağlı 6 il əvvəl qəbul olunmuş Dövlət Proqramı uğurla icra edilir

 

Azərbaycan qədim zamanlardan neft ölkəsi kimi tanınır. Keçmiş SSRİ kimi nəhəng ölkənin əsas neft təchizatçısı da Azərbaycan olmuşdur. İkinci Dünya müharibəsində neft məhsullarına artan tələbatı Azərbaycanın ödəməsini isə xüsusi qeyd etmək lazımdır. Lakin bütün hallarda neftdən Azərbaycan xalqı kifayət qədər faydalanmırdı. Sərvət, zəhmət bizim olsa da, xeyrini başqaları görürdü.

Yalnız Azərbaycan müstəqillik qazandıqdan sonra öz təbii sərvəti olan neftin əsl sahibinə çevrildi. Ümummilli lider Heydər Əliyevin qətiyyətli siyasəti nəticəsində 1994-cü ildən başlayaraq həyata keçirilən yeni neft strategiyası Azərbaycanın beynəlxalq iqtisadi sistemə inteqrasiyasında və ölkəyə xarici investisiyaların gətirilməsində mühüm rol oynamağa başladı. Ulu öndərin şəxsi təşəbbüsü və bilavasitə rəhbərliyi ilə Xəzər dənizinin Azərbaycan sektorundakı karbohidrogen yataqlarının işlənməsinə dair dünyanın nəhəng neft şirkətləri ilə bağlanmış "Əsrin müqaviləsi" ölkəmizin neft-qaz sənayesinin inkişafında yeni mərhələ oldu.

Bu gün ölkəmizin sosial-iqtisadi inkişafında yanacaq-enerji kompleksinin müstəsna rolu var. İndi bu kompleksin qarşısında duran əsas vəzifə "Əsrin müqaviləsi"ndən sonra qazanılmış uğurları möhkəmləndirməkdən, iqtisadiyyatın və əhalinin enerji resurslarına olan tələbatının daha dolğun ödənilməsini təmin etməkdən ibarətdir. Elə 6 il əvvəl qəbul olunmuş və hazırda uğurla icra edilən "Azərbaycan Respublikasının yanacaq-enerji kompleksinin inkişafı (2005-2015-ci illər) üzrə Dövlət Proqramı" da məhz bu məqsədə xidmət edir.

Dövlət Proqramında qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi dörd hissəyə bölünür: neft və qaz sənayesi, qaz təchizatı, elektroenergetika və yanacaq-energetika kompleksinin idarə olunması. Bu işlərin 41 faizi elektroenergetika, 39 faizi neft və qaz sənayesi, 14 faizi qaz təchizatı, 6 faizi yanacaq-energetika kompleksi üzrə həyata keçirilməsi nəzərdə tutulan tədbirlərdir.

Neft-qaz sənayesi üzrə tədbirlər geologiya, geofizika və geoloji kəşfiyyat, neft və qaz yataqlarının işlənməsi, neft və qaz hasilatı, neft və qaz emalı, texniki təhlükəsizlik və ekologiya istiqamətlərini əhatə edir. Elektroenergetika üzrə tədbirlər isə elektrik stansiyalarının inşasını, yenidən qurulmasını və əsaslı təmirini, yüksək gərginlikli elektrik şəbəkələrinin inkişaf etdirilməsini, Naxçıvan MR, Bakı və Sumqayıt regionları üzrə elektrik enerjisi təchizatının yaxşılaşdırılmasını, Gəncə, eləcə də Şirvan regionlarının elektrik şəbəkələrində görüləcək yenidənqurma və bərpa işlərini özündə birləşdirir.

Bu gün əminliklə demək olar ki, artıq proqramda nəzərdə tutulmuş həmin işlərin bir çoxu həyata keçirilmişdir. Reallaşdırılmış layihələrin ümumi həcmi 41 faizdən çoxdur. Digər layihələr üzrə işlər isə davam etdirilir. Onların nəzərdə tutulan vaxtda tam başa çatdırılacağı şübhəsizdir.

Proqramın icrası üzrə həyata keçirilmiş layihələrdən bir neçəsini qısaca qeyd etmək yerinə düşərdi. Məsələn, Neft Daşları yatağında 12 və Pirallahı yatağında 14 quyunun qazılması üçün özüllərin tikintisi başa çatdırılaraq istismara verilib. Eyni zamanda "Darvin bankası" yatağında 8 quyunun qazılması üçün özülün genişləndirilməsi və yenidənqurulması işləri həyata keçirilib. Qum-dəniz yatağında 5 quyunun qazılması üçün estakada meydançasının yenidənqurma işləri isə tamamlanmaq mərhələsindədir.

Dövlət Proqramında Abşeron yarımadasının ekoloji mühitinin sağlamlaşdırılmasına da xüsusi önəm verilir. Bu məqsədlə artıq bir çox işlər görülüb və qarşıdakı illərdə yeni layihələrin həyata keçirilməsi planlaşdırılıb. Ümumiyyətlə, bu sahə üzrə görülən işlər mütəmadi xarakter daşıyır və demək olar ki, bütün layihələr həyata keçirilərkən ekoloji problemlərə diqqət yetirilir. Yeri gəlmişkən qeyd edək ki, Abşeron yarımadasında uzun illər neft emalı prosesində əmələ gələn və Zığ gölünün şimal-qərb hissəsində yığılıb qalan təqribən 2 milyon kubmetr tullantının (qudrom və qumbrin) kərpic və sement istehsalında yanacaq kimi istifadə olunmasına dair təkliflər hazırlanaraq hökumətə təqdim olunub.

Həmçinin proqramın icrası çərçivsində ölkənin bölgələrinə qaz verilməsi layihələri uğurla həyata keçirilir. Hazırda statistikaya görə, Azərbaycanın 85 faiz əhalisi təbii qazdan istifadə edir. Təkcə ötən il 1558 kilometr qaz kəmərləri və 17 qazpaylayıcı stansiya əsaslı təmir edilmişdir. Bundan əlavə, 64 kilometr magistral, 536 kilometr regionlarda və 958 kilometr Bakıda qaz kəmərləri çəkilmişdir. Bu gün ümumilikdə ölkə üzrə əhali abonentlərinin sayğacla təmin edilməsi 98,2 faizə çatdırılmışdır.

Elektrik enerjisi sahəsinə gəldikdə isə qeyd edək ki, Dövlət Proqramının icrası ilə bağlı "Azərenerji" ASC üzrə 5 enerji blokunun yenidən qurulması hələ 2006-cı ilin fevral ayında başa çatdırılmışdır. 2009-2010-cu illər ərzində isə "Azərbaycan" İstilik Elektrik Stansiyasının 5 enerji bloku yenidən qurulmuşdur. Qalan iki blokun yenidən qurulması davam edir. Bu ilin birinci yarısında stansiyada yenidənqurma işlərinin başa çatdırılması nəzərdə tutulur.

Ümumiyyətlə, proqram çərçivəsində görülən işlərin sürəti deməyə əsas verir ki, sənəddə nəzərdə tutulan bütün layihələrin icrası vaxtında başa çatdırılacaq.

 

 

R.KAMAL

 

Azərbaycan.- 2011.-13 fevral.- S. 1.