Heydər Əliyev Fondunun dəstəyi ilə Gürcüstanın Qardabani rayonunun Qaracalar kəndində yeni məktəb binası tikilir

 

Gürcüstanın Kvemo Kartli-Borçalı bölgəsinin Qardabani rayonundakı Qaracalar kəndində yeni məktəb binası inşa olunur. Müasir standartlara uyğun tikilən bina yeni dərs ilinədək istifadəyə veriləcəkdir.

Qardabani Rayon Məclisi (Sakrebulo) sədrinin müavini Xanəhməd Qəribov bildirmişdir ki, Qaracalar məktəbinin binası Heydər Əliyev Fondunun dəstəyi ilə inşa olunur. Gürcüstandakı soydaşlarımızın sosial-iqtisadi durumunun yaxşılaşdırılmasını, təhsilin səviyyəsinin yüksəldilməsini daim diqqətdə saxlayan fondun xətti ilə son illər Gürcüstan azərbaycanlılarının məskunlaşdığı bölgələrdə bir çox məktəb binaları təmir olunmuş, yeni binalar tikilmiş, təhsil ocaqları lazımi kitablar, avadanlıqla təmin edilmişdir. Bütün qayğı və diqqətə görə gürcüstanlı soydaşlarımız fondun prezidenti Mehriban xanım Əliyevaya minnətdardırlar.

Qaracalar kəndində tikilən üçmərtəbəli məktəb binası müasir tipli fənn kabinetləri ilə təmin ediləcək və ayrıca idman meydançası da olacaqdır. Bölgənin qubernatoru David Kirkitadze tikintinin gedişi ilə tanış olmuş və məktəb binasının vaxtında istifadəyə veriləcəyini bildirmiş, təhsil ocaqlarının müasir tələblər səviyyəsində bərpa olunması, avadanlıqla təchizat məsələlərində göstərdiyi qayğıya görə Heydər Əliyev Fonduna təşəkkür etmişdir.

 

 

İslam Əliyev,

AzərTAc-ın xüsusi müxbiri

Tbilisi

 

Azərbaycan.- 2011.-13 fevral.- S. 2.