Penitensiar sistemdə qanunçuluğun təmin edilməsində müsbət nəticələr əldə olunmuşdur

 

Fevralın 11-də Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin Baş İdarəsində xidmətin 2010-cu ildəki fəaliyyətinin yekunlarına həsr olunmuş Əməliyyat Şurası keçirilmişdir.

Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən AzərTAc-a bildirmişlər ki, ədliyyə nazirinin müavini, penitensiar xidmətin rəisi ədliyyə general-leytenantı Nazim Ələkbərov çıxışında demişdir ki, ötən ildə məhkumların saxlanma şəraitinin yaxşılaşdırılması, müasir beynəlxalq standartlara cavab verən yeni penitensiar müəssisələrin inşası, qanunçuluğun təmin edilməsi, nizam-intizamın möhkəmləndirilməsi, tabe qurumların fəaliyyətinə nəzarətin gücləndirilməsi, habelə nöqsanların aradan qaldırılması ilə bağlı müsbət nəticələr əldə olunmuşdur.

Azərbaycan Prezidentinin müvafiq Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan ədliyyəsinin inkişafına dair 2009-2013-cü illər üçün Dövlət Proqramı", "Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya və onun həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planı", İnsan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının və digər vacib sənədlərin icrası daim nəzarətdə saxlanılmış, müvafiq tədbirlər görülmüşdür.

Ötən il martın 17-də və dekabrın 29-da Prezident İlham Əliyevin imzaladığı əfvetmə haqqında sərəncamlar vaxtında və dürüst icra edilmişdir. Nəticədə 155 məhkum azadlığa buraxılmış, bir məhkumun ömürlük həbs cəzası 20 il müddətinə azadlıqdan məhrumetmə ilə əvəz olunmuşdur. 2010-cu il noyabrın 7-də Milli Məclisə keçirilmiş seçkilər penitensiar müəssisələrdə müvafiq qanunvericiliyə uyğun sərbəst, şəffaf şəraitdə keçirilmiş, məhkumlar və Penitensiar xidmətin kollektivi ən layiqli namizədə səs vermişlər.

Ötən ildə məhkumlardan və digər şəxslərdən 1302 manat pul, 164,5 litr qıcqırdılmış maye, 740 qram narkotik maddə, 81 mobil telefon götürülmüş və qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər görülmüşdür.

Məruzədə nöqsanlara da toxunulmuş, onların aradan qaldırılmasına dair konkret tapşırıqlar verilmişdir. Törədilmiş cinayətlərlə hüquqi və fiziki şəxslərə vurulmuş maddi ziyanın məhkumlar tərəfindən ödənilməsi işinin səmərəliliyinin daha da artırılması aidiyyəti xidmət sahələrindən tələb olunmuşdur. Ötən il xidməti vəzifələrinin icrası zamanı nöqsanlara yol verdiklərinə görə 1 və 2 saylı xüsusi müəssisələrin rəisi vəzifələrini icra edən İ.Yunusov, A.Məmmədov, eləcə də Mühafizə alayının bir neçə bölük komandiri tutduğu vəzifədən azad edilmiş, bəzi əməkdaşlar ciddi intizam məsuliyyətinə cəlb edilmişlər.

Əməliyyat Şurasında Prezident İlham Əliyevin tapşırığına əsasən Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin sədrliyi ilə 2011-ci il yanvarın 27-də keçirilmiş Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın iclasında müzakirə edilmiş məsələlərlə bağlı qarşıda duran vəzifələr müəyyənləşdirilmişdir.

 

 

Azərbaycan.- 2011.-13 fevral.- S. 2.